“O, heç vaxt artistlik etməz” – Miçel Madera

“O, heç vaxt artistlik etməz” –  Miçel Madera
ÖLKƏ FUTBOLU 20 Mart 2017 / 00:25 5378
-  A +

“Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Miçel Markos Madera Topaz Premyer Liqanın 23-cü turunda “Zirə” ilə oyunundan (0:0) sonra Qol.az-ın büxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- “Zirə”dən belə müqavimət gözləyirdiniz?

- Təbii ki, çətin olacağını gözləyirdik. Ümumiyyətlə, çempionatda bütün komandalar daha yaxşı oynamağa başlayıb. Bu gün AZAL da “Qəbələ”dən 1 xal ala bildi.

- Sanki “Qarabağ” istədiyi futbolu göstərə bilmirdi bu gün. Səbəbini nədə görürsən?

- Xüsusilə ilk hissədə daha çox çətinlik çəkdik. Rəqib davamlı pressinq tətbiq edirdi. İkinci hissədə təşəbbüsü ələ aldıq. Ancaq “Zirə” tam olaraq müdafiəyə çəkilmişdi və qol vurmaq çətinləşdi.

- Oyunun sonlarına yaxın rəqib futbolçu Akim Latifu Ansi Aqolliyə qarşı kobudluq etdi və qırmızı vərəqə ilə cəzalandı. Səncə, qırmızı vərəqə qərarı doğru idi?

- Mən həmin epizodu görmədim. Çünki həmin vaxt başqa tərəfə baxırdım. Həm də bilirəm ki, Aqolli heç vaxt yalandan özünü yerə atmaz, artistlik etməz.

- Meydanda Dani Kintananın və Reynaldonun yoxluğunu hiss edirsən?

- Artıq bu haqda fikirləşməyin mənası yoxdur. Təbii ki, Reynaldo bizim üçün çox önəmli futbolçu idi. Eləcə də zədəli olan Kintana. Ancaq onların yerini dolduracaq futbolçularımız var və biz onlarla yola davam edirik.

- Dani Kintanasız çempionluq mübarizəsi aparmaq çətin deyil ki?

- Dani çox fərqli, vacib oyunçudur. Amma bundan sonra heç nə edə bilmərik. Ümid edək ki, zədəsini tez sağaltsın.

- Kintana ilə əlaqə saxlayırsan?

- Əməliyyatdan sonra bərpa prosesini keçir. Zənn edirəm ki, qayıdandan sonra daha güclü olacaq. Bu il olmasa da, gələn il komandamıza xeyir verə biləcək.

- Bir neçə epizodda “Zirə”nin kapitanı Elvin Məmmədovla gərginlik yaşadın. Nə baş vermişdi?

- Meydanda baş verənlər elə orda da qalır.

- Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsində martın 26-da Almaniya ilə qarşılaşacaq. Bu oyunda millimizdən hansı nəticəni gözləyirsən?

- Azərbaycan milli komandasına uğurlar arzu edirəm. Bilirəm ki, Almaniya ilə oynamaq çətin olacaq. Amma bu, futboldur. İstənilən nəticə qeydə alına bilər.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər