"Ehtiyac olsa, Adil Şükürovla məsləhətləşərəm" - Ayxan Abbasov

"Ehtiyac olsa, Adil Şükürovla məsləhətləşərəm" - Ayxan Abbasov
MÜSAHİBƏ 29 Dekabr 2016 / 16:12 5574
-  A +

"Zirə" klubunun yeni baş məşqçisi Ayxan Abbasovun Qol.az saytına müsahibəsi

- Komandanı sabiq baş məşqçi Adil Şükürovdan hansı vəziyyətdə təhvil almısınız?

- Hamı bilir ki, "Zirə" son oyunlarda sabit çıxış etmədi. Ardıcıl məğlubiyyətlər, kubokda uduzmağı istər-istəməz komandanı sarsıtdı. Bununla belə,  yaxşı komandamız var. Heyətdə millinin oyunçuları da çıxış edir. Ötənilki komandanın sütunu qalıb. Ancaq futbolçularda inamsızlıq yaranıb. Özünəinamı qaytarmalıyıq. Birinci bundan başlayacağıq. Daha sonra qarşıdakı çətin oyunlara hazırlaşacağıq. Görüləsi işimiz çoxdur. Çalışacağıq ki, komandanı bu durumdan çıxaraq.

- Komandada əsas çatışmazlıqlar nədir və hansı dəyişiklikləri etmək fikriniz var?

- Ən böyük problemimiz hücum xətti ilə bağlıdır. Komanda qol vura bilmir. Bu yöndə də iş gedir. Oyun baxımından dəyişiklik olacaq. Hər məşqçinin futbola öz baxışı var. Adil Şükürovun futbolçulardan istədiyi mənim istədiyimlə eyni olmaya bilər. Bilirsiniz ki, qışda futbolçu gətirmək çətindir. Böyük dəyişiklik etmək fikrimiz yoxdur. Əlimizdə olan futbolçularla birlikdə bu vəziyyətdən çıxmalıyıq.

- Ötən mövsüm "Zirə" yaxşı oyunu və göstərdiyi nəticə ilə hamını təəccübləndirdi. Nə dəyişdi ki, komanda uğursuz zolağa düşdü?

- Ötən mövsüm əsas komandada idim. İndi isə əvəzedici komandadan gəlmişəm. Ona görə də ötənilki əsas "Zirə"dən danışa bilərəm. Həm də bəzi şeyləri danışmağım düz olmaz. Məncə, ötən mövsüm futbolçular daha istəkli idi. Komanda Premyer Liqada debüt edirdi. Həm də yeni transferlərimizin bir çoxu köhnə komandalarında az oynadığından özlərini göstərməyə çalışırdılar. Legionerlərimiz də ötən mövsüm komandaya  tez uyğunlaşdılar. Bunlar əsas amillərdir. Hələ ki, yeni gələn futbolçular gedənlərin yerini doldura bilmir.

Adil Şükürov müsahibələrində demişdi ki, oyun sistemini dəyişmək istəyirəm. Qeyd etmişdi ki, bu, çətindir, amma öhdəsidən gələ bilərik. Yəqin ki, bu yöndə də problem oldu. İstər-istəməz oyun sistemini dəyişməyə müəyyən vaxt lazımdır. Ola bilər ki, futbolçular Adil müəllimin dediklərini tam yerinə yetirə bilmədilər. Yəni uğursuzluğa bir çox səbəblər göstərmək olar. Sərf bir amilin üzərində dayanmaq olmaz.

- Deməli, oyun sistemində dəyişiklik "Zirə"yə uğur gətirməyib. Komandanı ötənilki sistemlə oynadacaqsınız?

- Birinci növbədə futbolçuların potensialına baxmalıyam. Onlara uyğun bir oyun sistemi seçməliyik. Bir futbolçu nəyisə bacara bilmirsə, bunu ondan istəmək düzgün olmaz.  Əlbəttə, çalışacağıq ki, "Zirə"də ötənilki ab-havanı, o istəyi yaradaq. Yüz faiz bəzi dəyişiklikər də olacaq.

- "Zirə"dən göndərilənlər olacaq?

- Hələ ki, komanda bir yerə yığışmayıb. Ola bilər ki, hansısa futbolçu getmək istəsin. Ancaq biz heyəti qorumaq istəyirik.

- Hücum xəttində problemlər olduğunu dediniz. Əcnəbi hücumçu transfer ediləcək?

- Hücum xəttini gücləndirmək istəyirik. Legioner futbolçu gətirmək fikrimiz var. Digər mövqelərə oyunçular cəlb oluna bilər. Hazırkı heyətimizə də güvənirik. Transfer olsa da, olmasa da bu yola hazırkı heyətlə çıxırıq.

- Belə məlum olur ki, klub rəhbərliyi transferlərə az pul ayırıb.

- Bizə ayrılan büdcədən qırağa çıxa bilmərik. Bu gün Azərbaycan klublarının büdcəsi elə də güclü deyil. Həm də bizdə zəif futbolçu yoxdur. 23 futbolçumuz var. Onlardan beşi legionerdir. Bunlar hamısı puldur, büdcədən gedir. Rəhbərlik də sağ olsun, söz veriblər ki, hücumçu alınması üçün pul ayrılacaq.

- Qış hazırlıq planınız necədir?

- İlk toplanışımız Bakıda olacaq. Baş məşqçi təyin olmağımdan cəmi 2 gün keçib. Hazırlıq proqramını hazırlamışam. Fikrimi rəhbərliyə çatdıracam. Seçim qarşısında olsam, yeni oyunçuların transferlərini istəyərəm, nəinki Türkiyə toplanışını.

- Adil Şükürovla hər hansı məsləhətləşməniz olacaq? Hər halda o, "Zirə"nin akademiyasında çalışacaq.

- Gənc məşqçilərdən kimsə desə ki, mən heç kimlə məsləhətləşmirəm, hər şeyi bilirəm, yalan danışır. Futbol günü-gündən yenilənir. Məşqçi hər gün nəsə öyrənməlidir. Təbii ki, mənim məsləhətə ehtiyacım olarsa, yaxın bildiyim adamlarla, Adil Şükürovla niyə də məsləhətləşməyim? Lazım olsa, Adil Şükürovla söhbət edərəm.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər