“İlk dövrədəki çıxışımızdan razı deyilik” – MOİK-in kapitanı

“İlk dövrədəki çıxışımızdan razı deyilik” – MOİK-in kapitanı
GÜNDƏM 6 Yanvar 2017 / 12:36 2262
-  A +

MOİK-in kapitanı Orxan Həsənov müsahibə verib. Qol.az-ın xəbərinə görə, o, komandasının çempionatdakı çıxışından danışıb.

- MOİK-də ümumi vəziyyət necədir?

- Bildiyiniz kimi, noyabrın sonlarından I divizionda fasilə yaranıb. Biz artıq yeni ilin ilk günlərindən ikinci dövrəyə hazırlığa başlamışıq. Yanvarın 3-dən məşqlərə start vermişik. Məşqlər yaxşı keçir. Gələn həftə təlim-məşq toplanışına yığışacağıq. Rəhbərlik komandanın yaxşı hazırlıq keçməsi üçün əlindən gələni edir. Qalır futbolçuların üzərlərinə düşən məsuliyyəti dərk edərək oyunlara ciddi yanaşması və qələbə uğrunda vuruşması.

- İlk dovrdədəki çıxışı ümumilikdə necə dəyərləndirisən?

- İlk dövrədəki çıxışımızdan qəti şəkildə razı deyilik. Çünki liderdən 9 xal geri qalırıq. Çempionata başlayanda məqsədimiz Premyer Liqaya vəsiqə qazanmaq idi. Amma sonradan 1-2 məğlubiyyət komandada sanki ruh düşkünlüyü yaratdı. “Zaqatala”ya məğlubiyyətdən sonra sanki komandada psixoloji sınma baş verdi. Sonrakı 7 oyunda cəmi 2 qələbə qazana bildik. İndi bunun üzərində də çalışacağıq. Psixoloji səddi adlamaq mütləqdir. Çünki bu səbəbdən ilk dövrədə çox xal itirmişik. Artıq səhvə yol verməyə limitimiz dolub. Məqsədimizə çatacağımıza inanırıq.

- Ümumiyyətlə, mövsümdən gözləntiləriniz necədir?

- Yalnız və yalnız Premyer Liqaya vəsiqə qazanmaq. Bunun üçün ikinci dövrədə 13 oyunumuz olacaq. Əvvəlcə liderlə 9 xallıq fərqi aradan qaldırmalıyıq. Ən azından ikinci yeri tutmalıyıq. Bütün hazırlığımız bu yöndədir. Həqiqətən ciddi hazırlaşırıq. Bütün oyunlara final matçı kimi baxmalıyıq. Bir kapitan kimi də üzərimə düşən məsuliyyəti hiss edirəm.

- Ötən mövsüm də komanda ilk dövrədə elə də uğurlu çıxış etməsə də, fasilədən sonra artırdı. Eyni ssenarini təkrarlamaq olacaq?

- Buna ürəkdən inanırıq. Amma çətin olacağını da bilirik. İstənilən halda, sona qədər mübarizə aparacağıq. Öz gücümüzə inanırıq. İlk dövrədə müşahidə olunan haqqında yuxarıda bəhs etdiyim problemləri həll edə bilsək, məqsədimizə çatacağıq.

- Bəs liderlə 9 xallıq fərqi aradan qaldırmaq üçün ilk növbədə nə lazımdır?

- Məncə, bunun üçün öz gücünə inanıb bütün oyunlara ciddi yanaşmaq lazımdır. Hər bir matça final gözüylə baxmalıyıq. Belə olacağı təqdirdə istəyimizə çatacağımıza əminəm.

Daha çox


Son xəbərlər