“Qəbələ”nin bizə atmaca atması yaxşı haldı” – PFL rəsmisi

“Qəbələ”nin bizə atmaca atması yaxşı haldı” – PFL rəsmisi
MÜSAHİBƏ 15 Fevral 2017 / 12:55 4608
-  A +

Bu həftə Topaz Premyer Liqasının 19-cu turunda liderlərin qarşılaşması keçiriləcək. Turnir cədvəlində ikinci pillədə qərarlaşan “Qəbələ” lider “Qarabağ”ı qəbul edəcək.

Oyun ərəfəsində Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Qol.az saytının suallarını cavablandırıb.

- Peşəkar Futbol Liqasının bu həftə keçiriləcək "Qəbələ" - "Qarabağ" oyununa hazırlığı əvvəlki görüşlərdən nə ilə fərqlənir?

- PFL hər oyuna eyni yanaşır. Bizim üçün sonuncu yerdə gedən komandaların oyunu ilə liderlər qrupunda qərarlaşan komandaların görüşünün təşkilində hər hansı ciddi bir fərq yoxdur. Çünki biz bütün oyunların yüksək səviyyədə təşkilinə çalışırıq. Hər hansı bir qarşılaşmada problemin meydana gəlməsi bizim üçün xoş deyil. Sadəcə, “Qəbələ” və “Qarabağ” çempionluq uğrunda mübarizə apardığından bu görüşə maraq böyükdür. Peşəkar Futbol Liqası bu qarşılaşmaya jurnalistlərin səfərini təşkil etməyi nəzərdə tutur. Təhlükəsiz məsələləri ilə bağlı biz hələ mövsümün əvvəlində bütün klublara, eləcə də klubun təmsil olunduğu şəhərin və ya rayonun hüquq-mühafizə orqanlarına rəsmi müraciət ünvanlamışıq. Bundan əlavə, indiyə qədər Qəbələ şəhər stadionunda hansısa ciddi qarşıdurma olmayıb. Biz həmin stadionda hətta Azərbaycan kubokunun final oyununu təşkil etmişik.

- Oyundan öncə azarkeşlər arasında narazılıqlar daha da qızışıb. Bu mənada, təhlükəsizliyin daha da gücləndirilməsi üçün PFL tərəfdən şəhər rəhbərliyi və kluba növbəti müraciətin edilməsi gözlənilirmi?

- Matçdan öncə azarkeşlər arasında narazılıqların olması  təbii haldı. Çünki hər kəs öz azarkeşlik etdiyi komandanın qalib gəlməsini istəyir. Oyunun təhlükəsizliyi ilə bağlı şəhər rəhbərliyinə, Qəbələ şəhər hüquq-mühafizə orqanlarına növbəti müraciət etməyə lüzum yoxdu. Çünki o insanlar işlərinin öhdəsindən layiqincə gəlirlər və  bir daha vurğulayıram ki, indiyə kimi Qəbələdə keçirilən heç bir oyunda ciddi insident qeydə alınmayıb.

- Gələk, əsas məsələlərdən birinə. Oyuna hakim təyinatı nə vaxt açıqlanacaq?

- Hələ ki, Hakimlər Komitəsi bizə təyinat göndərməyib. Adətən hakim təyinatları oyundan 2 gün öncə açıqlanır.




- Ümumiyyətlə, PFL-də hakim təyinatı ilə bağlı müzakirələr başlayıbmı?

- PFL-də hakim təyinatı ilə bağlı müzakirələr olmur. Hakim təyinatı ilə Hakimlər Komitəsi məşğul olur.

- "PFL-də müzakirə aparılmır" deməklə yəqin zarafat edirsiniz...

- Bir daha deyirəm, PFL hakim təyinatı ilə məşğul olmur. Sadəcə olaraq, hər iki komandanın Avropa Liqasının qrup mərhələsində təmsil olunduğunu,  bu qarşılaşmanın çempionluq uğrunda yarışan iki komanda arasında keçirildiyini nəzərə alsaq, PFL-in Hakimlər Komitəsindən hakim təyinatı edərkən diqqətli olmasını, Qəbələyə bu görüşün yükünü çəkə biləcək hakimlərin göndərilməsini tələb etmək haqqı var.

- Bir vaxtlar yaxşı münasibətdə olan bu iki klub hazırda hakim səhvlərinə görə bir-birilərini açıq və ya üstüörtülü formada ittiham edir. PFL rəsmisi kimi buna münasibətiniz necədi?

- Əvvəl klubda çalışmasaydım, bu, mənə qəribə gələrdi. Hər kəs qalib gəlmək istəyir və bunun necə baş verməsi onlar üçün maraqlı deyil. Yaxşı olardı ki, heç səhv olmasın və heç kim də bir-birini ittiham etməsin. Amma bu mümkünsüzdür. Futbol səhvlər oyunudu. Kimsə səhv etməlidir ki, qol olsun. Həmin “kimsə” hakim də ola bilər, futbolçu da, baş məşqçi də. Amma klubların münasibətinin pozulmasına inanmıram. Məncə, münasibətləri indi də normaldı. Sadəcə, oyunlar zamanı insan emosional olur, hislərini cilovlaya bilmir.

- Amma əsasən "Qəbələ" nümayəndələri daha emosionaldılar bu məsələlərdə. Məsələn, Feysbukda klubun menecerləri Səbuhi Səfiyarlı və Səməd Nəsibov tez-tez "Qarabağ"ın və PFL-in ünvanına atmacalar atır. Nəcə təsir edir bu atmacalar sizə?

- Hər ikisi işinin öhdəsindən layiqincə gələn şəxsdir. Hər ikisinə hörmətin sonsuzdur. Əslində bu yaxşı haldı. Komandalarını sevməkdən irəli gəlir. Nəyin bahasına olursa olsun, çempion olmaq istəyidi. Özüm də vaxtında çox atmaca atmışam. Bu mənada, onları yaxşı başa düşürəm.

- Sosial şəbəkədə sonuncu statusunuz “Qarabağ” və “Qəbələ” azarkeşlərinin bir qismi tərəfindən narazılıqla qarşılanıb. Konkret olaraq, “təhlükəsizliyə təminat verilmir” bəndi ilə bağlı nə deyə bilərsiniz?

- Biz də insanıq. Günümüzün böyük hissəsini işdə keçiririk. Hətta şənbə və bazar günləri də turlarla əlaqədar işdə oluruq. Odur ki, gərgin iş yorğunluğunu üzərimizdən atmaq üçün gülüş məqsədi ilə paylaşılmış bir statusdur. Hər hansı ictimai yükü yoxdur. Əgər bu statusu diqqətlə və sona qədər oxusalar görəcəklər ki, sırf yumora hesablanıb. Bizim həm “Qəbələ”, həm də “Qarabağ” azarkeşlərinə hörmətimiz sonsuzdur. Hər iki tərəf həm daxili çempionatda, həm də avrokuboklarda futbola rəng qatıblar. Sonda hər üç komandaya – “Qəbələ”, “Qarabağ” və hakimlərə uğurlar arzu edirəm.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın