"Millinin heyətini Qurban Qurbanovla Rəşad Sadıqov müəyyənləşdirmişdilər"

"Millinin heyətini Qurban Qurbanovla Rəşad Sadıqov müəyyənləşdirmişdilər"
ÖLKƏ FUTBOLU 9 Mart 2010 / 11:11 5679
-  A +

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri Məzahir Süleymanzadə hələ 3 il əvvəl tutduğu vəzifədən istefa verməsinin səbəbləri haqda maraqlı açıqlamalar verib. Qol.Az-ın “Komanda” qəzetinə istinadən verdiyi məlumata görə, M.Süleymanzadə hər şeyin Azərbaycan milli komandasının Varşavada Polşaya 0:8 hesablı məğlubiyyəti ilə nəticələnən oyunundan sonra başladığını söyləyib: “Oyun qurtardı, Ramiz Mirzəyev (AFFA-nın mərhum prezidenti-red.) soruşdu ki, indi nə etməliyəm? Dedim, Torres həqiqətən də mütəxəssisdirsə final fitindən on dəqiqə sonra ərizəsini yazıb sizə verməlidir. Daha onu İngiltərəyə aparmamalıyıq, burdan birbaşa Braziliyaya yola salmalıyıq. Dedi, məğlubiyyətin günahkarı kimdir? Dedim, məsuliyyətin 80 faizi Torresin, qalanı sizin üzərinizə düşür. On-on beş dəqiqə keçmişdi ki, Torres paltardəyişmə otağına girdi. Futbolçularla bir-bir görüşdü. Ərizəsini yazdı, gətirib verdi Ramiz Mirzəyevə. O da götürüb istefa ərizəsini cırdı. Heç kim bir söz demədi, çıxıb getdik otelə. Oturduq, bu dəfə ikimiz deyildik, Elnur Əşrəfoğlu da bizimlə birlikdə idi. Ramiz Mirzəyev soruşdu ki, ərizəni cırdım, indi məğlubiyyətin günahkarı kimdir? Dedim, bu dəfə bütün məsuliyyəti siz daşıyırsınız. Razılaşmadı, başladı ki, futboldu da, udarsan da uduzarsan da. Söhbət bitdi. Amma orda çox qəribə hadisə baş verdi. Millinin üzvləri başda Qurban Qurbanov olmaqla qərar verdilər ki, İngiltərə ilə oyuna çıxmırıq. Bir neçə saat danışıqlar getdi, Ramiz Mirzəyev çox çalışdı, amma futbolçular yola gəlmədi. Tapşırıq verdi ki, Elşad Nəsirovu tapın. Onu Avropanın uzaq ölkələrindən birində tapdıq. Nyukasl aeroportunda qarşıladım. Gəlib futbolçularla danışdı, yalnız ona razılıq verdilər ki, meydana çıxırlar, amma heyəti özləri müəyyənləşdirirlər. Əsas işi Qurban Qurbanovla Rəşad Sadıqov gördü. Heyəti müəyyənləşdirdilər, hətta tələb elədilər ki, Torres ehtiyat oyunçular skamyasında da oturmasın. Sonradan yenə Elşad Nəsirovun sayəsində razılıq verdilər. Dedilər, otursun, amma oyuna müdaxilə etməsin. Uşaqlar yaxşı oyun göstərdi, hətta qol da vura bilərdilər. Oyundan sonra yenə Mirzəyevə təklif oldun ki, Torresi evinə yola salaq. Razılaşmadı. Qayıtdıq Bakıya. Oturub söhbətləşdik. Dedim, Ramiz müəllim, mənim dostumsuz, amma, çətin vəziyyətdə qalmışam. Ya dostumu itirməliyəm ya da vəzifəmi. Vəzifə də böyük vəzifə deyildi. Cəmi 210 manat maaş alırdım .Dedim, dostumu itirmək istəmirəm, qoy gedib istirahət edim, pedaqoji fəaliyyətlə məşğul olum. Ədalətsizlik bax onda oldu. 0:8-dən sonra bir çox jurnalist millini tənqid elədi. Onların arasında Şakir Yaqubov, Rövşən Binnətli də vardı. Ramiz Mirzəyevin sözündən belə çıxdı ki, onları mən öyrətmişəm, çünki mənə yaxındılar. Dedim, milli 0:8 uduzanda AFFA prezidenti haqda nə demək olar? Təbii ki, tənqid olunmalıydı. Mətbuata informasiya sızırdı, başlayırdı ki, bunu necə öyrəniblər? Elə bilirdi ki, mən demişəm. Bax, bütün bunlara görə AFFA-dan getmək qərarına gəldim.

Daha çox


Son xəbərlər