“Səbail” yaşasın, “Turan” dağılsın?

“Səbail” yaşasın, “Turan” dağılsın?
YAZARLAR 12 May 2017 / 14:12 13233
-  A +

Rəsmi statistikaya görə, bizdə son 8 mövsümdə birinci divizionda çempion adını qazanan komandalardan cəmi ikisi Premyer Liqaya buraxılıb: “Gəncə” (2010-cu ildə) və “Araz Naxçıvan” (2014). Digər 6 mövsümdə birinci yeri tutan “Abşeron”, “Qaradağ Lökbatan”, “Ağsu”, “Neftçala” (2 dəfə), ən son da “Turan Tovuz” yüksək liqadan kənarda qalıb.

Biz belə şeylərə öyrəşmişik artıq, amma avropalısı, rusu, gürcüsü bu faktı eşitsə, bizə (futbol sisteminə) sadəcə axmaq deyər.

AFFA rəsmi səbəb göstərir ki, “Turan” lisenziya tələblərini yerinə yetirməyib. Yəni komandanın yüksək liqada oynamağa pulu yoxdu. Tamam, deyək ki, peşəkar və hüquqi baxımdan haqlı qərardı.

Bəs necə olur ki, futbolumuza saysız-hesabsız istedadlar bəxş edən Tovuzun komandasına neçə vaxtdı pul tapılmır, amma Rövnəq Abdullayevin oğlunun dünən yaranan komandası “Səbail”ə pul o dəqiqə tapılır və Premyer Liqaya buraxılır?

Buna da bizim eldə üzgörənlik, vəzifə adamına yarınmaq deyirlər.

Və kimsə kiməsə yarınanda əlbəttə, yada birinci AFFA-nın (oxu – SOCAR-ın) şefi düşür, Tovuz futbolu, Tovuz azarkeşi düşmür.

***

Hər hansı komandaya sponsorluq etmək AFFA-nın vəzifəsi deyil. Normalda klub özü özünü saxlamalıdı. O cümlədən də “Turan”. Nəsə hekayə açmayaq. Qayıdaq mətləbə.

Hə, AFFA kluba sponsorluq etməməlidi. Amma bizim federasiya rəsmi ya qeyri-rəsmi o qədər kluba sponsorluq edir ki... Sadalayım?  “İnter” - bir. “Sumqayıt” - iki. “Kəpəz” - üç. Hələ birinci divizionda da neçə klub AFFA-dan pul alır...

Əgər əlini daşın altına qoymusansa, milyonçu İlham Rəhimov da 5-10 manatından keçib doğma Tovuzunun “Turan”ına pul ayırmırsa, o zaman artıq bir klubu yıxılmağa qoymamaq futbolumuzun ali qurumu - atası olaraq AFFA-nın mənəvi borcudu. Tovuzun, “Turan”ın Azərbaycan futboluna “İnter”dən (“Səbail”i hələ demirik) yüz dəfə artıq faydası dəyib. 

Hər il AFFA-nın büdcəsinə dövlət qurumu SOCAR-dan 20 milyondan çox pul daxil olur. Və federasiyanın büdcəsindən təkcə boş-boş layihələrə xərclənən pullarla bir də yox, iki-üç “Turan” saxlamaq olar...

Amma AFFA bunu etmək əvəzinə ədalətsizcəsinə Tovuz futbolunun yüksək liqaya getdiyi yolda “qırmızı işıq” yandırır...

Yaxşı, hər dəfə sonu belə olacaqsa, bu birinci divizion kimin üçün keçirilir? Kimə lazımdı artıq heç bir əhəmiyyəti olmayan o yarış? Klub birinci divizionda qalib olur, amma haqqı olduğu halda, Premyer Liqaya buraxılmır. Sonu nə olur?

Futbolumuz üçün fəlakət...

AFFA-nın o ağılsız qərarlarından sonra klublarda futbol oynamaq üçün heç bir stimul qalmadı. Nəticədə bir vaxtlar birinci divizionun qalib olan “Abşeron” dağıldı, “Neftçala” dağıldı.

İndi növbə kimindi? “Turan”ın?

Aydın BAĞIROV
[email protected]

MÜƏLLİFİN DİGƏR YAZILARI

28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19
14.02.18

Son xəbərlər