"Son üç çəkidə hər şey dəqiqləşib" - Rəşad Əhmədov

"Son üç çəkidə hər şey dəqiqləşib" - Rəşad Əhmədov
XƏBƏR 21 Mart 2017 / 20:30 2384
-  A +

Taekvondo üzrə kişilərdən ibarət yığma komandamızın baş məşqçisi Rəşad Əhmədov müsahibə verib. O, təyinatı və qarşıdan gələn İslam Həmrəyliyi Oyunları ilə bağlı sualları cavablandırıb.

- Yığma komandaya böyük məşqçi təyin olunmusuz. Necədi məşqçilik işi?

- Məşqçiliklə bağlı təklif mənə yığma komandanın baş məşqçisi Reza Mehmandustdan gəldi. Dedi ki, səndə yaxşı alınar, həm də komandanın idmançıları səni yaxşı tanıyır, böyük hörmət bəsləyir. Mən də götür-qoy etdim və razılaşdım. Reza bəy çox böyük məşqçidi, neçə-neçə olimpiya və dünya çempionları yetişdirib. Onunla çalışmaq mənim üçün də maraqlı və xoşdu. Qadınların yığmasına da mənim keçmiş komanda yoldaşım və dostum Elnur Amanov təyin edilib. Onların da məşqi bizimlə birlikdə olur deyə, bu vəzifədə olmağım ikiqat stimuldu.

- Federasiyanın Təşkilat komitəsinə rəhbərlik edirdiz. Həmin vəzifədə qalırsız yenə?

- Xeyr. Çatdırmaq olmur. Həm də bir əldə iki qarpız tutmaq nəyə lazımdı?!

- Digər komandalar kimi, siz də ölkəmizdə təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarına hazırlaşırsız. Hazırlıqdan danışardız.

- Hazırlıq yüksək səviyyədədi. İdmançıları xüsusi rejimlə bu yarışa hazırlayırıq. Hər bir prosesə xüsusi diqqət edirik.

- Bir çox çəkilərdə güclü rəqabət var. Seçim prosesi asan olmamalıdı...

- Elədi. Bəzi çəkilərdə artıq kimlərin çıxış edəcəyi müəyyənləşsə də, bəziləri açıq olaraq qalır. Qarşıda bizi Prezident Kuboku gözləyir. İdmançıları orda da sınaqdan keçirib, yekun qərarı verəcəyik.

- Hansılarda müəyyənləşib?

- 54 kiloqramda iki idmançı vardı nəzərimizdə. Biri Qaşım Maqomedov, digəri Mikayıl Əliyev. Mikayıl son iki yarışda uğursuz çıxış etdi, formada olmadığı göründü. Qaşım isə "Dutch Open"də qalib oldu. Çox güman ki, elə Qaşıma üstünlük veriləcək. 58 kiloqramda tək namizədimiz var, o da Fizam Mextiyevdi. 63-də Məhəmməd Məmmədov və Məmmədəli Quliyev arasında rəqabət gedir. Hələ konkret nəsə demək olmur burda. 68-də  Ayxan Tağızadə və Sina Bəhrami arasında seçim edəcəyik. Ayxan Hollandiyadakı turnirin üçüncülük görüşündə Sinaya qalib gəldi. Bu, Ayxanın şanslarını nisbətən artırır. 74-də Səid Quliyevlə Ələsgər Əliyev var. Onların da hansının çıxış edəcəyi açıq olaraq qalır. Son üç çəkidə isə hər şey dəqiqləşib. 80-də Milad Beiqi, 87-də Ramiz Əzizov, +87-də Radik İsayev döyüşəcək.

- İslam Ölkələri arasında taekvondoda İran, Türkiyə və Özbəkistan xüsusi nəzərə çarpır. Bəs bilmirsiz, bu ölkələr əsas heyətləmi gələcək?

- İran çox güman ki, əsas heyətlə gələcək. Çünki onlar bütün yarışlarda iddialı olurlar. Eləcə də Türkiyə. Amma bir məsələ də var ki, İslamiadadan iki ay sonra da dünya çempionatı keçiriləcək. Bu, dediyiniz və digər ölkələrin seçimlərinə təsir edə bilər.

- Avropa Oyunlarında və son Olimpiadada göstərdiyiniz nəticələrdən dolayı, sizə böyük ümidlər var.

- İdmançıların potensialı bu iki turnirdəki kimi, hətta ondan da yaxşı çıxış etməyə imkan verir. Ancaq öncədən nəsə deməyək, yaxşısı.

Mənbə: sport24.az


Son xəbərlər