“Neftçi”dən təklif var idi, amma “İnter”i belə vaxtda tərk edə bilməzdim” - Səlahət Ağayev

“Neftçi”dən təklif var idi, amma “İnter”i belə vaxtda tərk edə bilməzdim” - Səlahət Ağayev
MÜSAHİBƏ 27 Yanvar 2017 / 14:37 3754
-  A +

“Vaxtında maaşımızı alırıqsa, niyə ruhdan düşməliyik?”

Son günlər mətbuatda Bakının “İnter” klubunda ciddi maliyyə problemlərinin olması haqda xəbərlər yayılıb. Hətta klubun dağılmaq təhlükəsində olduğu da bildirilir.

“İnter”in kapitanı Səlahət Ağayev isə Qol.az-a müsahibəsində vəziyyətin deyilənlər kimi olmadığını qeyd edib.


- Yazılanların çoxu düzgün deyil. Maaşımız cəmi 1 ay gecikib. O da vergi ilə bağlı olub. Pulumuz klubun hesabındadır. Dünən rəhbərliklə görüşümüz oldu. Bildirdilər ki, VÖEN-lə bağlı problem olub, bir neçə günə maaşlar ödəniləcək.

- Klubun prezidenti ilə görüşdünüz?

- Klub prezidenti burda olmadığı üçün onu Elmar müəllim əvəz edir. Biz onunla danışdıq. Bildirdi ki, heç bir problem yoxdur, komanda yaşayır. Mətbuatda hərə bir şey yazır. Deyirlər, guya “İnter” də “Bakı”nın vəziyyətinə düşəcək.

- Klubun bu qeyri-müəyyən durumu futbolçuları  ruhdan salmır?

- Heç bir narahatlığımız yoxdur. Futbolçuların müqaviləsi varsa və vaxtında əmək haqqımızı alırıqsa, niyə ruhdan düşməliyik? Narazılığımız yoxdur, oynamaq lazımdır. Futbolçuların çoxunun müqaviləsi may ayında qurtaracaq. Maya kimi hər şey qaydasında olacaq. Ondan sonrasını bilmirəm.

- Komandada vəziyyət necədir? Hazırlığınız necə keçdi?

- Hazırlığımız çox yaxşı keçdi. İki futbolçumuzun komandadan getməsinə baxmayaraq, oyun sarıdan heç nə itirməmişik. Düzdür, çempionatın bu vaxtında heç kim Ruslan Abışov və Ağabala Ramazanov kimi futbolçunu itirmək istəməzdi. Ancaq onların mövqeyində oynayan futbolçularımız da toplanış zamanı zəif çıxış etmədi. Baş məşqçimiz hamısından razı qaldı. Hazırda yaxşı mövqedəyik. Bu yeri itirmək istəmirik. Ən azı avrokuboklara vəsiqə qazanmağa çalışırıq.

- Düşünürsən ki, Ruslanla Ağabalanın gedişi komandanı zəiflətməyəcək?

- Hər ikisi yaxşı futbolçudur. Mən istəməzdim ki, onlar “İnter”i tərk etsin. Ancaq hərənin öz fikri var. İndi bizə rəqib olsalar da, onlara uğurlar arzu edirəm. Meydandan kənarda hamımız dostuq. Bizim digər futbolçularımız heç də onlardan geri qalmır. Yerli futbolçulardır. Toplanış zamanı komandamızda hər hansı bir zəifləmə hiss etmədim.

- Bildiyimizə görə, qeyd etdiyimiz futbolçular “İnter”dən gedəndə sənə də başqa klublardan təklif gəlib.

- Bəli. Mənə “Neftçi”dən təklif var idi. Ancaq indiki vəziyyətdə komandanı tərk etməyim düzgün olmazdı. Klubumuza qoyulan transfer qadağasına görə bu qərarı verdim. Belə bir qadağa olmasa, başqa klub haqda fikirləşərdim. Futbola “İnter”də başlamışam. Bu klubun yetirməsiyəm. Buna görə də müqaviləmin başa çatmasını gözlədim.

- Yəni müqavilən başa çatandan sonra “İnter”dən gedəcəksən?

- Mövsümün sonunda müqaviləm başa çatır. Ondan sonra başqa klub haqda fikirləşə bilərəm. Onda daha rahat olar.

- Əsas rəqibləriniz yeni futbolçularla güclənir. “İnter” isə məlum səbəbdən bu heyətlə davam etməlidir. Sizə çətin olmayacaq?

- Məncə, rəqiblər “İnter”in hazırkı futbolçularından güclü bir oyunçu tapa bilməyəcək. Yerli futbolçulardan təşkil olunmuş yaxşı heyətimiz var.  Allah zədədən qorusun. Zədə problemi olmasa, yaxşı olacaq.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər