Qarabağ separatçıları UEFA-ya üzv olmaq istəyir

Qarabağ separatçıları UEFA-ya üzv olmaq istəyir
ÖLKƏ FUTBOLU 24 Aprel 2017 / 14:57 4262
-  A +

Britaniya mətbuatı  yazır ki, qondarma “DQR”in futbolu yaşamağa can atdığı vaxtda Ağdamın “Qarabağ” komandası Azərbaycanı Avropada uğurla təmsil edir və Çempionlar Liqasının qapısını döyür.


Dağlıq Qarabağın separatçı rejimi UEFA-ya üzv olmaq istəyir.

Qol.az-ın xəbərinə görə, bu haqda Azərbaycanın işğal altındakı ərazilərindən reportaj hazırlayan Britaniyanın “İndependent” qəzetinin müxbiri Robert O’Konnorun yazısında bildirilir.

Özünü “Artsax Futbol Federasiyasının prezidenti” adlandıran Samvel Karapetyan jurnalistə deyib ki, artıq UEFA-ya müvafiq müraciətlər göndərilib, onlarla əlaqə saxlanılıb: “Müharibə müvəqqətidir. Gələcəkdə Artsaxın milli komandası dünya və Avropa çempionatlarında oynaya biləcək. Biz əminik ki, bizim üzvlüyümüz tanınacaq. Çünki bu gün hamı bölgədə sülhün təmin olunmasında maraqlıdır”.

“İndependent” yazır ki, separatçı rejimlə UEFA-ya arasında danışıqlar 2016-cı ilin noyabrında başlayıb, amma erkən səviyyədə qalıb. Karapetyan deyib ki, əsas məsələ ilk addımı atmaq idi.

Müəllif daha sonra Xankəndidəki stadionun durumuna toxunub: “Stadionun çırkli olması onu göstərir ki, bu arena çoxdandı istifadə edilmir”.

Qəzet bildirir ki, AFFA 2002-ci ildə FİFA-ya müraciət edərək qondarma “Dağlıq Qarabağ Respublikası” komandasının Ermənistan çempionatında oynamasına qadağa qoyulmasını istəyib. Ona görə də indi yerli komanda təsadüfi yoxlama görüşlərində oynayır. Bu da o halda mümkün olur ki, kimsə İrəvandan 6 saatlıq yolu səbrlə qət edərək Xankəndinə gəlir.

“DQR” komandasının baş məşqçisi Slava Qabrielyan (o, Ermənistan nümayəndəsi kimi UEFA-nın Pro kateqoriyasını alıb) oyun təcrübəsinin azlığından şikayətlənir: “Biz bəzən Ermənistan və Gürcüstandan olan komandalarla yoxlama oyunu keçiririk. Amma yarış təcrübəmiz yoxdur. Stepanakertdə 350 nəfər futbolla məşğul olur. Amma FİFA-nın sanksiyası səbəbindən onlar inkişaf edə bilmir”.

Yazıda həmçinin bildirilir ki, bu il separatçı rejimin komandası Kataloniyadakı turnirdə iştirak edəcək.

“Independent” yazır ki, qondarma “DQR”in futbolu yaşamağa can atdığı vaxtda Ağdamın “Qarabağ” komandası Azərbaycanı Avropada uğurla təmsil edir və Çempionlar Liqasının qapısını döyür.

Əlavə edək ki, Qarabağ separatçılarını UEFA-ya üzv olmaq niyyəti gerçəkləşməyəcək və elə arzu olaraq qalacaq. Çünki qondarma “DQR” BMT və dünyanın heç bir ölkəsi tərəfindən tanınmayıb.

Daha çox


Son xəbərlər