“Heyətdə dəyişikliklər olacaq” – Qurban Qurbanov

“Heyətdə dəyişikliklər olacaq” – Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 16 Aprel 2017 / 21:28 6249
-  A +

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 26-cı turunda səfərdə “İnter”i 3:0 hesabıyla məğlub edərək çempion olduqları oyundan sonra mətbuat konfransı keçirib.
 
Qol.az-ın xəbərinə görə, Ağdam klubuna ardıcıl 4-cü dəfə ölkənin ən güclüsü adını qazandıran Qurbanov bunları deyib:
 
- Klub rəhbərliyini, futbolçuları və azarkeşlərimizi təbrik edirəm. Bu titulu saxlamaq, qorumaq çətin olsa da, vəzifəmizdir. Buna nail olmaq bizim üçün xoşdur. “İnter”i ilin komandası adlandırardım. Çətinliklərə baxmayaraq, layiqli oyun göstərdilər. Hamısı öz oyunçularımızdır. Onlara uğurlar arzulayıram. İstərdim ki, şəraitləri düzəlsin, imkanları genişləsin.
 
- Komandanız 5-ci dəfə çempion oldu. Bunu sizin üçün ideal saymaq olar?

- Mənim tərəfimdən əla qiymət verməliyik. Hər şey ideal deyil. Ardıcıl 4-cü dəfədir çempionluq bizə nəsib olur. Bəzən futbolçular titul qazanandan sonra həvəsdən düşürlər. İstəməzdik ki, bizdə də belə olsun.
 
- Növbəti iki turda əsas heyətə istirahət verəcəksiniz?

- 4-cü dəfə çempion olmaq çox xoşdur. Bu, bizim işimizdir. İdmançı daim maksimum nəticə üçün meydana çıxmalı, özünü yaxşı formada saxlamalıdır. Bu uğur kubokun final matçına əlavə motivasiya verəcək. Amma kubok tam fərqli turnirdir. Qalan iki matçda oyunçulara istirahət verməyəcəyik. Bu il cəmi 14 oyun keçirmişik, bu da çox azdır. Oyun təcrübəsini artırmalıyıq.  Zədə alan oyunçularımız oldu. Məsələn, Almeyda bir neçə matçı buraxdı. Bu barədə düşünmürəm. Əksinə, qalan görüşlərdə də kim hazır olsa, ona şans verəcəyik. Çünki istirahət etməyə vaxtları olacaq. Zədəli futbolçularımız da yavaş-yavaş geri qayıdırlar. Onların təcrübə toplamağa ehtiyacları var.
 
- Düşünmək olarmı ki, sabahdan Çempionlar Liqası ilə bağlı planlar qurmağa başlayacaqsız?

- Çempionatın sonuna qədər buna vaxt ayıracam. Yəqin ki, transferlə bağlı əlavə sual olacaq. Bəli, komandada dəyişiklik olacaq. Heyəti genişləndirmək istəyirik. Çünki mövsümün gedişində 4-5 futbolçumuz zədəli oldu. Yaxşı, geniş heyətə ehtiyacımız var. Bəzi futbolçularla danışıqlar davam edir.

- Hansı mövqelərə daha çox ehtiyacınız var?

- Hər xətdə dəyişikliyə ehtiyacımız var. Amma bu o demək deyil ki, o xətlərdə problemimiz var.
 
- Danışıq apardığınız oyunçular arasında yerlilər varmı?

- Hazırda yoxdur.
 
- Bədavi Hüseynov və Dani Kintananın hazırkı durumu necədir?

- Kintana ancaq yay toplanışında komandaya qoşulacaq. Bədavi isə məşqlərə başlayıb. Ağrısı yoxdur. Qarşıdakı oyuna bir həftə vaxt var. Ola bilsin ki, ona qədər hazır olsun.
 
- Çempionatın tez başa çatması yay toplanışı ilə bağlı planlarınızda dəyişikliyə səbəb olacaq?

- Tolanışa tez başlayacağıq. Futbolçuların daha çox dincəlməyə ehtiyacları var. İlboyu oynayırlar, istirahət eləmirlər. Zədələr də bu yüklənmələrdən əmələ gəlir. Bu, bizim üçün şans olacaq. Oyunçular daha çox dincələ biləcəklər. Millimizin toplanışı olacaq. Bildiyimə görə, mayın 15-dən toplaşırlar. Ümid edirəm ki, qarşıdakı günlərdə proqramımızı müəyyənləşdirəcəyik.
 
- “Neftçi” ilə son turdakı matçın prinsipiallığı nə dərəcədə qalıb?

- “Neftçi” və “Qarabağ” ölkənin ən köklü iki klubudur. Bu komandaların oyunlarında azarkeş həmişə maraqlı oyun gözləyib. Çalışacağıq baxımlı oyun göstərək ki, azarkeşlər zövq alsınlar. Oyunumuzla, davranışımızla onları stadiona cəlb etməyə çalışmalıyıq. “Neftçi” və “Qarabağ” bu baxımdan bir nömrədir.
 
- Riçard Almeydanı sırf bu oyun üçün saxlamışdınız?

- Ötən oyunda əsas heyətdə meydana çıxmağa tam hazır deyildi. Bu gün də tam hazır deyildi. Bilirdik ki, 90 dəqiqə meydanda ola bilməz. Ona görə də ikinci hissədə əvəzlədim. Yorğun halda meydanda saxlamağın bir faydası yoxdur. 60 dəqiqə bütün gücünü göstərdi. Düşünürəm ki, qarşıdakı oyuna daha hazırlıqlı olacaq.
 
- Rəşad Sadıqovun komandası U-19 liqasında çempionluğa çox yaxındır. Sizcə, onun üçün hansı çempionluq daha əzizdi?

- Bunu mən deyə bilmərəm. Çox istəyirəm ki, Rəşad ilk məşqçilik ilində çempion olsun. Komandası hazırda 1-ci pillədə gedir. Məşqçiliyə başlayanda çempionluq əldə etmək asan deyil. Rəşadın yaxşı məşqçi olmaq üçün böyük potensialı var. Birdən-birə belə uğur onun gələcək işinə də müsbət təsir edəcək.

Daha çox


Son xəbərlər