Rəşadları məhv edənlər...

Rəşadları məhv edənlər...
YAZARLAR 6 Fevral 2017 / 16:27 10096
-  A +

Rəşaddan az sonra danışacağıq. Hələlik gələk onun komanda yoldaşı Dani Kintanaya. Məlum, Azərbaycan futboluna gəlmiş ən səviyyəli legionerlərdəndi. “Qarabağ”ın həm daxili, həm də xarici yarışlardakı uğurlarında böyük pay sahibidi. Və bu futbolçunun diz bağları ötən həftə AZAL-la oyunda qırıldığı üçün ən azı 6 ay müddətinə sıradan çıxıb.

“Qarabağ”a və Qurban müəllimə keçmiş olsun. Ciddi itkidi.

Deməli, futbolçunun zədələnməsinin səbəbi “AZAL Arena”nın süni örtüklü meydançasıdı. Bu meydança gözdən uzaqda yerləşdiyinə və həm də meydan sahibi olan kluba maraq az olduğuna görə çox adam buranın futbolçu üçün təhlükə ocağı olduğunu bilmir. Orda son “yanan” elə Dani oldu. Futbol dairələrində danışırlar ki, bu meydança heç bir tələbə cavab vermir, futbolçu orda sanki daş-kəsəyin üstündə oynayır. Yəni zədə riski çox böyükdü. Hətta o qədər böyük ki, AZAL artıq vərdiş edib öz oyunçularının bir-bir sıradan çıxmasına.

Burdan Tərlan Əhmədova da keçmiş olsun deyək. Çünki komandada problem dayanmadan bir-birini əvəz edir. Maaş problemi bir tərəfdən, meydança da o biri tərəfdən. Klubun sponsoru olan AZAL şirkətinin isə nə komanda vecinədi, nə də onun meydançası. Təbii, baş qarışıb camaata od qiymətinə satdığı biletdən qazandığı milyonlara...

Əlbəttə, əgər AZAL komandanın yiyələrinin vecinə deyilsə, AFFA-nın heç vecinə deyil. Olsaydı... Məsələn, normal, özünə hörmət edən futbol qurumu kluba bir qulaqburması verməli idi ki, get, futbolçuya düşmən kəsilən meydançanı dəyişdir. Amma təbii demir, deməyəcək də. Çünki arada Rövnəq müəllimlə Cahangir müəllim var.

Ayıbdı..

Dani Kintana və onun kimi onlarla futbolçu isə zədələnmir, lap istəyir, Allah uzaq eləsin, ölüb getsin. UEFA bütün ölkələr üçün yekun qərar verməyənə qədər belə də davam edəcək. Gözümüzün qabağında neçə-neçə oyunçu süni meydançaların qurbanı olacaq.

Hələlik isə bizə burdan oturub Avropanı arzulamaq qalır. Çünki böyük futbol ölkələrində süni örtüklü meydançalarda yarışların keçirilməsinə qadağa qoyulub (yalnız təbii örtükdə oynamağa icazə verilir). Məlum, əzələ dartılması, diz bağlarının qırılmasının mənbəyi əsasən belə meydançalardı. Qısa desək, futbolçunun düşmənidi süni örtük.

Amma bizimkilər “alışıb yanırlar” belə meydançalar üçün. AZAL şirkətindən danışdıqsa, gərək milyonçu olan o biri qurumu, “İnter”in sponsoru olmuş Beynəlxalq Bankı unutmayaq... Zamanında köhnə rəhbərlik dövlətin o qədər pulunu basıb yedi (indi çoxusu buna görə içəridədi), amma “İnter Arena”nın süni meydançasını təbii örtüklə dəyişməyə pul xərcləmədilər. Pul da nə pul?! Yediklərinin qarşılığında heç nə, 20-25 min manat. Bəs niyə süni meydança? Çünki ora çoxlu işçi qüvvəsi lazım deyil, gübrə sərf olunmur. Təbii meydançaya baxmağa isə pul lazımdı axı.

Aylıq cəmi 5-6 min manat filan.

Hə, belə xırda məsələlərə gələndə milyonlarla büdcəsi olan klublar üçün 5-6 min də çox görünür.

“İnter”in ömrü boyu Azərbaycana futboluna bir qəpiklik faydası dəyməyib. Amma onun süni örtüklü meydançasında bilirsiz nə qədər futbolçu ciddi zədə alıb? Yadınıza salın Rəşad Sadiqovla Baqali Dabonu. O meydança (oxu: “İnter”!) bu iki oyunçunun timsalında “Qəbələ”yə elə zərbə vurdu ki... Avropa Liqasının vacib oyunlarında mühüm xallar itirdilər.

Nəysə böyükləri bir kənara qoyub, gələk uşaqlarımıza, uşaq futboluna... Orda vəziyyət burdakından da pisdi. Az qala bütün klubların (başda da “Qarabağ”, “Qəbələ” və “Neftçi” olmaqla!) aşağı yaş qrupu üzrə komandaları (əsasən 10-14 yaşlılar, bəzilərində də hamısı) təbii deyil, süni meydançalarda məşq edirlər. Hamı da bilir ki, süni meydança uşaqların əzələsinin inkişafına ciddi şəkildə mane olur, gələcəkdə onların zədələnməsi riskini daha da artırır.

Amma nə xeyri var?

Futbolumuzun probleminin episentri uşaq futbol məktəbləridi (əksəriyyəti). Məşqçilərin çoxunun normal futbol savadı yoxdu, yeniliklərlə maraqlanmırlar, bu gün məşqə yazılan 10-11 yaşlı uşağı bir oyunda yoxlamadan sabah komandadan göndərirlər. Üstəgəl uşaqlarımızın karyeralarının düşməni olacaq süni meydançalar da bir tərəfdən...

İndi isə gələk Rəşad Sadıqova. Bu gün-sabah karyerasını başa vurur. AFFA-sı, klubları isə bu neçə ildə onu 50 faiz əvəz edəcək bir oyunçu belə yetişdirə bilməyiblər. O məşqçilər, o süni meydançalar sabahın rəşadlarının istedadını elə beşiyindəcə məhv edirlər...

Amma biz oturub-durub futbol diletantlarına nağıl danışırıq.  “Avro-2020”də 4 oyun keçirəcəyik, “DÇ-2018”də 7 xal toplamışıq deyə ağ günə çıxdıqlarını zənn edirlər. Halbuki qara gündəyik. Və o gün hələ çox davam edəcək.

Yeni rəşadlar yetişən günə qədər...

O məşqçilərə ağıl qoyana qədər.

O süni meydançalar ləğv olunana qədər...

Aydın BAĞIROV

aydı[email protected]

MÜƏLLİFİN DİGƏR YAZILARI

28.09.23
28.03.23
02.03.22
08.09.21
03.04.20
25.01.20
06.11.19
14.10.19
14.02.18

Son xəbərlər