Sərvətini futbolumuza fəda edən adamın kədərli həyat sonluğu

Sərvətini futbolumuza fəda edən adamın kədərli həyat sonluğu
FUTBOLUN TARİXİ 13 Mart 2017 / 11:41 16620
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur.


Şahbaz Süleymanov. Onu futbol ictimaiyyətindən çətin ki, kimsə xatırlamasın. Onu el arasında daha çox Saşa kimi tanıyırdılar. Özü hələ sağlığında verdiyi bir müsahibədə bu məsələyə toxunaraq deyib ki, atasından və Ağasəlim Mircavadovdan başqa ona Şahbaz deyən olmayıb. Hamı elə “Saşa” deyə xitab edərmiş. İlk dəfə nə vaxtdan bu cür adlandırılmasını isə xatırlamırdı.

Şahbaz Süleymanov Azərbaycan futbolu üçün çox dəyərli insan olub. 4 ilə yaxındı dünyasını dəyişməsinə baxmayaraq, hələ də onun haqqında danışılır, yazılır. O, futbolu çox sevirdi və qazandığı pulu da son qəpiyinə kimi futbola xərcləyirdi. Zarafat deyil, Şəmkir kimi kiçik rayonun komandasını Avropaya çıxardı, Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasında mərhələ adladı. Şahbaz Süleymanovun dövründə “Şəmkir”də oynamış və işləmiş elə bir insan çətin tapılar ki, ondan az da olsa narazılıq etsin. Şahbaz müəllim klubda heç kimin haqqının tapdanmasına imkan verməyib. Təsadüfi deyil ki, şəmkirlilər də onu bu günə kimi böyük hörmətlə anır, xatırlayırlar. 

Saşa haqda bu yazını hazırlayarkən ilk öncə Əfqan Taılıbova müraciət etdik. Çünki Talıbov Şahbaz Süleymanovla çox yaxın olub. Əfqan Talıbov həm də Süleymanov “Şəmkir”i himayəsinə götürdüyü ilk vaxtlardan komandanın içində olub, əvvəlcə komandada oynayan-məşqçi, sonra məşqçi olub. Ən əsası dünyasını dəyişənə kimi “Saşa”ya sadiq olub, onun başı üstündən ayrılmayıb. Həmsöhbətimiz biləndə ki, Şahbaz müəllimdən yazı hazırlayırıq, çox sevindi və söhbətə mənmuniyyətlə razı oldu.

“Gördüm qarşımda 160-180 kiloluq adam əyləşib”

Öncə Şahbaz müəllimlə tanışlığından başladı. Məlum oldu ki, bu tarix hələ SSRİ dönəminə gedib çıxır:

“Allah Şahbaz müəllimə rəhmət eləsin. Siz də sağ olun ki, bu cür insanı yaddan çıxarmırsınız, ona yazı həsr edirsiniz.  Mənim Şahbaz müəllimlə tanışlığımın tarixçəsi 1986-cı ildən başlayır. Həmin vaxt “Kəpəz”də oynayırdım. Ev oyunlarımıza 20 min azarkeş gəlirdi. Tək Gəncədən yox, ətraf rayonlardan, o cümlədən də Şəmkirdən. Şahbaz müəllim də Şəmkirdən gəlib bizim oyunlara baxırdı. Çünki futbol azarkeşi idi. Bir dəfə oyunların birindən sonra mənə dedilər ki, bir nəfər səninlə tanış olmaq istəyir və Şamxora (o vaxt Şəmkir Şamxor adlanırdı) çağırır. Getdim görüş yerinə çatanda gördüm, qarşımda 160-180 kiloluq adam əyləşib. Bildirdi ki, bizim oyunlarımıza baxıb və mənim oyunumu da çox bəyəndiyindən yaxından tanış olmaq istəyir. Beləliklə də onunla tanışlığımız başladı. Sonradan tək  Şəmkirdə, Gəncədə yox, Bakıda da görüşürdük. Həmin vaxt Şahbaz müəllimin heç bir vəzifəsi yox idi. Amma böyük nüfuza malik idi. Sonradan onu Şəmkirdə konyak zavoduna baş direktor təyin etdilər. Həmin ərəfədə mən Rusiyada oynadığımdan bir müddət görüşə bilmədik”.


“Dedi ki, Şəmkirdə ya komanda olmalıdı ya da dağılmalıdır”

Daha sonra Talıbov Süleymanovun “Şəmkir”i necə himayəyə götürməsindən və bunun tarixindən danışdı: “1993-94-cü illərdə mən Azərbaycana qayıtdım və “Neftçi”də oynamağa başladım. 1994-95-ci ildə bu komanda ilə ölkə kubokunu qazandım. Növbəti il isə “Xəzri”yə keçdim. Həmin vaxt “Şəmkir” də güclülər dəstəsində oynayırdı, amma vəziyyəti çox acınacaqlı idi. Futbolçular geyinməyə buts tapmırdılar. Komandanın baş məşqçisi Ramiz müəllimi gördüm. Dedi ki, sabah Gəncəyə “Kəpəz”lə oyuna gedirik və 3-4 top fərqi ilə uduzsaq, böyük şeydir. Hətta dedi ki, Mehman Allahverdiyevdən xahiş edərik, çox qol vurmazlar. Ertəsi eşitdik ki, “Kəpəz” “Şəmkir”i 14:2 hesabı ilə məğlub edib. Mən özüm də hesabdan şoka düşdüm. Həmin məğlubiyyət bir şəmkirli kimi Şahbaz müəllimə çox pis təsir edibmiş. Məni çağırdı yanına. Dedi ki, get Şəmkirdə yeni komanda yığ. Belə komanda olmaz. Şəmkirdə ya komanda olmalıdır, ya da dağılmalıdır. Bundan sonra mən Şəmkirə yollandım və qış fasiləsində yeni komanda qurmağa başladıq. Mehman Yunusov, Rauf Mehdiev kimi təcrübəli futbolçuları da Şəmkirə apardım. “Kəpəz”dən 4 futbolçunu heyətimizə qatdıq. İkinci dövrədə əsas hədəf elitada qalmaq idi. Çünki vəziyyət doğrudan da pis idi. Komanda 7-8 top vurub 100-ə yaxınını buraxmışdı. Belə olan halda maksimum hədəfimiz yüksək liqada qalmaq olardı ki, bunu da bacardıq”.




Əfqan Talıbov

“Deyirdi, mən xoşbəxtəm ki, futbolda şəfa tapıram”

Həmsöhbətimiz Saşanın futbola və futbolçulara yanaşmasından da söz açdı, bir klub prezidenti kimi də mərhumu xarakterizə etdi: “1996-97-ci il mövsümündə elitada qalmağı bacarandan sonra növbəti mövsüm üçün qarşımıza daha ciddi hədəflər qoyduq. Məqsədimiz yüksək yer tutub avrokuboklara qatılmaq idi. Çempionatın sonuna kimi də ikinci pilləni əlimizdə saxlamışdıq. Yalnız sona bir neçə tur qalmış mövqeyimizi əldən verdik və avrokuboklara “Dinamo” getdi. Burda da əsas səbəb “Bakı Fəhləsi” ilə oyunda itirdiyimiz xal oldu. Hansı ki, Əkrəm Baxşəliyev penaltini vura bilməmişdi. Amma əsas o idi ki, böyük futbolu Şəmkirə qaytarmışdıq. Hər oyunumuza 10 min azarkeş gəlirdi. Növbəti il komanda daha da gücləndi və mövsümün sonunda UEFA kubokuna vəsiqə qazandıq. Şahbaz müəllim komanda üçün bütün lazımı şəraiti yaradırdı. Futbolçularla klub prezidenti kimi yox, bir valideyn kimi rəftar edirdi, qayğı götərirdi. Oyun qurtaranda stadiona gələn insanlar zurna-balabanla qələbəni qeyd edirdi, oynayırdı. Şahbaz müəllim isə birbaşa paltardəyişmə otağına gəlib hər futbolçuya mükafat olaraq 100 dollar verirdi. Deyirdi ki, bunlar da burda işçidilər və işçinin haqqını da təri qurumamış verməlisən. Bunun nəticəsində komandada çox mehriban ab-hava hökm sürürdü. Bir dəfə görməzdin ki, kimsə kiminsə xətrinə dəysin, kimsə kimisə təhqir eləsin. Bir az səhhətində problemi var idi, buna baxmayaraq, özünü xoşbəxt sayırdı. Deyirdi, Allah bu pulu mənə yetirib və mən də onu futbola xərcləyirəm, şəfamı futbolda tapıram. Həqiqətən də futbol xəstəsi idi. Mən onunla həddindən artıq yaxın olmuşam. Hətta məni ailəsinin bir üzvü hesab edirdi. Sonradan komandaya Ağasəlim Mircavadovu baş məşqçi gətirəndən sonra da mən elə komandada qalmışdım. Rəsmi heç bir vəzifəm olmasa da, Şahbaz müəllimin yanında idim. Futbola o qədər böyük həvəsi var idi ki, 1996-cı ildə Avropa çempionatının İngiltərə - İspaniya matçını izləmək üçün İngiltərəyə getmişdi.  Dedi ki, hazırlaşın, gedib o oyunu “Uembli”də izləyək. Bundan əvvəl - 1994-cü ildə isə dünya çempionatını canlı izləmək üçün də ABŞ-a yollanmışdı. “Şəmkir” 2000-ci ildə Çempionlar Liqasının ilkin təsifat mərhələsində “Skonto”nu keçəndə sevincinin həddi-hüdudu yox idi. Futbolçulara münasibətindən də bir epizod danışım. Deməli Moskvaya “Birlik kuboku”na gedirik. Sən demə, Şahbaz müəllim bir gün öncədən gedib Moskvaya və komanda üçün “Birlik kuboku”nda geyinmək üçün yeni geyim dəstləri alıb. Sonra da həmin geyim dəstlərini götürüb birbaşa hava limanına gəlmişdi. Orda formaları tək-tək uşaqlara təqdim etmişdi”.

“Viləş”lə oyundan sonra evə gəlib yatdı və ad günü keçirmədi”

Əfqan müəllim Şahbaz Süleymanovla bağlı bir maraqlı məqama da toxundu. Demə, komandası Şəmkirdə xal itirəndə “Saşa” bunu həzm edə bilməyib: “Bir dəfə “Viləş”lə oynayırdıq. Oyun günü Şahbaz müəllimin ad günü idi. Öncədən hardasa 100 nəfərlik stol açılmışdı ki, oyundan sonra gəlib ad gününü qeyd edək. Elə oldu ki, matç gözlədiyimizdən də çətin keçdi. Oyunun sonları gedir, “Viləş”də 1:0 qalib gəlir. Gördüm yox, nəyisə mütləq dəyişmək lazımdır və elə özüm meydançaya daxil oldum. Onda mən oynayan-məşqçi idim. Mən meydana girəndən sonra hesabı bərabərləşdirə bildik. Matç 1:1 hesasbı ilə bitdi. Oyun başa çatandan sonra gördük ki, Şahbaz müəllim yoxdu. Demə, həmin oyundan sonra gedib birbaşa evə və yatıb. Düz gecə saat 12-ə kimi yatdı, qonaqlıq filan da olmadı. Sabah bir qədər özünə gələndən sonra izah elədik ki, bu, futboldur. Futbolda udmaq da olar, uduzmaq da. Uzun söhbətdən sonra əhvalı bir az düzəldi və ad gününü bir gün sonra da olsa qeyd etdik”.


“Yeganə adam idi ki, Çexiyada maşını stadionun ikinci mərtəbəsinə sürüb ordan oyuna baxdı

Əfqan müəllim Saşanın xeyirxalhlığından və eyni zamanda böyük nüfuzundan da söz açdı: “Həddindən artıq xeyirxah insan idi. Problemi olan bir çox insana kömək etmişdi. Milli komandanın futbolçularına mükafat verməsi də düz söhbətdi. Belə şeylər onun içindən gəlirdi, özünə borc bilirdi. Amma bunu heç vaxt heç yerdə dilinə gətirmirdi. Mətbuatdan da uzaq adam idi. Nadir hallarda harasa müsahibə verərdi. Etdiyini car çəkən insan deyildi. Amma mən bilirəm ki, kimlərə nələr edirdi. Bir maraqlı məqama da toxunum. Deməli, Zabratda “Neftçi” “İnter”lə oynayırdı, biz də baxmağa getmişdik. Maşın darvazaya yaxınlaşanda gördü ki, 100-ə yaxın uşaq qapı arxasında qalıb. Məlum oldu ki, oyun biletlədir, bu uşaqların da bileti yoxdur. Tez mənə dedi ki, bilet al ver bu uşaqlara, qoy, keçib oyuna baxsılar. Daha sonra da özü maşınla arenaya daxil oldu. İnanın ki, oyunda həmin uşaqlar öz komandalarını unudub  “Şəmkir” qışqırmağa başladılar.

Daha bir maraqlı məqam da Çexiyada “Slaviya” ilə oyunda olmuşdu. Şahbaz müəllim həmin oyunu stadionunun 2-ci mərtəbəsindən izləmişdi. Özü də maşının içində. Mən deyərdim yeganə insandır ki, o stadionda maşınla ikinci mərtəbəyə qalxıb oyunu ordan izləmişdu. Hətta Rusiyanın “NTV+” telekanalı həmin anı belə şərh vermişdi ki, görünür, bu  şəxs elə-belə adam deyil və böyük nüfuza malikdir”.

“Saşanın çörəyini yeyən çox insan ondan üz döndərdi”

Həmsöhbətimiz Şahbaz Süleymanovun həyatındakı ağır dönəmlərdən və dünyadan köçməsindən də danışdı. Məlum oldu ki, Saşa gözlərini əbədi olaraq bu dünyaya yumanda Talıbov da onun yanında olub: “Şahbaz müəllim mən tanıyandan çox kök idi. Ümumiyyətlə, onlarda nəsillikcə köklük var.  Məsələn, oğlu 3 dəfə dietlə çəki azaldıb, amma dieti saxlayan kimi yenidən dəhşət dərəcədə kökəlib. Şahbaz müəllimin də belə bir problemi var idi. Lakin futboldakı uğurlar hardasa bunları unutdururdu. Amma bir dönəm gəldi ki, biznesdə işləri düz getməməyə başladı, konyak zavodunda işləri axsadı. Yalandan söz çıxardılar ki, guya buraxdıqları konyakın keyfiyyəti aşağıdı. Biznesində ard-arda gələn problemlər təbii ki, komandaya da mənfi təsir göstərirdi. Bu durumdan istifadə edən kənar qüvvələr də komandaya təzyiq edirdilər. Bütün bunlar isə Şahbaz müəllimin səhhətinə mənfi təsir göstərməyə başladı. Həmin vaxt ayağında bir nöqtə var idi. Vaxtında üstünə düşmədiyindən səhhətində böyük problem yarandı. Yekunda ayağını kəsməli oldular. Ayağı da kəsiləndən sonra işlərlə birbaşa özü məşğul ola bilmirdi. O da elə insan idi ki, ömrü boyu öz işini özü görürdü. Hətta bir dəfə də olsun kağızda qeyd aparmırdı. Nə lazım olsa beyninə yazırdı, yaddaşı çox güclü idi. Bir dəfə mənə demişdi ki, bir gün bu başbirdəlik düşəcək.

Həyat yoldaşının vəfatı da ona ağır mənəvi zərbə olmuşdu. Maddi imkanının yaxşı vaxtlarında onun qapısından adam əskik olmurdu. Təsəvvür edin, elə gün olurdu ki, evlərinə 100 ədəd çörək gəlirdi. Çünki qonaq çox olurdu. Amma vəziyyəti pisləşəndən sonra Saşanın çörəyini yeyən çox insan ondan üz döndərdi. Son gününə kimi onun yanında oldum. Böyrəyinə görə dializə gedirdi. Son günündə də dializdə idi və mən də yanında idim. Dializdən sonra yemək yeməli idi. Elə oldu ki, mən otaqdan çıxdım və bir az keçmiş oğlunun qışqırığına otağa qayıtdım. Qayıdanda gördüm ki, başı düşüb çiyninin üstünə. Bir anlıq “mənim başım birdəfəlik düşəcək” sözünü xatırladım. Tez yanına getdim başını qaldırdım, amma özünə gəlmədi və qollarımda canını tapşırdı. Onun ölümü mənə çox pis təsir etdi. Onun məndə bir şəkli var. Həmin şəkli vurmuşam soyuducunun buzxana olan yerinə. Çünki rəhmətlik buzlu suyu çox sevərdi. Hər yeməyin üstündən buzlu su içərdi. İndi mən də hər dəfə soyuducunun buzxanasını açanda o şəkli görüb ona rəhmət oxuyuram”.


“Ən böyük arzusu "Şəmkir"i Çempionlar Liqasının qrupunda görmək idi”

Talıbov sonda Şahbaz Süleymanovun ən böyük arzusunu da bizə çatdırdı: “Şahbaz müəllim həyat dolu insan idi. Çox şeyə marağı vardı. Məsələn, kitab oxumağı sevərdi, böyük kitabxanası var idi. Bilsəydi ki, onun kitabxanasında olmayan hansısa kitab var, hətat Kalininqradda belə alardı. Futbol isə şübhəsiz ki, həyatında mühüm yer tuturdu. Futbolda ən böyük arzusu “Şəmkir”i Çempionlar Liqasının qrupunda görmək idi. Deyirdi ki, nəhəng futbol ölkələri üçün bu, adi haldı. Amma “Şəmkir” üçün çox böyük uğur olardı. Özü “Qalatasaray” azarkeşi idi. “Qalatasaray” 2000-ci ildə UEFA kubokunu qazandı. O da arzu edirdi ki, heç olmasa “Şəmkir” də Çempionlar Liqasının qrupunda oynasın. Ümid edirəm ki, onun bu arzusu nə vaxtsa həyata keçəcək”.


“Ukraynadan “Şəmkir” üçün təyyara gətizdirdi”



Şahbaz Süleymanovla bağlı Ağasəlim Mircavadovla da danışdıq. Çünki “Şəmkir”ə tarixinin ən böyük uğurlarını baş məşqçi kimi məhz Mircavadov qazandırıb:

“Mən o vaxt U-21-in baş məşqçisi idim.  Buzovnadakı “Gənclik” bazasında təlim-məşq toplanışında idik. Dedilər ki, bir nəfər səni “Mersedes”də gözləyir, söhbət etmək istəyir. Bildim ki, Şahbaz Süleymanovdu. Mən də onun adını çox eşitmişdim, amma şəxsi tanışlığıız yox idi. Heç üz-üzə də gəlməmişdik. Getdim görüşdük və mənə dedi ki, səni “Şəmkir”ə dəvət edirəm. Mən də fikirləşmək üçün 2 gün vaxt istədim. Götür-qoy etdim, AFFA-nın o vaxtı prezidenti Fuad Musayevlə də danışdıqdan sonra razılıq verdim. Amma danışığımız belə olmuşdu ki, “Şəmkir”lə yanaşı U-21-də də qalacam. Onsuz da o zaman indiki kimi deyildi. U-21 oyundan oyuna yığışırdı. Beləliklə, mənim "Şəmkir" karyeram başladı.  Mən məşqçilik karyeramda çox prezidentlə işləmişəm, amma Şahbaz Süleymanov tamam başqa idi.  Futbolu çox gözəl bilirdi. Bəzən oturub hansısa oyunları müzakirə edirdik və mən görürdüm ki, futbolçu necə gözəl təhlil edə bilir. Amma bununla belə, heç vaxt məşqçinin işinə müdaxilə etməzdi.  İmkan daxilində komanda üçün hər şey edirdi. Onun dilindən “yox” kəlməsi çıxmazdı. Özü şəxsən gəlib məşqləri izləyirdi. Bizə də xüsusi hörmətlə yanaşırdı. Biz deyəndə kənardan gələn məşqçi və futbolçuları nəzərdə tuturam. Deyirdi ki, siz gəlib burda Şəmkir üçün oynayırsınız. Ona görə biz sizin qədrinizi bilməliyik. Təzə gəldiyim vaxt komandanın forması yox idi. Çempionatın da startına 1 həftə qalırdı. Dedim ki, bəs forma almaq lazımdır. Tez özü, mən və Əfqan Talıbov getdik İstanbula. Bizə dedilər ki, “Qalatasaray”a bu yaxınlarda 2 milyonluq formalar gəlib və həmin formaların parçalarından qalıb. Sifariş verdik, 3-4 günə bütün formalar hazırlandı və bütün dəsti ilə birlikdə götürüb Azərbaycana qayıtdıq.

Bir hadisə də danışım. Qış toplanışı üçün Ukraynanın Aluşta şəhərinə getməliyik. Şahbaz müəllim birbaşa Ukraynadan An-24 təyyarəsini sifariş verdi və həmin təyyarəni Gəncəyə gətizdirdi. O vaxtlar belə şeylər möcüzə kimi idi. Komanda da Ukraynaya həmin təyyarə ilə uçdu. Bir maraqlı məqam da o idi ki, həmin uçuş zamanı bütün yemək, içmək məsələsini Şahbaz müəllim özü həll etmişdi. Yeməkləri elə öz evində bişirtdirib gətirmişdi.

Bəzən uşaqlar kross qaçırdı. Gəlib, stadiona çatanda deyirdilər ki, Şahbaz müəllim bizi evdə gözləyir. Hamı birbaşa avtobusa minib onlara gedərdi. Gedib görərdik ki, stol açıb bizi gözləyir. Bax belə insan idi”.

Sonda...

Şahbaz Süleymanov 2013-cü ilin iyulun 1-də dünyasını dəyişib.

Anar XANLAROV

Layihə AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə hazırlanıb

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı