“Bu gün mütləq qələbə qazanmalı idik” - Uqo Barqas

“Bu gün mütləq qələbə qazanmalı idik” -  Uqo Barqas
ÖLKƏ FUTBOLU 19 Mart 2017 / 00:53 2420
-  A +

"Neftçi"nin futbolçusu Uqo Barqas Topaz Premyer Liqasının 23-cü turunda Bakı "İnter"inə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın məlumatına görə, o, ilk olaraq qələbəni şərh edib

- Oyunun çətin keçəcəyini bilirdik və buna yaxşı hazırlaşmışdıq. Məşqçimizin verdiyi tapşırıqları bacardığımız qədər düzgün yerinə yetirməyə çalışdıq. Əziyyətimizin bəhrəsini də gördük. Qollar gözlədiyimiz vaxtlarda gəldi. Sonda müəyyən qədər arxaya çəkildik, komandada yorğunluq var idi. Çünki ikinci hissənin əvvələrində çox işləmişdik, mübarizə aparmışdıq. Buna baxmayaraq, gücümüzü topladıq və qələbə qazana bildik. Qələbəni azarkeşlərimizə, bütün “Neftçi”sevənlərə həsr edirik.

- Bildirdin ki, qollar istədiyimiz vaxtlarda gəldi. Yəqin ki, “İnter”in qolu da gözləmədiyiniz vaxtda gəldi...
- İkinci qoldan sonra komandada arxayınlıq yarandı, müdafiəyə çəkilməli olduq. Çünki hesabı qorumağa çalışırdıq. Bununla “İnter”in zəif oynadığını demək istəmirəm. Rəqib sona qədər yaxşı oynadı, güclü futbolçuları var. Sadəcə, biz imkanlarımızdan yaxşı istifadə etdik və onların geridönüş etməyə vaxtları qalmadı.

- Bu gün “Neftçi”nin 80 illik yubileyi qeyd olunurdu. Bu səbəbdən üzərinizdə təzyiq hiss edirdiniz?
- Xeyr, üzərimizdə hansısa təzyiq yox idi. Bu, bizə əlavə motivasiya verdi. Bu gün mütləq qələbə qazanmalı və azarkeşlərimizi sevindirməli idik. Biz də bunun öhdəsindən gəldik. Oyundan-oyuna komanda daha da güclənir. Qalibiyyətlər bizə əlavə motivasiya verir. Deyərdim ki, “Qəbələ” üzərində qələbə bizə böyük güc vermişdi.

- 80 yaşlı klubun yubiley günündə tribunada az sayda azarkeşin olması səni təəssüfləndirirmi?
- Düzdür, futbolu azarkeşsiz təsəvvür etmək mümkün deyil. İlk gəldiyim gündən bu günə görürəm ki, azarkeşlərimizin sayı artıb. Biz də qələbələr qazanıb, azarkeşlərimizi stadionlara cəlb etməyə çalışacağıq.

- Rəqib qapıçının boyunun hündür olmaması sizə üstünlük qazandırdımı?
- Demək olar ki, birinci qolda həmin amil rol oynadı. Qapıçı bir az hündür olsa idi, bəlkə də, o topu qaytarardı. Amma ikinci qolda boy amili rol oynamadı. Çünki Rəhman Hacıyev gözəl zərbə vurmuşdu. Məşqçimiz də tapşırmışdı ki, qapıçının boyu balacadır, bacardığınız qədər uzaqdan zərbələr vurun.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın