”Qəbələ” hakim səhvlərinə görə ilk pillədə deyil”

”Qəbələ” hakim səhvlərinə görə ilk pillədə deyil”
MÜSAHİBƏ 6 Yanvar 2017 / 16:53 3869
-  A +

“Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədovun Qol.az saytına müsahibəsi

- Asif, əvvəlcə geridə qalan 2016-cı ili həm özün, həm də “Qəbələ” üçün qiymətləndirməyini istərdim.

- 2016-cı ili “Qəbələ” üçün uğurlu keçdi. Avropa Liqasının qrup mərhələsində oynadıq. Özüm üçün də ötən il  gözəl keçdi. Avropanın böyük klublarına qarşı oynadım. Futbolçu üçün bundan gözəl heç nə ola bilməz. Futbol həyatımda hər şey yaxşı oldu. Çempionatda da işimiz yaxşı gedir.

- Qış fasiləsinə ikinci pillədə yollandınız.

- İstərdik ki, birinci yerdə gedək. Ancaq 2-ci yer də pis deyil. Adətən, qış fasiləsinə qədər komandada müəyyən çətinliklər olur. Fasilədən sonra səhlərimiz daha az olacaq. Hər halda məqsədimiz çempion olmaqdır.

- “Qarabağ”la aranızda cəmi bir xal fərq var. Fasiləyə lider kimi də gedə bilərdiniz.

- Gedə bilərdik. Müəyyən hakim səhvlərindən ikinci yerdəyik. Bizi yalnız birinci yer qane edir. Ancaq nəzərə alsaq ki, çempionatın yarısı hələ qarşıdadır, deməli, istəyimizə çata bilərik. Məqsədimiz bəllidir. Buna nail olacağımıza inanıram.

- Bu yolda sizə əsas maneə “Qarabağ”dır.  Çempion olmaq üçün “Qəbələ”nin şansı çoxdur, yoxsa “Qarabağ”ın?

-“Qarabağ”ın gücü göz qabağındadır. Bu mövsüm hər iki komanda çox gözəl oyun nümayiş etdirir. “Qarabağ” da bizim kimi Avroliqanın qrup mərhələsində oynadı. Mənim bu komandaları müqayisə etməyim düzgün çıxmaz. Hər halda “Qəbələ”ni tərifləyəcəm. Ancaq etiraf etməliyik ki, “Qarabağ” çox güclü komandadır.

- “Qarabağ”ın kapitanı Rəşad Sadıqov açıqlamasında qeyd edib ki, “Qəbələ”nin çempionluq şansı daha çoxdur.

- Mən belə deməzdim. Hərənin öz fikri var. Sadəcə onu deyə bilərəm ki, hər iki komanda Azərbaycan səviyyəsində çox güclüdür. Hadisələrin gedişatından çox şey asılıdır. Qarşıda çox oyun var. Hər iki komandada müəyyən dəyişikliklər olacaq. Yəqin ki, komandamıza yeni futbolçular da qoşulacaq.

- Yeri gəlmişkən, “Qəbələ”nin yeni transferi Araz Abdullayev  komandanı nə dərəcədə gücləndirə bilər?

- Arazın potensialı hamıya bəllidir. İnanıram ki, “Qəbələ”də daha da artıracaq. Onun bacarığı buna imkan verir. Gənc futbolçudur, uğurlu karyerası qabaqdadır.

- Araz son vaxtlar “Neftçi”də zəif çıxış edirdi. “Qəbələ”də onun potensialını ortaya qoymaq üçün imkan var?

- Məncə, artıq komandasını dəyişməyin vaxtı idi. Ona görə də Arazın düzgün addım atdığını düşünürəm. “Neftçi”də eniş yaranmışdı. Bu, Arazın oyununa da təsir edirdi. Ancaq “Qəbələ”də Arazın özünü göstərməsi üçün hər cür imkan var.  Baş məşqçimiz də çox tələbkardır. Üstəlik futbolçu  paytaxdan qıraqda olanda futbol haqda daha çox fikirləşir. Bütün bunları nəzərə alaraq deyirəm ki, Araz üçün yaxşı olacaq.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər