Hafiz Məmmədov: «Azərbaycan futbolunun ulduzları bu bazada yetişməlidir»

Hafiz Məmmədov: «Azərbaycan futbolunun ulduzları bu bazada yetişməlidir»
ÖLKƏ FUTBOLU 8 Mart 2010 / 15:08 2344
-  A +

"Bakı"nın prezidenti Hafiz Məmmədov klubun rəsmi saytına müsahibə verib. Müsahibəni təqdim edirik.

- Bu gün klubun bazasına baş çəkərək, görülən işlərlə yerindəcə tanış oldunuz. Tikinti işlərinin sürəti sizi qane etdi?
- Vəziyyət normaldır. Düzdür, mənə söz verilmişdi ki, bu yaxınlarda tikinti başa çatacaq. Amma gördüklərimdən belə qənaətə gəldim ki, tikinti hələ bir qədər də uzanacaq. Amma elə də çox yox. Ümumi götürdükdə aparılan işlər məni qane etdi. Düzdür, bəzi xırda tövsiyələrim oldu.
- Hansı tövsiyələri verdiniz?
- Rəng, dizayn, sahələrin artırılması barədə tövsiyələr, müəyyən göstərişlər verildi. Qarşıdakı günlərdə tikinti işlərini aparan şirkətin nümayəndələri ilə yenidən görüşəcəyik. Həmin görüşdə də işlərin genişləndirilməsi baxımından müəyyən tövsiyələrimi bildirəcəyəm.
- Necə düşünürsünüz, açılış nə vaxt baş tutacaq?
- Artıq klubumuzun aşağı yaş qrupları bazadan istifadə edirlər. Eləcə də əsas komandamız da məşqləri burada keçir. Amma mən çox istərdim ki, rəsmi açılış ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə qədər baş tutsun. Çalışacağıq ki, rəsmi açılış mərasiminə AFFA-nın rəhbərliyinə də dəvət edək. Eyni zamanda bir turnir də keçirməyi nəzərdə tutmuşuq. Hazırda bunun üzərində işləyirik.
- Xarici ölkələrdən qonaqlar dəvət ediləcək?
- Xarici ölkələrdən də qonaqların gəlməsi mümkündür. Bazanın açılışı və ulu öndərimizin doğum günü münasibətilə azyaşlı komandalar arasında keçirmək istədiyimiz turnirə xarici klubları dəvət etməyə çalışırıq. Yerli klublarla yanaşı 1-2 xarici komandanın da ölkəmizə dəvət olunması nəzərdə tutulub.
- Bir müddət əvvəl "Bakı"nın stadionunun inşa olunması nəzərdə tutulmuşdu. Bu məsələ nə yerdə qalıb?
- Şübhəsiz, bazayla yanaşı klubumuz üçün stadionun da tikilməsi nəzərdə tutulub. Ola bilər ki, əvvəl nəzərdə tutulduğu kimi Qaraçuxur qəsəbəsində, ya da başqa yerdə inşa olunsun. İndiki halda planda məhz Qaraçuxurdur. Amma bu günkü gündə ilk növbədə bazamızın hazır olmasını istəyirik. Aşağı yaş qrupu üzrə bütün komandalarımız burada məskunlaşacaq. Bazamızın ərazisi genişdir. Şərait yüksək səviyyədədir. Bu ərazi də mənim üçün yad deyil. Bir neçə il əvvəl Bakıdakı ilk otellərdən birini məhz biz, burada inşa etdirmişdik. Sevinirəm ki, bundan sonra bu ərazidə klubumuz məskunlaşacaq. Çox istərdim ki, Azərbaycan futbolunun gələcək ulduzları məhz bu bazada yetişsin.

 

Daha çox


Son xəbərlər