5-ci yarımfinal: 25-ci qələbə üçün

5-ci yarımfinal: 25-ci qələbə üçün
XƏBƏR 29 Mart 2017 / 10:30 2045
-  A +

Martın 30-da Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək.

Qol.az-ın məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk oyununu səfərdə keçirəcək “Qəbələ” Bakıda “İnter”lə qarşılaşacaq. Ölkə kubokunda 12-ci mövsümdür mübarizə aparan “qırmızı-qaralar” üçün “İnter Arena”dakı matç 51-ci olacaq. Bunadək 24 görüşdə qələbə qazanan komanda səfər matçına yubiley uğuru üçün çıxacaq. 25-ci qələbənin astanasında olan “Qəbələ” kubokda 17 heç-heçə edib və 9 dəfə uduzub. Rəqib qapılarına 79 dəfə yol tapan futbolçular 80-ci topu “İnter”in qapısından keçirə bilər. Əvvəlki 50 görüşdə rəqiblər 42 qola sevinib.

Bu, “Qəbələ”nin tarixində 5-ci yarımfinal dueli olacaq. İndiyədək 4 dəfə finalın bir addımlığında olan “qırmızı-qaralar” bir dəfə həlledici görüşə vəsiqə qazanıb. 2013/14 mövsümündə komanda “Xəzər Lənkəran”ı yarımfinalda dayandırıb – 3:0, 1:1. Klubun tarixində ilk dəfə 1/2 finala çıxması isə 2007/08 mövsümünə təsadüf edib. Həmin vaxt da rəqib Lənkəran təmsilçisi olsa da, mərhələni cənublular keçib – 1:3, 1:1. Bir il sonra isə “Qəbələ” indiki rəqibi “İnter”lə finalın bir addımlığında qarşılaşıb. Onda hər komanda öz meydanında qələbə qazanıb və finala bakılılar yüksəlib – 0:5, 2:0. Ötən il isə Roman Qriqorçukun komandası yarımfinalda “Neftçi” səddini keçə bilməyib – 1:1, 1:1, pen. 3:4.
Bu mərhələdə 2 qələbə qazanıb, eyni sayda uduzub, 4 dəfə heç-heçə edən komandanın məğlubiyyətsizlik seriyası da diqqət çəkir. Belə ki, penaltilər seriyası nəzərə alınmasa, yarımfinaldakı son 5 matçda “Qəbələ” uduzmayıb. Son üç görüşdə isə 1:1 hesabı qeydə alınıb.

Ümumilikdə isə “qırmızı-qaralar” 9 oyundur kubokda uduzmur. Son yenilgi 2015-ci il martın 4-də qeydə alınıb. 2014/15 mövsümünün 1/4 finalında “Simurq”a 0:3 hesabı ilə məğlub olandan sonra “Qəbələ” 5 qələbə qazanıb, 4 heç-heçə edib.

Səfərdə qazanılacaq qələbə daha iki yubileylə əlamətdar ola bilər. Bu, klub tarixində rəqib meydanlarında ümumilikdə 80-ci, kubokda 10-cu qələbə kimi tarixə düşəcək. Belə ki, indiyədək səfərdəki 217 oyunda 79 dəfə qalib gələn komanda kubok yarışındakı 22 matçda 9 dəfə sevinib.

Xatırladaq ki, “Qəbələ” 1/8 finalda “Zaqatala”nı (2:2, pen. 4:1), 1/4 finalda AZAL-ı (2:1, 1:0) mübarizədən kənarlaşdırıb.

Mənbə: gabalafc.az


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı