Togrul Bağırov: “London mənə əvvəlki Bakını xatırladır”

Togrul Bağırov: “London mənə əvvəlki Bakını xatırladır”
MÜSAHİBƏ 16 Yanvar 2017 / 12:04 5790
-  A +

"Azərbaycanın idman jurnalistikasında ümumi səviyyə, mətbuatın siyasi ya sosial sahələrini işıqlandıran jurnalistikadan yüksəkdir"

Bəri başdan təəssüflə qeyd edim ki, Toğrul Bağırovla bu söhbətimiz canlı olmadı. Səbəb? O, hazırda doğma vətəndən uzaqda – Londonda yaşayır, mənsə Bakıda. Amma Feysbukdakı uzun yazışmaların köməkliyi ilə söhbəti ərsəyə gətirə bildik.

1990-cı illərin ortalarından başlayaraq, Toğrul Azərbaycan futbolu və idman jurnalistikasında yetərincə populyarlıq qazanmışdı. Aparıcısı olduğu “Offside” adlı verilişin efirdə görünməsi o dövr üçün futbolumuzda inqilaba bənzər bir hadisə də sayıla bilərdi.  Ona görə ki, o dövrlər ölkə ağır durumda idi, futbola maraq xeyli azalmışdı, medianın bu səhəyə diqqəti isə sıfır səviyyəsində idi. “Offside” məhz belə bir vaxtda efirdə görünməyə başladı. 

Söhbətinizin ikinci hissəsində suallarımız (birinci hissə bu linkdə http://qol.az/?name=xeber&news_id=102624) daha çox Toğrulun özü, Azərbaycan futbolunun və idman jurnalistikasının hazırkı durumu ilə bağlı oldu.

- Hazırda Londonda nə işlə məşğul olursunuz?

- Hazırda əsas işim sosial sahədədir. Yerli hakimiyyət orqanında çalışıram. Amma çalışıram jurnalistikadan da uzaqlaşmayım. BBC-nin Azərbaycan bölməsinin internet saytında idman bloqunun müəllifiyəm və BBC-nin Azərbaycan xidmətinə çox minnətdaram ki, mənə bu imkanı veriblər.

- Britaniyada siyasi medianın gücü hamımıza bəllidir. Bəs, idman mətbuatı ilə bağlı həm peşəkarlıq, həm də iqtisadi mənada vəziyyət necədi?

- Burada ayrı-ayrılıqda idman mətbuatı mövcud olsa da, heç nəzərə çarpmır. Bütün aparıcı qəzetlər və başqa mətbuat onsuz da idmana böyük diqqət ayırıb, hər buraxılışda iri hissəsini ona həsr edir. Ona görə nə peşəkarlıq, nə də iqtisadi baxımdan idman mətbuatı medianın başqa bölümlərindən fərqlənir. Yəni çox yüksək səviyyəlidir və səviyyəsinə uyğun olaraq cəmiyyətdə kifayət qədər nüfuzlu olaraq, yaxşı da maliyyələşdirilir.


- Londondan Azərbaycan idman mediası necə görünür? Uzun illərin peşəkar jurnalisti olaraq, bizim həm yazılı, həm də idman teklejurnalistikası  ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Təəssüflər olsun ki, Azərbaycan mətbuatını buradan diqqətlə izləməyə kifayət qədər vaxtım yoxdur. London elə yerdir ki, burada ümumiyyətlə nəyəsə vaxt tapmaq çətindir. Elə onu deyim ki, mən sadəcə işə gedib-gəlmək üçün hər gün dörd saatadək vaxt sərf edirəm. Bu səbəbdən yazılı mətbuatda yalnız qısa xəbərləri oxuyuram, televiziyada isə yalnız Azərbaycan komandalarının beynəlxalq qarşılaşmalarını izləyirəm.

Nə deyə bilərəm... Təbii ki, hərdən səhvlər olur. Amma səhvsiz insan olmur. Xüsusən də karyerasının əvvəlində jurnalist kifayət qədər çox səhvlərə yol verir. Əsası odur ki, insanın lazımi qədər savadı olsun ki, həmin səhvləri anlayıb düzəldə bilsin. Və bu işdə əsas məsuliyyət həmin mətbuat orqanının redaktorundadır. Həmin səhvləri tapıb, onları jurnalistlərə başa salmaq məhz onun vəzifəsidir. Ondan sonra isə həmin jurnalist bu səhvləri təkrarlasa, deməli, o ya öz üzərində çalışmaq istəməyən tənbəl, ya da bunu bacarmayan savadsızın biridir. Belələri isə jurnalistikada olmamalıdırlar.

Təbii ki, əvvəlki illərə baxanda səviyyə müəyyən qədər enib. Mən misal üçün ANS televiziyasında Asif Bağırov, İlqar Əliyev, Gündüz Abbaszadənin futbol şərhlərini dinləməyi sevirdim. Onlarda ümumi savad və futbol biliklərilə yanaşı ANS-in özünəməxsus sərbəstliyini hiss etmək olardı ki, bu da şərhləri çox maraqlı və dinləməli edirdi. Onlardan sonra başqa kanallarda da yaxşı, savadlı şərhçilər üzə çıxdı, lakin onların danışığında o müstəqilliyi hiss etmək olmur, bu da reportajları nisbətən sönük, maraqsız edir. Jurnalistin yaxşı çalışması üçün o özünü mütləq sərbəst hiss etməlidir, bizim kanallarda isə müəyyən səbəblərdən həmin azadlıq yoxdur. Ümumilikdə isə, izlədiklərimdən deyə bilərəm ki, hazırda Azərbaycanın idman jurnalistikasında ümumi səviyyə, mətbuatın siyasi ya sosial sahələrini işıqlandıran jurnalistikadan hətta yüksəkdir.

- London həyatına alışa bilmisinizmi?

- Əslində insanlarının mədəniliyi və nəzakətinə, sosial ədalətinə görə London mənə əvvəlki Bakını xatırladır. Ona görə bura nəinki alışmışam, özümü hətta evdəki kimi hiss edirəm.

- Müasir Azərbaycan futbolunda hansı müsbət və mənfi halları qeyd edə bilərsiniz?

- Azərbaycan futbolunu mümkün qədər yaxından izləməyə çalışıram. Amma təbii ki, əvvəlki qədər məlumatım yoxdur. O zamanlar mən sözün əsl mənasında futbolun içində idim və orada baş verən, başqalarının xəbəri olmayan bütün hadisələr barədə ətraflı məlumatım var idi. İndi isə yalnız kənardan izləyirəm.


Onu deyə bilərəm ki, Azərbaycan futbolunda o zamanlardan çox şey dəyişməz qalıb. Ölkədə uşaq məktəbləri demək olar ki, mövcud deyil, meydançalar demək olar ki, tikilmir. Bunlar isə futbolun təməlidir. Nəticədə Azərbaycan futbolunda hər il çox az sayda futbolçu yetişir və rəqabət olmadığına görə, onların da səviyyəsi yüksək deyil. Düzdür, indi klublarda pul var, lakin bu pullar da səmərəli istifadə olunmur. Xarici futbolçular alınır ki, onların da bir çoxu ümumi səviyyənin artmasına xidmət etmir.

Daha bir hal da dəyişməyib. Futbola yenə də nisbətən kasıb adamların uşaqları gəlir. Onlar isə uşaqlıqda düzgün qidalanmadıqlarına görə lazımi fiziki cəhətlərə malik deyillər. Bunsuz isə müasir futbolda heç bir uğur əldə etmək mümkün deyil. Nədənsə, Azərbaycan gənclərinin fiziki cəhətdən güclü olan hissəsi döyüş idman növlərinə üz tutur ki, orada uğur əldə edəndən sonra kiminsə yanında mühafizəçi kimi çalışaraq, yaxşı pul qazanacaq. Onlar başa düşmürlər ki, öz üzərlərində çalışsalar və Avropada heç olmasa orta səviyyəli futbolçu olmağı bacarsalar, həmin mühafizəçilərdən dəfələrlə çox pul əldə edəcəklər...

Dediyim kimi, futbolda baş verən prosesləri cəmiyyətdəkindən ayırmaq mümkün deyil. Təəssüflər olsun ki, Azərbaycan cəmiyyətinin mütləq hissəsinin əsas fikri gəliri mümkün qədər tez əldə etməkdir. Hökümətdən tutmuş, cəmiyyətin ən aşağı təbəqələrinə qədər demək olar ki, heç kim uzaq gələcəyə yatırım etmək barədə düşünmür. Bunun da nəticəsi odur ki, Azərbaycan futbolu 20 il bundan əvvəlkindən fərqlənmir. Gəl ki, indi onun maliyyə vəziyyəti demək olar ki, yüz dəfə daha yaxşıdır.
Bu baxımdan bircə “Qarabağ” klubu başqalarından nisbətən fərqlənir. Orada klubun rəhbərliyi bir neçə il bundan əvvəl Qurban Qurbanovda olan potensialı görərək, ona çalışmağa mane olmadı. Qurban müəllim komandanı indiki səviyyəyə gətirib çıxara bildi. Amma orada da bir çox əsas rollarda əcnəbi futbolçulardır. Sabah isə, Rəşad Sadıqov gedəndən sonra, “Qarabağ”ın vəziyyətinin necə olacağını demək çox çətindir. Mən Qurbanı yaxşı tanıyıram və bilirəm ki, onun üçün azərbaycanlı futbolçularla çalışmaq daha asandır. O da komandasına əcnəbiləri məcbur olaraq götürür. Sadəcə olaraq ölkədə futbolu az-çox oynamağa bacaranların sayı tək-tükdür. Məncə, Azərbaycan futbolunun vəziyyəti heç də ürəkaçan deyil. Və hər hansı müvəqqəti uğura aldanmaq lazım deyil.

Son

Aydın BAĞIROV

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı