“Məqsədə çataq, sonra mükafatdan danışarıq” - Elxan Məmmədov

“Məqsədə çataq, sonra mükafatdan danışarıq” -  Elxan Məmmədov
ÖLKƏ FUTBOLU 18 May 2017 / 15:45 3251
-  A +

AFFA-nın baş katibi Elxan Məmmədovun müsahibəsi

- 23 yaşadək futbolçulardan ibarət milli komandamız Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında finala yüksəldi. Əvvəlcə bu barədə fikirlərinizi bölüşərdiniz.

- Milli komandamız bu gün yaxşı oyun nümayiş etdirdi. Maksimum məqsədə çatırıq artıq. Bizi kubokdan cəmi 1 oyun ayırır. Üstəlik keçirilən 4 oyunun heç birində qol buraxmamışıq. Bu da sevindirici haldır. Komandamızın hər bir üzvünün bunda rolu var. Amma qapıçı və müdafiə xəttini xüsusi qeyd etmək lazımdır. Bu gün millimiz Əlcəzairə qarşı açıq oyun sərgilədi. Rəqibin də qol vurmaq şansı vardı. Amma yekunda inamlı qələbə qazandıq. Bütün azarkeşləri təbrik edirəm.

- Komandamıza AFFA tərəfindən də xüsusi mükafat ayrılacaq?

- Bəli, komandaya İslam Oyunlarındakı çıxışına görə AFFA tərəfindən də mükafat ayrılacaq. Amma gəlin tələsməyək. Əvvəl məqsədə çataq, sonra mükafatdan danışarıq.

- Mərakeş və Əlcəzairlə oyunlardan sonra rəqib komandanın üzvləri hakimlikdən şikayətlənirlər. Onların bu narazılığı nə dərəcədə əsaslıdır?

- Bizə heç kim yaxınlaşıb hakimlikdən narazılıq etməyib. Hətta xaricilərdən biri bu gün vurduğumuz üçüncü qolun qaydalar çərçivəsində olduğunu göstərdi.

- Bu gün milli komandamız vacib görüşə çıxsa da, tribunalarda kifayət qədər boş yer var idi. Halbuki biletlərin hamısının satıldığı deyilir. Bu məsələ ilə şəxsən maraqlanmısınız?

-  İslam Oyunlarının Təşkilat Komitəsinin meneceri ilə danışdım. Mən də 20 bilet almaq istəyirdim. Amma bütün biletlərin satıldığı deyilir. Bu halda tribunaların boş olması qəribədir. Bəlkə də bugünkü azarkeş yoxluğu vaxta görədi. Üstəlik iş günüdür də.

- Finalda rəqib qismində Kamerunu görmək istərdiniz, yoxsa Omanı?

- Daha zəifini (gülür).

- Əsas millimiz Avstriya toplanışına nə vaxt yollanacaq?

- Ayın 20-si komanda Avstriyaya gedəcək və iyunun 5-də geri dönəcək.

- Riçard Almeyda ilə bağlı FIFA-dan cavab gəlib?

- Hələ cavab gəlməyib. Gözləyirik. Xahiş etmişik ki, bu məsələyə mümkün qədər tez baxsınlar. 4 həftə ərzində cavab olmalıdır. Yəni iyunun 5-nə qədər cavab gözlənilir.


Mənbə: futbolxeber.az

Daha çox


Son xəbərlər