Doğma klubunun formasında dünyasını dəyişən klub prezidenti

Doğma klubunun formasında dünyasını dəyişən klub prezidenti
FUTBOLUN TARİXİ 31 Mart 2017 / 12:52 7352
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur!


Layihəmiz çərçivəsində “Şəmkir”in sabiq prezidenti Şahbaz Süleymanov haqqında yazmış, onu minnətdarlıqla xatırlamışdıq. Həqiqətən də futbolu sevən, futbol üçün son qəpiyindən keçən insan idi. Haqqında söhbət açacağımız növbəti şəxs də elə insanlardan olub. Söhbət hazırkı “Bakı” klubunun xələfi olan “Dinamo”nun mərhum prezidenti Əyyam Musayevdən gedir. 

Musayev də futbolu sevən, Azərbaycan futbolunun inkişafı üçün bacardığı hər şeyi edən az saylı klub prezidentlərindən olub. 1997-ci ildə onun təşəbbüsü ilə yaranan “Dinamo” qısa zamanda adından söz etdirdi, ölkənin iddialı komandalarından birinə çevirildi.

Yarandıqdan iki il sonra  UEFA kubokuna vəsiqə qazanıb. “Dinamo” Azərbaycan futboluna çox faydalar verib, futbolumuza yeni simalar bəxş edib. Musayev haqqında Yaşar Seyidovdan yaxşı həmsöhbət tapa bilməzdik. Odur ki, “Bakı”nın bazasına baş çəkib onunla söhbətləşmək istədiyimiz  mövzu haqqında məlumat verəndə böyük mənmuniyyətlə qəbul etdi. Söhbətə həm bu şəxslərin tanışlığından, həm də “Dinamo”nun yaranmasından başladıq:

- Əyyam müəllimlə bizim tanışlığımız 1988-ci ilə gedib çıxır. Milli azadlıq hərakatının baş qaldıran vaxtları idi.  O da vətənini sevən insan kimi, bu proseslərdən kənar qalmırdı. O cümlədən də mən özüm. 90-cı ildə daha sıx münasibətimiz yarandı. Həmin vaxt mən Nərimanov rayon seçki komissiyasının sədri idim.  Əyyam müəllim də həmin dairədən Ali Sovetə deputat kimi namizədliyini irəli sürmüşdü.  Mən eyni zamanda Səttərxan adına zavodun idman sarayına da rəhbərlik edirdim.  O vaxt “Ulduz” komandamız da var idi və Bakı çempionatında oynayırdı. Əyyam müəllim də həmin zavodun direktoru  idi. Onun namizədliyini də zavodun işçiləri, fəhlələri irəli sürmüşdü.  Bax tanışlığımız belə yaranıb. Yeri gəlmişkən onu da deyim ki, Əyyam müəllim Azərbaycanın müstəqilliyinə səs verən 25 deputatdan biri olub.
İndi gələk “Dinamo”nun yaranması tarixinə. Həmin vaxt Daxili İşlər Nazirliyinin tərkibində olan daxili qoşunların iki komandası var idi: “Polis Akademiyası” və “Qartal 95”. “Pols Akademiyası” güclülər dəstəsində oynayırdı, “Qartal 95” isə I dəstədə. “Qartal 95” ev oyunlarını icarə əsasında bizim zavodun stadionunda keçirirdi. Elə alındı ki, mövsümün sonunda “Polis Akademiyası” güclülər dəstəsini tərk etməli oldu. “Qartal 95” üçün isə orda oynamaq şansı yarandı. Çünki Göyçayın “Çinar” komandası elitaya vəsiqə qazansa da, maddi imkansızlıq ucbatından bu vəsiqədən imtina etdi. Belə olan halda reqlamentə görə 3-cü piləni tutan “Qartal 95”ə güclülər dəstəsində oynamaq təklif olundu. Təbii ki, bunun üçün də maliyyə, baza lazım idi. Belə bir ideya ortaya sürüldü ki, bu iki komanda birləşib güclülər dəstəsində mübarizə aparsın. Həmin vaxt Novruz Əzimov “Polis Akademiyası”nda çalışırdı və onunla bir keçmiş futbolçu kimi tanışlığımız vardı. Novruz Əzimovla “Polis Akademiyası”nın vitse-prezidenti Elxan Orucov gəldilər yanıma və dedilər ki, belə bir ideya var, amma maliyyə dəstəyi lazımdır. Yəni sponsor. Mən də Əyyam müəllimin yanına gedib məsələni dedim, o da təklifi qəbul edib komandaya sponsorluq etməyi üzərinə götürdü. “Dinamo” adının seçilməsinə gəlincə,  təklif  Əyyam müəllim özündən gəldi. İlk növbədə ona görə ki, o özü Kiyev “Dinamo”nun azarkeşi idi.  Əsas seçim buna görə oldu.  Dedi ki, Kiyevin  “Dinamo”su var, Minskin var, Moskvanın var, qoy Bakının da “Dinamo”su olsun. Maraq üçün deyim ki, seçilən loqo da Kiyev “Dinamo”nun loqosuna çox bənzəyirdi. Bundan başqa, o vaxtlar SSRİ-nin bir sıra ölkələrində bu tip hərbi komandalar var idi. Hansı ki, hərbi xidmət yaşı çatmış futbolçular bu cür komandalarda həm futbol oynayırdılar, həm də əsgərlik çəkirdilər. Əyyam müəllim də  komanda yarananda Daxili İşlər Nazirliyinə belə bir təklif irəli sürdü ki, bizdə də bu tip komanda olsun. Çünki o deyirdi ki, hansısa istedadlı futbolçu hərbi xidmətə getsə onu futbolçu kimi itirəcəyik. Heç olmasa gəlib “Dinamo”da oynasın, həm də əsgərliyini çəksin. 

“Dinamo” İdman Cəmiyyətinin sədri Rafiq müəllim də bu ideyanı dəstəklədi. Yeri gəlmişkən o özü də DİN-də kadrlar şöbəsinin müdiri idi. “Qartal 95”in rəhbərlərindən olan Yaşar Səfərəliyev də bu təklifi müsbət qarşıladı. Ən əsası, sağ olsun, daxili işlər naziri Ramil Usubov da bu məsələdə bizə böyük dəstək oldu və bu mənada futbola da böyük töhvə verdi. Məhz bu qərarın nəticəsində olimpiya yığmamızın üzvü olan bir çox futbolçu hərbi xidmətini “Dinamo”da çəkdi. O futbolçulardan Emin Quliyevin, Fərrux İsmayılovun, Anar Salmanovun, Ceyhun Sultanovun, Ramin Quliyevin, Sənan Qurbanovun adlarını çəkə bilərəm. Onlar hamısı hərbi xidmət dövrlərində bizim komandada oynamışdı. Hər gün gəlib məşqlərini edir, axşam isə hərbi hissənin idman rotasına yollanırdılar. Bununla da “Dinamo” bir növ olimpiya yığmamızın bazasına çevirildi. Komanda 1997-ci ildə rəsmi qeydiyatdan keçdi və tam reqlament qaydalarına uyğun olaraq güclülər dəstəsində çıxış etməyə başladı.
 
“Bakıdan rayona gedib futbolçunu həyat yoldaşı ilə barışdırırdı”

Seyidovdan Musayevin futbola yanaşması, bir rəhbər kimi idarəçiliyi, futbolçularla ünsiyyəti haqda da soruşduq: “Əyyam müəllim çox sadə insan olub. Futbolçularla ata-oğul kimi münasibət qururdu. Məhz bunun nəticəsi idi ki, “Dinamo”da gözəl ailə mühiti yaranmışdı. Cavanlarla bərabər komandada Şahin Diniyev, Yaşar Vahabzadə, Nazim Əliyev, Nadir Şükürov, Aydın Ələkbərov, Musa Qurbanov, Arif Əsədov kimi təcrübəli futbolçular da oynayırdı. O vaxt komandanı götürəndən sonra əsas tapşırığı futbolçular üçün yaxşı şərait yaratmaq oldu. İlk növbədə Səttərxan adına zavodun stadionunu təmir etdik, qazonu dəyişdik. Daha sonra futbolçuların qalması üçün şərait qurduq. O vaxt zavodun 3 tipli yataqxanası var idi: kişi yataqxanası, qadın yataqxanası və ailə yataqxanası. Tapşırıq verdi ki, kişi yataqxanasında futbolçular üçün də şərait yaradılsın ki, kənardan gələn futbolçular orda qala bilsinlər. Futbolçular orda qalırdılar, gündə 3 dəfə də yeməklə təmin olunurdular. Bundan başqa o dövr üçün heç də pis olmayan maddi vəsait də ayrılmışdı. Futbolçulara aylıq 300-500 dollar aralığında maaş verilirdi. Hər qələbəyə görə də 100-200 dollar mükafat olurdu. Əyyam müəllim havanın qarlı, yağışlı olmasından asılı olmayaraq, gəlib bütün oyunlara baxırdı. Bundan başqa, 3-5-10 min dollar “podyomnı” da verilirdi. O dövr üçün çox yaxşı məbləğlər idi. Bundan əlavə, futbolçuların digər problemlərinin həlli üçün də əlindən gələni edirdi.  Kiminsə toyu olurdu, yaxud hüzürü düşürdü, onlara da kömək edirdi. Universitetdə problemi olanın problemini həll edirdi, özəl universitetlərdə oxuyanların təhsil haqqlnıl ödəyirdi. Bakıdakı bütün universitetlərdə bizi tanıyırdılar. Bəzən Əyyam müəllim universitetə futbolçunun özündən çox gedirdi (gülür). Yaxud birinin mənzillə, torpaq sahəsi ilə bağlı problemi olurdusa, onu da həll edirdi. Şəxsən rayon icra başçılarının yanına gedirdi.  Yeməkxanaya gəlib futbolçularla bir yerdə yemək yeyirdi. Ən sevimli futbolçusu isə Sənan Qurbanov idi.  Onda futbolçu görünüşü vardı. Deyirdi ki, hazır materialdı, ona Avropaya göndərmək lazımdır. Bir də görürdün, hansısa futbolçu balkonunu 1 metr qabağa çıxartmaq istəyir,bunun üçün icazə almaq lazım idi, ona da icazə alırdı. Təsəvvür edin, boşanmaq üzrə olan ailələri barışdırırdı. Ad çəkməyəcəm, bir futbolçumuz məşqə gəlmirdi, oyuna da çıxmayacaqdı. Səbəbini öyrəndik və məlum oldu ki, ailəsində ciddi problem var, boşanmaq üzrədir. Əyyam müəllim oturdu maşına, burdan getdi rayona, hər ikisinin valideynlərini çağırıb barışdırdı, futbolçunu da götürüb məşqə gətirdi. Sonra həmin futbolçunun övladlarının toyunda mən özüm iştirak etmişdim”.


“Futbolçuları məscidə aparıb Quranın altından keçirdik ki, oyun satmasınlar”

Yaşar müəllimlə söhbətimizdə bir məqama da toxunduq. Belə ki, Əyyam müəllim özü şəmkirli idi. Lakin o vaxt Şəmkir qala-qala onun Bakıda komanda yaradıb sponsorluq etməsi şəmkirlilərin narazılığı ilə qarşılanmışdı. Hətta Milli Məclisin Şəmkirdən olan deputatı da bundan narazılıqlarını açıq şəkildə bildirmişdi.  Çünki “Dinamo” yaranan vaxtlarda “Şəmkir” çox pis vəziyyətdə idi  və hər oyunda 4-5 top buraxırdı. İş elə gətirdi ki, sonradan Sahbaz Süleymanov “Şəmkir”i himayəsinə götürdü və bu iki komanda arasında əsl intriqa yarandı. Hətta 1998-ci ildə “Dinamo” UEFA kubokuna vəsiqəni “Şəmkir”i udmaqla qazanmışdı. Bu isə Musayevlə Süleymanov bir-birinə az qala düşmən eləmişdi. Şəmkirdə də Musayevdən ciddi narazılıq yaranmışdı. Seyidov həmin dönəmləri belə xatırlayır: “Bəli, o vaxt belə bir gərginlik olmuşdu. Hətta bir müddət Əyyam müəllimlə Şahbaz müəllimin arasında əməlli-başlı soyuqluq yaranmışdı. 1998-ci ildə həm biz, həm də “Şəmkir” 2-ci yer uğrunda mübarizə aparırdıq. 2-ci pilləni tutan UEFA kubokuna yollanacaqdı. Sona iki tur qalmış Tofiq Bəhramov adına Respublika stadionunda “Şəmkir”i qəbul edirdik. Turnir cədvəlində bizdən öndə olduqlarından onlara heç-heçə də sərf edirdi, amma bizə mütləq qələbə lazım idi. Həmin oyundan əvvəl bizim bəzi futbolçularımız “Şəmkir”lə danışığa getmişdi. Bu məlumat bizdə var idi.  Elə oldu ki, bazadan çıxmamışdan əvvəl Əyyam müəllim məni çəkdi qırağa ki, bəs qulağıma bəzi söhbətlər çatıb, odur ki, sən komandanı stadiondan əvvəl birbaşa Göy məscidə apar. Hamısını Quranın altından keçir və and içsinlər. Bu arada haşiyəyə çıxım ki, həmin oyun Respublikada idman gününə təsadüf elədiyindən bununla bağlı keçirilən tədbirlərin syahısına salınmışdı. O vaxtkı gənclər və idman naziri Əbülfəs Qarayev soruşmuşdu ki, hansı komandalar oynayır. Sözümün canı odur ki, oyun çox tarixi və məsuliyyətli idi. Əyyam müəllim də ona görə deyirdi ki, bu oyunu uduzmaq olmaz. Odur ki, komandanı bazadan stadiona yox, ilk əvvəl məscidə apardım. Əvvəl qələbəmiz üçün dualar oxuduq və sonra hamı bir-bir Quranın altından keçib avtobusa mindi. Orda da deyildi ki, kim bu oyunda xəyanət eləsə, Quran ona qənim olsun. Yalnız bundan sonra komandanı stadiona apardım. Ondan sonra uşaqlar dedi ki, nə olur olsun, bu oyunda canımızı qoymalıyıq. Düzdür, stadionda yenə təkliflər olmuşdu, amma uşaqlar imtina eləmişdi ki, Qurandan qorxuruq, and içmişik. Yekunda həmin oyunda 2:0 hesabı ilə qələbə qazandıq. Bax həmin tarixi gün məhz “Şəmkir”lə oyuna təsadüf eləmişdi. Onu da deyim ki, oyunu daxili işlər naziri Ramil Usubov da izləmişdi. Oyundan sonra onun da komandaya xüsusi mükafatı olmuşdu. Bu matçdan sonra Əyyam Musayevlə Şahbaz Süleymanovun münasibətləri daha da gərginləşdi və bir neçə il davam etdi. Növbəti mövsüm Şəmkirə gedəndə böyük təzyiq altında oynamışdıq. Düzdür, sonradan barışdılar. Hətta o vaxt biz ora oyuna gedəndə Gəncədə qalırdıq və Şahbaz müəllim oyundan sonra gəlib demişdi ki, “Dinamo”nun bütün xərcini mən qarşılayıram və bu münaqişəyə də son qoyaq. Futboldu, idman mübarizəsidir və belə şeylər olur. Mən də ordan Əyyam müəllimə zəng elədim ki, bəs belə məsələ var,o da demişdi ki, problem yoxdu, Şahbaz müəllim necə istəyir, elə də olsun”.



1998-ci il, Rumıniya. Kostyumda olan şəxs Əyyam Musayev,
onun arxasındakı isə Yaşar Seyidovdur

“Rumıniyada bizi görəndə elə bildilər, “Real” gəlib”

Seyidovdan Rumıniyanın “Arceşt” klubu ilə keçirilən UEFA kuboku matçı haqda da soruşduq. Əyyam müəllim də həmin oyunu şəxsən Rumıniyada izləmişdi: “O vaxt futbolumuzda vəziyyət başqa idi. Ümumiyyətlə, ölkəmiz yeni-yeni inkişaf mərhələsinə qədəm qoyurdu. Məşq etməyə top tapa bilmirdik. Bütün komandalar beynəlxalq matçları Respublika stadionunda oynayırdı. Rumıniya  səfərimiz də çox maraqlı olmuşdu. Formaları Əli Daeinin İrandakı fabrikindən sifariş vermişdik. Standard nömrələr tapa bilmədiyimiz  üçün özümüz kəsmişdik və həyat yoldaşım onu evdə əli ilə formaların arxasına tikmişdi. Bir maraqlı hadisəni də danışım. Səfərə götürmək üçün futbolçulara hamısı eyni olan 30 sumka lazım idi. Di gəl, hara gedirdik, eyni sumkadan 30 dənə tapmırdıq. Axırda bir yerə getdik dedilər ki, bizdə eyni sumkadan 30 dənə var, amma üstünə “Real” Madrid yazılıb. Dedik ver, onsuz da başqa seçim yoxdur. Gedib Rumıniyaya çatdıq,  hava limanında qeydiyatdan keçdik və yük yerindən sumkalar gəlməyə başladı. Təsəvvür edin, sumkalar bir-bir gəlir, hamısının da üstünə “Real” Madrid yazılıb. Bir anda hava limanına 200-300 adam yığışdı ki, “Real” Rumıniyaya gəlib (gülür). Polis də bunları kənarlaşdıra bilmir. Deyirlər yəqin ki, tranzit kimi Rumıniyadan keçirlər. Sonra bizim futbolçular yaxınlaşıb bir-bir sumkalarını götürəndə təəccüblə baxırdılar ki, axı burda Raul yoxdu, Kasilyas yoxdu. Birtəhər başa saldıq ki, Bakıdan oyuna gəlmişik və sumka tapmadığımız üçün üstündə “Real” yazılan sumkalardan almışıq. Oyunu 1:5 uduzduq, amma bunu təbii qarşıladıq. Çünki onların şəraitini gördük, 9 təbii örtüklü meydançaları,özlərinin ayrıca otelləri var idi. Baxmayaraq ki, “Arceşt” Avropada ciddi uğurlar qazanmayıb. Əyyam müəllim deyirdi ki, Yaşar, bir onların şəraitinə bax, bir də bizim. Bir stadion və bir yataqxana düzəltmişiq, elə bilirik komandayıq”.

“Dinamo”nun oyunundan sonra dünyasını dəyişdi”

Əyyam Musayevin ölümü də çox qəribə olub. Görünür, futbola hədsiz bağlılığından irəli gəlir ki, ölümü də futboldan olub: “Ürəyində ciddi problem var idi. Ona görə də “Kaspar” xəstəxanasına aparmışdıq, orda yatırdı. Həkimlər futbola baxmağı və həyacan keçirməyi qəti qadağan etmişdi. Həmin gün də Çempionlar Liqasında Kiyev “Dinamo”sunun oyunu var idi. Çağırıb dedi ki, məni bu gün axşam burdan çıxar, gedək futbola baxaq. Mən də getdim xəstəxanaya, amma tibb bacısı dedi ki, xəstəni qəti tərpətmək olmaz, çünki vəziyyəti kritikdi. Bir az həyəcan keçirsə, sonu yaxşı olmayacaq. Bunu özünə deyəndə məni möhkəm danladı ki, gərək tibb  bacısına heç nə deməzdim. Sonra belə qərar aldıq ki, xəstəxanaya bir televizor gətizdirim və orda futbola baxsın. Elə oldu ki, oyunun sonlarına yaxın həyacan keçirdi və gecə saat 3-ə işləmiş dünyasını dəyişdi. Dünyasını dəyişəndə də əynində “Dinamo”nun forması var idi. Mən deyərdim ki, bununla da Azərbaycan futbolu çox dəyətli bir insanı itirdi”.


Anar XANLAROV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı