"Hakim səhvlərinə görə beş xaldan məhrum olmuşuq" - "Neftçi"nin direktoru

"Hakim səhvlərinə görə beş xaldan məhrum olmuşuq" -  "Neftçi"nin direktoru
MÜSAHİBƏ 22 Fevral 2017 / 10:30 4036
-  A +

"Neftçi" klubunun icraçı direktoru Orxan Hüseynzadənin Qol.az saytına müsahibəsi

- "Neftçi"nin dəyişdiyini demək olar?

- Bəli. Gördüyünüz kimi, “Neftçi”nin əsas heyəti  90 faiz dəyişib. Məncə, elə bu rəqəm hər şeyi ifadə edir.

- Komandanın qış fasiləsindən sonrakı çıxışı klub rəhbərliyini nə dərəcədə qane edir?

- Bizim işimizə azarkeşlərimiz qiymət verir. Əgər onlar hər oyunda stadiona gəlib ilk dəqiqələrdən sona kimi bizə dəstək olurlarsa, deməli, qane edir.

- "Neftçi"nin heyəti demək olar ki, yeniləndi. Yeni transferlər özünü doğruldurmu?

- Komandaya yeni cəlb edilmiş futbolçuların hamısı əsas heyət oyunçularıdır. Onların hər biri işinə peşəkarlıqla yanaşır və komandaya fayda verirlər.
 
- Son vaxtlar hakimliklə bağlı çox etirazlar olur. Demək olar ki, hər tur kobud hakim səhvləri baş verir. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

- Bunlar hamısı səhvdən qaynaqlanır. İstərdik ki, hakimlər bu səhvlərdən doğru nəticə çıxarsınlar və oxşar hallar gələcəkdə təkrarlanmasın. Bütün ölkələrin çempionatlarında  hakim səhvlərinə rast gəlmək mümkündür, əsas odur ki,  qərəz olmasın.

- "Neftçi"yə qarşı da hakim səhvləri çox olur?

- Səhvlərlə üzləşdiyimizi desək, daha doğru olar.  Nəticədə vacib  5  xaldan məhrum olmuşuq. İndiki vəziyyətdə bu xallar hesabımızda olsaydı, ilk "4-lüy"ə yaxınlaşmışdıq. Fikrimcə, üzləşdiyimiz hakim səhvləri təcrübəsizlikdən qaynaqlanır. Premyer Liqa oyunlarını idarə edən hakimlər bütün təzyiqlərə baxmayaraq, meydanda soyuqqanlı və qətiyyətli olmalıdır.

- Əvvəlki müsahibilərinizin birində qeyd etmişdiniz ki,  hansısa yüksək məqsədlərdən danışmaq düzgün deyil. İndiki durumda komandanın qarşısına hansı məqsəd qoyulub?

- Məqsədimiz dəyişməyib. Çempionatda avrokuboklara vəsiqə qazandıran 4-cü yeri tutmaq və ölkə kubokunu qazanmaq istəyirik. Qışda gördüyümüz bütün işlər buna hesablanıb.

- Komandanın ilk "dördlüy"ə yüksəlmək perspektivi nə qədərdi?

- Qarşıdakı oyunlarda da ciddi hakim səhvləri ilə üzləşməsək, 4-cü yerə yüksəlməyimiz tam realdır.

-  "Neftçi" avrokuboklara düşə bilməsə, bunun günahkarı kim olacaq? Düzgün transfer siyasəti aparmayanlar, Vəli Qasımov, yoxsa Elxan Abdullayev?

- Açığı, avrokuboklara vəsiqə qazanmamaq barəsində qətiyyən düşünmürük.

- Ölkə kubokunda rəqibiniz "Qarabağ"dır. "Neftçi"nin kubok mübarizəsini necə görürsünüz?

- Yarımfinal mərhələsində zəif rəqib olmur. “Qarabağ” son ölkə çemponatının və kubokunun qalibidir. Avroliqanın qrup mərhələsində mütəmadi çıxış edir. Amma bayaq dediyim kimi, rəqib nə qədər güclü olsa da bizim hədəfimiz kuboku qazanmaqdır.

- Nə vaxtsa Namiq Ələsgərovun "Qarabağ"a qarşı oynadığını görəcəyik?

- Namiq Ələsgərovla bağlı iki klub arasında centlmen razılaşma olub və biz verdiyimiz vədə sadiqik.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın