“Bakıya 2 həftəlik ziyarətim 18 ildi qurtarmayıb, davam edir” – Əmrah Çəlikəl

“Bakıya 2 həftəlik ziyarətim 18 ildi qurtarmayıb, davam edir” –  Əmrah Çəlikəl
ÖLKƏ FUTBOLU 15 May 2017 / 18:50 3853
-  A +

Klub idarəçiləri ilə komanda arasında körpü rolunu oynayan, uzun illərdi Azərbaycanda yaşayan, lakin heç vaxt daxili dünyasına baş vurulmayan Əmrah Çəlikəl "Qarabağ"ın əsl “görünməyən qüvvə”sidi. Qəhrəmanımızla söhbət klubun bazasında baş tutdu...


-  Əmrah bəy, uzun müddətdir Azərbaycanda yaşasınız, “Qarabağ”da çalışsanız da, geniş təqdimatınız, demək olar, olmayıb. Elə isə vaxt itirməyək bunu özünüzünüzdən eşidək...

- 1976-cı ilin martın 24-də Ankara şəhərinin Poladlı rayonunda dünyaya gəlmişəm. Atam bank işçisi olub. Bu üzdən tez-tez məskunlaşdığımız yeri dəyişmişik. Təsadüfi deyil ki, orta təhsilimi 3 müxtəlif məktəbdə almışam. Ümimiyyətlə, həyatımız Ankarada keçib. Buraya gələnədək orada yaşamışam.

-  Bura gəlişiniz necə alınıb?

-  Atam Bakıda idi, “Azərsun Holdinq”da çalışırdı. Ona iki həftəlik baş çəkməyə gəlmişdim. Həmin vaxt Ərciyyə Universitetini bitirmişdim. İxtisasım idman müəllimi idi.

- Orta məktəbi necə xatırlayırsınız? Oxuyan olmusunuz?

-  Bəli. Ümumiyyətlə, basketbolçu olmuşam, 10-12 il oynamışam. İdmançı olduğumuza görə bizə güzəştə gedilirdi. Qardaşımla birgə idmançı kimi böyümüşük.

- Ailədə iki qardaşsınız?

-  Bir bacımız da var. Övladlar arasında ortancılam. Qardaşım məndən böyükdü.

- Bakıda qalmağınız necə oldu?

-  Atam hələ universitetdə oxuduğum dövrdə buraya işləməyə gəlmişdi. Onunla Bakıda bir müddət vaxt keçirmək istəyirdim. Bunu 2-3 həftə nəzərdə tutmuşdum. Onları ziyarətə gələndə evdə bir az darıxdım. Atam təcrübə keçməyimi tövsiyə etdi. Nəticədə həmin vaxt, hələ 90-cı illərin sonunda “Azərsun”da satış departamentində staj keçməyə başladım. Bu, qida məhsullarının satışı ilə bağlı idi. Həmin 2 həfətlik Bakı ziyarətim hələ də qurtarmayıb, davam edir (gülür).

- Gəlişinizin bu qədər uzunmüddətli davam edəcəyini gözləyirdinizmi?

-  Maraqlı bir müşahidəm var: Türkiyədən Azərbaycana gələn insanlar bura öyrəşirsə, gedə bilmirlər. Öyrəşməsə isə burda 1 aydan çox qala bilmir. Ya tez getməlisən, ya da getməməlisən (gülür). Uzun müddətdir buna fikir verirəm ki, dediyim kimi alınır. Əlbəttə, biz burada bir çox şeyləri mənimsədik. Bir də ətraf mühitin rolu çox böyükdü. Biz azərbaycanlı dost-qardaşlarımızın əhatəsində olduq və onlar doğrudan da vətənimizdə, doğma torpaqlarımızda olduğumuzu bizə hiss etdirdilər. Müəyyən vaxtı – 1-2 il Türkiyə üçün darıxırdım. Ancaq bundan sonra  Türkiyəyə gedəndə Azərbaycan üçün darıxmağa başladım. Bura gələndə 22 yaşım vardısa, artıq 40 yaşına qədəm qoymuşam. Həyatımızın böyük hissəsi, ağlımızın kəsən vaxtları Azərbaycanda yaşamışıq. Demək olar buralıyıq.

- Qardaşınız, bacınız da burda yaşayır, yoxsa Türkiyədə?

- Tək mən burda yaşayıram. Bacım da bura yaşadı, ali təhsil ocağına qəbul olundu, sonra İstanbul universitetinə keçid aldı. Qardaşım isə Türkiyədə öz ticarət işləri ilə məşğul olur.

- Atanız “Azərsun”da nə qədər çalışdı?

- O, bura 1997-ci ildə gəldi, mən 1998-də. Hardasa 6-7 il bir yerdə işlədik. Daha sonra tam fərqli yerlərdə, başqa ölkələrdə çalışdı. 2008-ci ildə təkrar Azərbaycana gəldi. 2012-13-cü ildə artıq təqaüdçü oldu.

 

“Basketbolçu olsam da, “Qarabağ"da basketbol komandasının olması yalnız şəxsi istəyim, xəyalım ola bilər”




- Dediniz ki, basketbol oynamısınız. Olmaya kapitanınız Rəşad Sadıqovu da o vaxt basketbol oynamağa siz göndərmişdiniz?

-  (gülür) Yox. O vaxt biz Rəşadla tanış deyildik. Amma o zaman da böyük həvəslə Sadıqovu izləyirdim.

- Maşallah, boyunuz da hündürdü. Sizə tanımayan insan deyə bilər ki, ya basketbolçu, ya da voleybolçusunuz...

- Ya da qapıçı (gülür). Ola bilər. Onu deyim ki, nəslimizdə idmançı olmayıb. Bizim olduğumuz mühitdə o vaxt basketbola çox böyük maraq vardı. Ətrafımın, əsas da qardaşımın təkidi ilə basketbola başladım. İdman həyatı doğrudan da çox yaxşıdı. İstərdim ki, bütün valideynlər övladlarının bir idman növü ilə məşğul olmasına nail olsun. Çünki bu, uşağını bütün pis vərdişlərdən, pis insanlardan qoruyur, uzaq tutur. Valideynlərimiz bizi idmana bu fikirlə yönləndirmişdi.

- Basketbolçuluq sizdə yaxşı alınırdımı? Hansı mövqedə oynayırdınız?

- Hücumçu idim. Ankara yığmasında, “Türk Telekom”da çıxış etmişəm.

-  “Qarabağ” peşəkar futbol yox, idman klubu olsaydı, baskebol komandasının da olmasına təşəbbüs göstərərdiniz? Hər halda, bu sahə sizə doğmadır...

- Bu, bəlkə də şəxsi istəyim, xəyalım ola bilər. Ancaq mən bu gün futbola daha çox bağlanmışam, nəinki basketbola. Düzdür, uzun müddət basketbola bağlı olmuşam. Ancaq bu gün şərait ancaq futbolla məşğul olmağıma imkan verir. Bu da bizə kifayət edir.

- Bu yaxında “CBC Sport”un baş direktoru Volkan Üstün qonağı olduq. Maraqlıdır ki, o da ankaralıdır. Münasibətləriniz necədi?

- Volkan bəylə yaxşı münasibətimiz var. Həmşəhərliyik, ortaq tanışlarımız da var. Bura gəldiyi gündən görüşürük, münasibətlərimiz çox yaxşıdı. İşində də peşəkar insandı. Əlbəttə, görüşəndə Ankaranı da, keçmişi də yad edirik. Yaşlarımız çox yaxın olmasa da, bir-birimizə yaxın bölgələrdə böyümüşük.

 

“Tahir Gözəl “Qarabağ”da işləmək təklifini düşünmədən verdi, mən də düşünmədən qəbul etdim”



- “Qarabağ”da AFFA İcraiyyə Komitəsinin də üzvü olan Əli Rəsulovu əvəzlədiniz. Həmin dövrü xatırlayaq. Təklif necə oldu, futbol həyatınız necə başladı?

-  2003-cü il idi. “Azərsun” Qazaxıstanda nümayəndəlik açmışdı və orada işlərimiz yaxşı alınmadı. Bakıya qayıtdım və Tahir Gözəllə işləməyə başladım. Bir görüşümüzdə Tahir bəy məndən soruşdu ki, hansı universiteti bitirmisən, hansı işləri görə bilirsən. Özüm haqda ona məlumat verərkən idman akademiyasını bitirdiyimi qeyd etdim. Tahir bəy “Qarabağ”a yeni vitse-prezident təyin olunmuşdu. Heç düşünmədən klubda işləməyimi təklif etdi. Əlbəttə, mən də heç düşünmədən qəbul etdim. Deyə bilərəm ki, hər şey təsadüf nəticəsində alındı. Tahir bəy klubda işləməyimi məsləhət gördü, mən də bunu qürurla qəbul etdim.

- Türkiyədə idman sahəsi ilə bağlı işləməyi planlaşdırırdınız?

- Açığı, yox. Universiteti bitirən kimi bura yola düşdüm. Düşünməyə vaxtım da olmayıb. Qərar da verməmişdim. Bizim akademiyanın məzunları daha çox idman müəllimləri kimi çalışırdılar. Bilirdim ki, mən həmin istiqaməti tutmayacam. Bəlkə də bunun daha çox təsiri oldu ki, Bakıya işləməyə gəldim. “Azərsun Holdinq” doğrudan da böyük bir məktəbdi. Universitet müəyyən şeyləri öyrədir. Ancaq “Azərsun”da çalışanların hamısı buna şahiddi ki, böyük bir universitetdi. Sadə işçisən, sıfırdan başlayırsan. Yüksək vəzifəyə də qalxa bilərsən, ortada da qala bilərsən, aşağı düşə də. Digər şirkətlərdə işləməmişəm, ancaq onu deyə bilərəm ki, “Azərsun”da nə edirsənsə, özünə edirsən. Çünki qarşın həmişə açıqdı.

- Türkiyə ilə Azərbaycan nə qədər yaxın ölkələr olsa da, dillərdə fərq var. Dil səddini necə aşa bildiniz?

- Bunun çətinliyini çəkmədiyimi desəm, yalan olar. Müəyyən dövr sadəcə, qulaq asırdım. Bəlkə də 1 ilə yaxın çox az danışdım. İki ildən sonra Türkiyəyə gedəndə artıq ordakıların bir-biriylə necə danışdıqlarına qulaq asırdım ki, ona uyğunlaşım. Bir də ailəmiz Türkiyənin  Doğu hissəsindəndi. Bir çox adət-ənənələr buraya yaxındı.

“Oğlanlarım Bakıda türk liseyində oxudular, indisə ailəm Türkiyədə yaşayır”



- Siz bir ailədən danışdınız. Bəs Əmrah Çəlikəlin öz ailəsi haqda nə məlumat ala bilərik?

- Evliyəm, 2 oğlum var. Allah bütün övladları saxlasın. Böyük oğlum Bərşan 15 yaşındadı. Kiçik oğlum Bərdan Bakıda anadan olub. O, 10 yaşının içindədi.

- Burda oxuyurlar?

- Burda oxudular, artıq Türkiyəyə gediblər. İndi orda yaşayırlar.

- Ailədən kənarda qalmaq çətin deyil?

- Ya onlar, ya da mən gedirəm. Bir arada olmağa çalışıram ki, onlara bir töhfəm olsun. Oğlanlarım Azərbaycanda türk liseyində oxudular. Ordakı müəllimlərin böyük əksəriyyəti Türkiyədən gəliblər.

- Oğlanlarınızdan idmana bağlı olan varmı?

-  Böyük oğlum basketbolçudu. Onun da boyu hündürdü. Kiçik oğlum isə hələ seçim etməyib.

- İstərdiniz ki, oğlunuz futbolçu olaydı və Çəlikəl soyadı “Qarabağ” futbolçu kimi də səslənəydi?

- “Qarabağ”a faydalı olmağım üçün əlimdən gələni etməyə çalışıram. Sadəcə, mən yox, kubumuzda hamı. Bəlkə də burda ən az işi mən görürəm. Çox güclü heyətimiz var. Oğluma gəlincə, onun bir idman növü ilə məşğul olmasını istəyərdim. Bunu daha çox valideyn kimi çox istərdim ki, bir idmançı tərbiyəsi ilə böyüsün, komanda idman növü ilə məşğul olsun, kollektivin bir parçası olsun.  “Qarabağ”a xeyir verməyə qalanda, bu gün buranın çörəyini yeyirəmsə, ailəmi bura ilə dolandırıramsa, ailə üzvlərimdən hər hansı birisnin faydalı olacaq bir şey varsa, bunu canla-başla edəcək.

- Toyunuz harda olub?

- Türkiyədə. Ancaq həmin vaxt Azərbaycanda yaşayırdım.  Toy üçün Türkiyəyə getmişdim.

“Azərsun”da “Qarabağ”a bir otaq ayrılmışdı, indisə böyük bir bazamız var”

- “Azərsun”la “Qarabağ” bir-birindən fərqlidi. Klubla bağlı ilk təəssüratlarınız necə oldu?

- Bildiyiniz kimi, o vaxt Azərbaycan 1 il avrokuboklardan kənarda qalmışdı. AFFA rəhbərliyində köklü dəyişiklər olmuşdu, Ramiz Mirzəyev prezident postuna gəlmişdi. Bu, idmana, futbola olan sərmayələrın qoyulmaya başladığı bir vaxt idi. “Azərsun Holdinq”də “Qarabağ”ın bir otağı vardı. Şirkətin baş ofisindəki otaqlardan biri klub üçün ayrılmışdı. Fəaliyətimizi orada davam etdirdik. Sonra otaqların sayı 2 oldu. Ardından bizə ayrı ofis verdilər. Mərkəz ofisin arxasında kiçik bir meydança vardı. Komanda müəyyən məşqlərini orda etməyə başladı. Daha sonra “Ruslan-93“ü icarəyə götürdük. Nəhayət, artıq bir müddətdi  öz bazamız var. Göründüyü kimi, 1 otaqdan böyük bazayadək yolumuz keçdi. “Qarabağ”ın bir idarəetmə sistemi var.

- Bunun özəlliyi nədi?

- Qurban Qurbanovun qurduğu məşqçi, bizimki isə idarəetmə sistemi. Burda olan hər kəs mənim kimi “Azərsun Holdinq”dən gələn yoldaşlardı. Mənim kimi oranın fəlsəfəsini, iş əxlaqını öyrənəndən sonra bura gəlirlər. Yadınızdadırsa, uzun müddət çempion ola bilmirdik. İlk titulumuzu 2006-cı ildə Böyükağa Ağayevlə qazandıq. Bu, ölkə kuboku idi. 2009-cu ilədək heç nə qazana bilmədik. Burda böyük səbr, iş yükü olub Azərbaycan şəraitində. Ona görə belə deyirəm ki, burda klublar pul qazanmır. Yalnız sərmayə qoyursan və qarşına nə çıxacağı bəlli deyil. Şükürlər olsun ki, bizim sponsor o fədakarlığı, səbri bizə göstərdi. Biz bunun nəticəsində sonda məqsədimizə çatdıq.

- “Qarabağ”ı hələ 2001-ci ildə himayəyə götürən “Azərsun” ilk çempionluğu 12 il gözləməli oldu...

-  Əlbəttə! Biz sadəcə, 12 ildən sonrakı nəticələr üçün işləməyə başladıq. Bu, səbrlə, inamla gəldi.

- “Qarabağ” sanki klublara bir mesaj göndərdi ki, baxın, Qurban Qurbanov necə il çempion olmadı, ancaq biz bu baş məşçqçyə inandıq, yolumuza davam etdik. Sanki bir ağac yetişdirirdik, indi onun şirin meyvələrini yeyirik. Doğrudanmı, baş məşqçinə belə böyük iman vardı ki, o, sonda komandaya çempionluq qazandıracaq?

- Əlbəttə! Klub rəhbərliyi, başda Abdulbari bəy, Tahir bəy olmaqla ilk gündən Qurban Qurbanovla söhbətimizdən sonra ona dəstək vermək qərarını verdi. Qurban müəllimdən əvvəlki baş məşqçilərimizə də dəstək olmuşuq. Əslində, bizim fəlsəfəmizlə hərəkət edəcək baş məşqçini axtarırdıq. Bizimlə işləyən bütün çalışdırıclarımıza da bu şans, şərait, imkan verildi. Rəftarmız hər məşqçiyə görə deyil. Sadəcə, Qurban müəllim bizə uyğun gəldi. Təbii ki, o, buna layiq idi. Həm şəxiyyəti, insanlığı, dürüstlüyü, həm də futbol biliyi ilə. Bütün bunlar tam üst-üstə düşdü. Digər baş məşqçilərimizlə uyğun gələn cəhətlər də olurdu, gəlməyən də. Bu, hardasa 80-nin 20 faizə idi. Ancaq yalnız Qurbanovla 100 faiz uyğun gəlirdi. Tam isnişdik və şükür Allaha ki, bu gün də yolumuza davam edirik.

 

“Qurbanovu baş məşqçi götürməyi Ramin Musayev tövsiyə etdi”



-  Qurban Qurbanovadək baş məşçqçiniz həmyerliniz – tanınmış türkiyəli mütəxəssis Rasim Kara idi. O, 2008-ci ildə çempionatın startına 1 həftə qalmış komandanı atıb “Xəzər Lənkəran”a getdi. Həmyerlinizdən bu hərəkəti gözləyirdiniz? Ürəyinizdə bir inciklik qaldımı?

-   Təbii ki, isti başla çətin vəziyyətdə üzüntümüz olmuşdu. Həqiqətən çox çətin durumda idik. Ancaq hər şeydə bir xeyir vardı. Biz o zaman çıxılmaz vəziyyətə düşdüyümüzü fikirləşirdik. Çempionatın başlanmasına çox az qalmışdı və baş məşqçimiz rəqib komandaya gedib.

-  “Xəzər Lənkəran”ın da yaxşı vaxtları idi...

-  Bəli. Ancaq biz o zaman bilmirdik ki, Kara bizə qarşı ən gözəl addımı atıb.

- Kara getməsəydi, Qurbanovla yollarınız bəlkə heç vaxt kəsişməyəcəkdi...

-  Ola bilər. Bu, qismətdi, taleyin işidi. Mənə elə gəlir ki, demək Qurban Qurbanova sahib olmaq, onun komandamızda baş məşçqi işləməsi haqqımız idi. Doğrudan da sponsorumuz çox əziyyət çəkdi. Qurban müəllim də o vaxt “Neftçi”də,“İnter”də işlədi, sonra xaricdə təhsil aldı. Bizim yollarımız kəsişməli idi. Qismət həmin günə imiş.

- Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev belə bir açıqlama vermişdi ki, həmin vaxtda Qurban Qurbanovu baş məşqçi götürməyi sizə o məsləhət görüb...

-  Desəm ki, Qurbanovu tanıyırdım, onun haqda bilirdim, gözaltı etmişdim, bu, səmimi olmaz. Ramin müəllimlə “Neftçi”də işlədiyi vaxtdan yaxşı münasibətimiz olub. Həmişə bir-birimizin xətrini istəmişik. Belə vəziyyətdən çıxmağın yollarını məsləhət edərkən bu variant ortaya çıxdı. Bəli, Qurbanov haqda Musayev mənə danışdı.

- Bu söhbət konkret harda, necə olmuşdu?

-  Həmin vaxt Ramin müəllim yeni yaranan PFL-ə prezident təyin olunmuşdu. Mən AFFA-ya ona “xeyirli olsun” demək üçün getmişdim. Həm də sözarası baş məşqçi məsələsini danışdım. O, özü mənə Qurban müəllimi tövsiyyə elədi. Təbii ki, bu, mənim qərarım olmadı. Namizəd haqda rəhbərliyimizə məruzə edəndə, onlar da Qurban müəllimi tanıdıqlarını bildirilər. Çünki o, futbol oynayanda da bu cizgidə idi. Hamımız onu belə yaxşı keyfiyyətlər sahib futbol adamı  kimi tanıyırdıq. “Neftçi”nin futbolçusu olsa da, mənim də ona rəğbətim vardı. Əvvəlcə “Neftçi”də baş məşqçi olmuşdu, sonra qısa müddət idarəedici – “İnter”in idman direktoru oldu.

- Hər yaxşı futbolçu yaxşı məşqçi olsaydı, onda nə vardı. Qurban Qurbanovu baş məşqçi postuna gətirməyiniz riksli idi. Çünki o, bunadək yalnız 1 il “Neftçi”də həmin vəzifədə işləmişdi. Yəni tərcrübəsi də az idi, yaşı da...

-  Həmin vaxt düşdüyümüz vəziyyətdə bir risk olmalı idi. Komanda 1 həftədən sonra çempionatda matça çıxmalı idi, ancaq baş məşqçimiz yox idi. Ya gərək Türkiyədən, Avropadan mütəxəssis dəvət etməli idik, ya da belə riskə getməli. Bizim kimi Qurban müəllimin də ilk vaxtda şübhəsi vardı. Bu, şəxsi yox, iş planında idi. Ancaq zamanla hərə özünə görə qarşı tərəfi tanıdı. Bəli, risk idi. Ancaq tək “Qarabağ” üçün yox, həm də Qurbanov üçün. Özünü sübut etməli idi, çünki komandanı o yığmamışdı. Heç bir köməkçi də gətirməmişdi. “Qarabağ”a sadəcə, tək gəlmişdi. Əlimizdə olan heyətlə nəticə verə biləcəyinə inandığını bizə dedi.

- Qurbanov debüt mövsümündəcə nəticə verdi, “Qarabağ”a titul – ölkə kuboku qazandırdı. Onda əmin oldunuz ki, bu, elə axtardığınız baş məşqçidi?

-  Bunu bilməyinizi istərdik ki, Qurban müəlimdən heç vaxt nəticə tələb etməmişik. Sən bura gəldin, çempion olmalısan və ya bu il mütləq çempion olmalısan – belə söhbət olmayıb. Və yaxud Qurbanov heç vaxt bizə demədi ki, 4 il dalbadal çempion olacağam. Aramızda elə bir anlaşma oldu ki, qarşılıqlı inam əsas rol oynadı. Bu gün Qurban müəllim bizə inanmasa, yəqin ki, bizdə işləməyəcək. Aramızda münasibət çox yaxındı. Fəxr edirəm ki, belə bir dostum, qardaşım var. Dürüstülüyü, təmizliyi, işinə olan sevgisinə, münasibətinə görə. Qarşılıqlı gözləntilər üst-üstə düşdüyü üçün bu nəticələr gəldi. O zaman bizə, Tahir bəyə çox suallar olurdu ki, “Qarabağ” niyə çempion ola bilmir. O da cavab verirdi ki, biz gələcəyə yatırım edirik. Bizə çempion olub Çempionlar Liqasında ilk turdaca uduzmaq yox, ardıcıl çempionluqlar lazımdı.

 

“Millidə baş məşqçi işləmək variantı olanda yalnız bir sözümüz oldu – Qurban, özün bilərsən”


- Hazırkı reallıq budu ki, Qurban Qurbanov getməyənək “Qarabağ” onu buraxmaz. Eləcə də kapitan Rəşad Sadıqov. Komandanın uğurlarında böyük pay sahibi olan belə bir liderləri itirməyi yəqin ki, heç vaxt istəməzsiniz?..

-  Kim itirmək istəyər ki?! Mən olmayım, siz olun. Təbii ki, siz bunu futbolçu kimi Rəşada, baş məşqçi kimi Qurbana deyirsiniz.  Ancaq bizə daha dəyərli olan onların şəxsiyyətidi. Bu, komandanın necə olduğunun göstəricisidi. Bu insanlarda bir sanbal, etalon var.

-  Aleks Ferquson 27 il “Mançester Yunayted”in baş məşqçisi oldu. Arsen Venger artıq 21 ildir “Arsenal”ın baş məşqçisidi. Qurban Qurbanovu “Qarabağ”da belə uzunmüddətli görürsünüzmü?

- Bunu çox istəyərdim. Ancaq onu da çox istəyərdim ki, Qurbanov işlədiyi müddətdə “Qarabağ”ın dəyərinin üstünə dəyər gəlsin. Onsuz da bunun alınmadığını gördüyü zaman Qurban müəlimi heç kim saxlaya bilməyəcək. Və saxlamaq da istəməyəcək. Biz baş məşqçimizin yaxşılığını istəyirik. O da bizim yaxşlığımızı.

- Yəni rekord sırf zamana görə olmamalıdır...

-  Bəli. Belə bir niyyətimiz yoxdu. Biz Qurban müəllimlə müqavilə imzalayırıq ki, oyunlara çıxa bilsin. Bu, sırf rəsmiyyət üçündü. Aramızda çox səmimi münasibət var və bunun da dəyəri yoxdu. Bu, pulla ölçüləsi dəyər deyildi. “Qarabağ”ın böyük üstünlüyü də budu.

- Qurban Qurbanovun adı bir neçə dəfə milli komandamızın ətrafında hallanıb. Gələcəkdə bu post yerli mütəxəssisə tapşırılarsa, ən layiqli namizəd məhz “Qarabağ”ın çalışdırıcısıdı. Bu söhbətlər düşəndə, rəhbərlikdə belə bir narahatlıq yaranır ki, mütəxəssis nə vaxtsa milliyə görə “Qarabağ”dan gedəsi olacaq?

- Yaxın keçmişdə, Robert Prosineçkidən öncə belə bir söhbətlər olmuşdu. Mediada da oldu, futbol camiəsində də. Təbii ki, biz də həmin vaxt rəhbərliklə məsləhətləşmələr edirdik. Onlar həmişə klubla, onun vəziyyəti ilə maraqlanırlar, baş verənləri də görürlər. Bizim bir sözümüz oldu – Qurban, özün bilərsən. Çünki qərarı ancaq özü verə bilər. Mən diqtə edə bilmərəm ki, sən burda işləməlisən, orda yox. Millidən söz düşəndə, hamımız sinəmizi qabağa verməliyik ki, hansısa xeyri verə bilək. Qurbanovla aramızda olan inam söhbətindən başqa heç nə ola bilməz.

- Türkiyədə olduğunuz müddətdə Qurban Qurbanov haqda soruşurlar? Ümumiyyətlə, baş məşqçiniz Türkiyədə necə tanınır?

-  Ətrafımızda olan hər kəs Qurbanı bizim kimi tanıyır. Türkiyədəki ab-haba bir az başqadı. Bizdəki kimi deyil. Ancaq Qurbanovu təkcə Türkiyədə deyil, Avropada da tanıyrlar, hər yerdə də. Bu da qazandığı nəticələrə, şəxsiyyətinə, uğurlu baş məşqçiliyinə görədi. Burda biz Qurban haqda nə danışırıqsa, orda da onu danışırlar. Ən gözəli budu. Bu, çox sevindiricidi.

“Avtomobillə çox da dostluq etməsəm də, BMW həvəskarıyam”




- Qurban müəllimə böyük hörmətimiz olsa da, yenidən Çəlikələ qayıdaq...

- (gülür) Buyurun.

- Avtomobillərlə dostluq edirsiniz?

-  Çox da yox.

- Hər halda, özünüz idarə edirsiniz...

-  Bəli.

- Hansı markalı avtomobili?

-  BMW həvəskarıyam.

- Bəs mətbəxlə aranız necədi? Azərbaycan mətbəxinə alışmaq çətin deyildi? Hər halda, bizim mətbəx Türkiyədəkindən fərqlənir...

-  Bizdən çox fərqlənmir.

- Axı, Türkiyədə istiotlu yeməkləri yaman sevirlər...

-  Acılı və yağlı. Ancaq acılını Türkiyənin hər yerində xoşlamırlar. Mən çox çətinlik çəkmədim. Çünki ailəmiz mədəniyyət cəhətdən Azərbaycanla çox yaxın olduğuna görə, eyni yeməklərin bir az dəyişik dadını burada yeyirik. Bu üzdən öyrəşməyim çox çətin olmadı.

- Ailəniz yanınızda deyil. Yemək işinizi necə həll edirsiniz? Yalnız restoranla keçinmək çətin deyil?

- (gülür) Birtəhər yola veririk. Ömrünün yarısı burada keçib. Hətta deyərdim ki, yarısından çoxu. Öyrəşmişik, bilirik ki, harada necə qarnımızı doymurmaq olar.

- Musiqiyə həvəsiniz var?

- Qulağa xoş gələn hər musiqinə böyük məmnuniyyətlə dinləyirəm.

- Hobbiniz varmı?

-  Yox. Şəkil çəkdirməyi yox, çəkməyi xoşlayıram. Gözə xoş gələn mənzərə olsun. Ancaq bu peşəkar maraq, bunu çəkim saxlayım – belə deyil.


“Qarabağ”ın türk klubları qarşılaşmağını və udmağını istəyirəm”

- Azərbaycan daxil olmaqla yetərincə ölkələrdə olmusunuz. Ən çox ürəyinizə yatan, zövq aldığınız ölkə hara olub?

-  Londonu bir şəhər kimi çox bəyənirəm. Ancaq bilmirəm ki, orda da yaşamaq olarmı ya yox. Çünki bizim xaricə səfərlərimiz adətən 3-4 gün olur. Bu da yenə futbolla əlaqəli olur.

-  Bəs elə bir şəhər, ölkə varmı ki, orada olmağı arzulayırsınız, ancaq püşk hələ də onu “Qarabağ” üçün çıxarmır?

-  Ümumiyətlə, püşkatmalarda bir türk komandası ilə qarşılaşmağı istərdim. Ancaq bu, hələ də baş verməyib.

-  Qarşılaşmaq, yoxsa udmaq?

-   Qarşılaşaraq udmaq. Özüm uşaqlıqdan “Qalatasaray” azarkeşiyəm. Hətta bu komanda ilə də qarşılaşıb udmağı istəyirəm. Bilmirəm, bu, işin mənə verdiyi emosiyadı, nədi, ancaq bunu çox istəyirəm.

- "Fənərbağça”, “Beşiktaş”a qalib gəlməyi daha çox istəyərsiniz. Çünki bunlar “Qalatasaray”ın əzəli rəqibləridi...

- (gülür) Əlbəttə ki, bu istək məndə var. Ancaq biz qardaş ölkələrik, millətlərik. Bu, dünyaya da bir mesaj olar ki, iki qardaşın qarşılaşmasını görək. Bu idman mübarizəsi 90 dəqiqədə meydanda qalır. Ondan sonra yenə qardaşıq, dostuq.


- “Neftçi” “Beşiktaş”la yoldaşlıq görüşü keçirib. “Xəzər Lənkəran” da həmçinin. Ancaq “Qarabağ” Türkiyə klubları, böyükləri ilə qarşılaşmayıb. Belə variantlar bir neçə dəfə olsa da, son anda nə mane olub?

- “Qalatasaray”ı bura gətirmək istəyirdilər. Bizə də təklif edildi. Düşünmüşdülər ki, belə bir görüş yaxşı olar. Biz də razılıq verdik, ancaq sonradan həmin təşkilatçılıq alınmadı. Martda “Beşiktaş”la yoldaşlıq görüşü keçirməklə bağlı mənə çıxmışdılar. Yenə razı idik. “Beşiktaş” da bunu istəyirdi. Ancaq sonda onlardan asılı səbəbdən alınmadı.

- Yəni oyunların alınmamasının günahı “Qarabağ”da deyil...

- Doğrudan da belədi. Biz istəmədik deyə bir şey olsaydı, bunu rahatlıqla deyə bilərəm. Ancaq biz razılıq vermişik, fəqət alınmayıb.

-  “Qarabağ”ın rəhbərliyi Türkiyədən olsa da, komandada türk futbolçular çox az olub...

-  Sonuncu 2009-cu ildə Devran Ayhan olub.

-  Belə az həmyerlinizin olmağı təsadüfdü, yoxsa?..

- Son vaxtlar nəinki “Qarabağ”da, Azərbaycanda türk futbolçular çox tez-tez görünmür. O vaxt istədiyimiz türk futbolçular vardı, onları transfer etmişdik. Bunlar yenə baş məşqçinin sçeimi ilə bağlıdı. Rasim Karanın vaxtında belə oyunçularımız var idi. Ancaq belə qərar yoxdu ki, biz Türkiyədən futbolçu götürməyək, bu ölkəyə baxmayaq.

 

“Çempionluğu heç vaxt hədəf qoymamışıq, qoymayacağıq da”

-  Son çempionata qayıtsaq, “Qəbələ” ac qurdu xatırladırdı. Çünki heç vaxt çempion olmamışdı. “Qarabağ” isə sac-saqqal ağartmış bir ağsaqqalı. Hamı təmkinlə danışırdı. Hətta belə bir təəsürat yaranırdı ki, “Qarabağ” o çempionluğu elə də arzulamır. Artıq ölkə daxilindəki qələbələrdən doymusunuz?

-  Bir işi bacarmaq, bəlli bir nöqtəyə qalxmaq çətindi. Ancaq orda qalmaq daha çətindi. Şükürlər olsun ki, 4 il dalbadal bunu bacara bildik. İnşallah, bunun davamı da olsun. Deməzdim ki, çempionluqdan, kubokdan doyduğumuzdan belə vəziyyət yaranıb. Bu, təcrübəylə daha çox bağlıdı. Demirəm ki, “Qəbələ” təcrübəsizdi, biz təcrübəliyik. Ancaq keçdiyimiz yol bizə öyrətdi ki, necə ayaq üstə durmaq lazımdı. Hətta çempion olduğumuz ilk ildə də bizi tənqid edirdilər ki, niyə 1-ci yeri tutmağı hədəf kimi qoymursunuz. Biz bu il də çempionluğu bir hədəf kimi qoymadıq. Ötən il də belə idi. Gələn il də qoymayacağıq. Rəhbərliyimiz daxili iclaslarda həmişə bizə deyir ki, əlinizdən gələnin ən yaxşısını edin. Belə bir komanda yaradılanda bunun nəticəsi çempionluqdan başqa bir şey ola bilməz. Və təbii ki, rəhbərliklə baş məşqçinin bir-birinə olan inamı. İstəsən də, istəməsən də, belə bir ab-havanın nəticəsi yuxarı yer tutmağa gətirib çıxardır.

- Komandaya nəticə ilə bağlı psixoloji təzyiqin olmamağı “Qarabağ”ın uğurlarının əsas səbəblərindən biridi...

-  Bəli. Bunu qeyd etməliyəm ki, “Qarabağ”ın çempion olmağından, kuboku qazanmağından daha vacibi Avropada uğur qazanmasıdı. Bu da Qarabağ adından ötrüdü. Bunu dəfələrlə çox israrla deyirik. Çünki bu məqsədlə yaşayırıq. Bizim duruşumuz, Avropada özümüzü necə aparmağımız, qonaq komandanı necə qarşılaşmağımız çox vacibdi. Məsələn, gələn qonaqları burda milli geyimlərlə, gül-çiçəklə qarşılayırıq. Çünki biz Qarabağı təmsil edirik. Bizi xaricdə heç kim belə qarşılamır.  Klubun bir nümayəndəsi gəlir, avtobusu göstərir. Ancaq bizim missiyamız sadəcə, çempion olub nəticə qazanmaq deyil. Bunun özü ayrı bir təcrübə, məsuliyyətdi. Qarabağ Azərbaycanındı və bunu bütün dünya bilməlidi. Qarabağın aid olduğu Azərbaycan, orda vəziyyət necədi, kimlər futbol oynayır, hansı nəticəni qazanırlar. Ola bilər ki, çempion ola bilməyək, ancaq Avropaya gedək. Orda qazanağımız uğur bizim üçün daha önəmlidi. Burda artıq hər kəsin yaşam fəlsəfəsi olub ki, Avropada, dünyada səs gətirəcək nəticələr almalıyıq.

- İndi “Qarabağ”dan hər kəs ilk olaraq Çempionlar Liqasının (ÇL) qrupuna düşməyi arzulayır. Bunun üçün çempionluq kimi də səbr etməliyik? Sizcə, mane olan səbəb nədi?

- Qismətə inanmaq lazımdı. Taleyimizdə varsa, əlbəttə ki, olacaq. Bunu əldə etmək üçün nə lazımdırsa, etməliyik. Məsələn, neçə ildir ÇL-də qrupa gedirik, ancaq pley-offda düşürük Avropa Liqasına, ordan qrupa düşürük. Ancaq elə komandalar qarşımıza çıxır ki, “Qarabağ”ın əlindən gələni etdiyini hamı görür. “Qarabağ” oynamadı, pis oyun göstərdi, can yandırmadı - belə bir şey olmayıb.  Əlimizdəki imkanın ən yaxşısını etməyə çalışırıq və bunu edirik də. Səbrlə, inamla yolumuza davam etdiyimiz zaman həmişə bunun müsbət nəticəsini görmüşük, görəcəyik də. Biz həmin uğuru tapacağıq, onu əldə edəcəyik. Bunun üçün müəyyən vaxtın keçməyi vacibdirsə və bunu düzgün keçirəcəyiksə, uğuru tapacağıq.

-  “Qarabağ” rəhbərliyi baş məşqçinin işinə qarışmayaraq istədiyi futbolçunu ala biləcəyini dəfələrlə açıqlayıb. Ancaq maddi məsələlərdə də bir limit olmalıdı. Xüsusilə də dünyada olan maddi böhran dövründə. Transferlərlə bağlı belə bir maneə varmı?

- Azərbaycanda çox böyük böhranlar yaşadıq. Öz şəxsi həyatımızda da böyük bir çətinliklər keçirdik. Ancaq “Qarabağ”ın büdcəsində heç bir dəyişiklik olmadı. Sponsorumuz heç bir məhdudiyyət qoymadı. Biz “Azərsun Holdinq”ə heç nə vermirik.  Onların Azərbaycndakı ticari fəaliyyəti üçün heç nə qazandırmırıq. Ancaq onlar həmişə dəstək olublar. Bəlkə də şirkət daxilində ixtisarlar oldu, müəyyən tədbirlər gördülər, ancaq “Qarabağ”da bu olmadı. Mən bunu açıq şəkildə deyirəm. Biz reallıqların hamısını birgə yaşayırıq. “Qarabağ” futbol klubu bizimdi, Qurbanındı, mənimdi. Biz bir ailəyik və onun bir problemi varsa, bunu bütün ailə bilir. Özü də olduğu kimi. Özümüzü necə aparmalı olduğumuzu öz içimizdə, deyilmədən, danışılmadan qərara alıb hərəkət edirik.  

Ceyhun ƏLİYEV,
Mehman SÜLEYMANOV

Sport24.az

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı