Banişevskiyə verilən saxta 50 dollar

Banişevskiyə verilən saxta 50 dollar
XƏBƏR 23 Fevral 2017 / 12:25 2498
-  A +

Ölümünə bir neçə ay qalmış o, üzərində gəzdirdiyi kağız parçasında belə bir qeydlər edibmiş: “Mən Anatoli Banişevskiyəm. Ünvanım...”

Banişevski xəstəliyə düçar olmuşdu, bu öz yerində. Xəstəliyi səbəbindən tanınmaz hala da düşmüş və deyilənə görə, tədricən yaddaşını da itirirmiş. Üzərindəki o kağız parçasını da buna görə gəzdirərmiş. Qorxurmuş, küçədə ölüb qalaram, məni tanıyan olmaz deyə.

Banişevski zamanında bütün Azərbaycanın futbol azarkeşlərinin sevimlisi olub desəm, yəqin yanılmaram. Şəxsən mən onun oyununu heç vaxt görməmişəm, amma ona təkcə futbolçu deyil, həm də sadiq bir insan olduğu üçün dəyər vermişəm. Səbəb?

Elə bu dəqiqə google axtarış sisteminə girin, Anatoli Banişevski yazın, onun vikipediyadakı səhifəsinə daxil olun və sizi təəccübləndirəcək (təbii ki, bu faktı bilməyənləri) bir məlumata rast gələcəksiniz: bu boyda böyük futbolçunun bütün karyerası ərzində - düz 14 ildə (1964-78) cəmi bir klubu olub: “Neftçi”!

Bəlkə də Banişevski üçün “Neftçi”dən getmək peşəkar futbolçuya xas adi addım yox, xəyanət kimi olardı. “Neftçi” Banişevskinin məbədi, sevgisi olub. O, karyerasının zirvəsində, SSRİ-nin nəhəng komandalarının təkliflərinin hamısını rədd edib. Banişevski futbol tariximizə təkcə böyük oyunçu olduğu üçün deyil, həm də başqa bir fövqəladə fakta görə düşüb: Bakını, Bakıya görə əbədi qaldığı “Neftçi”ini həmişə puldan üstün tutub.

Görəsən, oxuyurmu bu cümlələri Banişevski kimi futbol əjdahasının qəbrinə belə ziyarət etməyə layiq olmayan bir çox Azərbaycan futbolçusu?

Yox, elə başa düşülməsin ki, hansısa futbolçunun bir komandanı o birinə dəyişməsində qəbahətli nəsə var. Əksinə bu, normal haldır... Lakin anormal olan pulu təkcə futboldan deyil, özündən də, öz mənəviyyatından da üstün tutmaqdır. Çox danışmış, çox yazmışıq, amma düzəlmirlər. Bu yaxınlarda eşitdim, biri maaşını gec alır, klub rəhbərindən bunun hesabını soruşmağa cürəti çatmır, gəlib hirsini azarkeşə tökür.

Banişevski bu gün həyatda olsaydı, yəqin tüpürərdi belələrinin sifətinə.

Banişevski futbolu özündən daha çox azarkeş üçün oynayıb. Sonra karyerasını başa vurub. Sonra onu mənəviyyatı pak olanlar da, olmayanlar da xatırlayıblar: hərəsi öz vicdanına uyğun.

Hələ sağlığında şərəfinə həsr olunmuş turnir də keçiriblər. Allah ömürlərini uzun eləsin, turnirin təşkilatçıları o qədər ac imişlər ki, yarışa hökumət tərəfindən mükafatçılar üçün ayrılan pulun bir hissəsini mənimsəyiblər. Turnir bitib və həmin təşkilatçılar guya rəhmə gəlib Banişevskiyə 50 dollar veriblər. Sonra məlum olub ki, bu 50 dollar saxtadır.

Bu gün Banişevskini anırıq. Bu böyük futbol adamının ölümündən 17 il ötür. Bir gün gələcək, 17-ni 50, 50-ni də 100 rəqəmi əvəz edəcək. Amma Banişevski hər zaman minnətdarlıqla xatırlanacaq.

Ruhun şad olsun, ən böyük “Neftçi”li!

Aydın BAĞIROV

Zəruri qeyd: Bu yazı 2014-ci ildə, Banişevskinin vəfatının 17-ci ildönümü münasibəti ilə yazılıb və Qol.az saytında dərc olunub. Bu gün Anatoli Banişevskinin 71 yaşı tamam olur. Bu səbəbdən həmin yazını növbəti dəfə yayımladıq.

Daha çox


Son xəbərlər