"Qarabağ"la "Qəbələ"nin bizdən heç bir üstünlüyü yoxdur, əgər güclüdürlərsə..."

"Qarabağ"la "Qəbələ"nin bizdən heç bir üstünlüyü yoxdur, əgər güclüdürlərsə..."
MÜSAHİBƏ 15 Dekabr 2016 / 13:55 5578
-  A +

Bakı “İnter”inin kapitanı Nizamı Hacıyev Qol.az-a müsahibəsində komandasının kubok mübarizəsindən və Premyer Liqanın növbəti turunda “Qarabağ”la keçiriləcək oyundan danışıb.

- Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəldiniz. Bu hesab mərhələ adlamağınız üçün nə qədər yetərlidir?

- Əslində 2:0 böyükhesablı qələbə deyil. Təbii ki, bizim üçün yaxşı nəticədir. Amma yenə də heç nəyi həll etməmişik. Gəncədə elə bir ab-hava ilə qarşılaşa bilərik ki, işimiz çətin olar. Oyunun ilk dəqiqələrində rəqin bir qol vursa, vəziyyəti öz xeyirləri üçün dəyişmək şansları çox olacaq. Hər halda arxayınlaşmırıq. Gəncəyə böyük məsuliyyətlə yollanacağıq.

- “İnter” kuboku qazanmağa nə dərəcədə iddialıdır?

- Yüz faiz iddialıyıq. Bu barədə uşaqlarla çox söhbətimiz olub. Kubokun finalında azarkeşlərin stadionu doldurması, o ab-hava çox gözəldir. Əsas o ab-havanı yaşamaq istəyirik. Etiraf etmək lazımdır ki, bu gün “İnter” azərbaycanlı futbolçulardan qurulub. Yadınıza gəlirsə, 2-3 il əvvəl “İnter”də ancaq legionerlər qol vururdu, komandanı irəli aparan yerli futbolçu yox idi. Ancaq indi qolları vuran da,  ötürmələri verən də yerli futbolçulardır. Özümüz də bu mövsüm yaxşı nəricə qazanmaq istəyirik ki, azərbaycanlı futbolçuların da futbol oynaya bildiyini hamıya sübut edək.

- Bəs, çempionatda “İnter” nəyi hədəfləyib. “Qarabağ” və “Qəbələ” ilə sona qədər mübarizə apara biləcəksiniz?

- “Qarabağ”la  “Qəbələ” cəmi bir şeydə “İnter”dən üstündür. Bu da komandaların maddi durumudur. Başqa onların bizdən heç bir üstünlüyü yoxdur. Biz heç vaxt oyun sarıdan bu komandalara uduzmamışıq.

- Demək istəyirsən ki, oyunçuların keyfiyyəti sarıdan komandalar fərqlənmir?

- Bəli, fərq yalnız onların daha imkanlı klub olmasıdır. O komandaların futbolçuları 50 min qazanırsa, bizdə bu göstərici 5 mindir. Ancaq meydanda heç kimə pul maraqlı deyil, sən özünü oyununla sübut etməlisən. Düzdür, “Qəbələ” və “Qarabağ”da çox güclü futbolçular var. Ancaq o demək deyil ki, biz onlardan zəifik. Güclüdürlərsə, qoy, bizi udsunlar.

- Premyer Liqada növbəti oyununuz  “Qarabağ”ladır. Həmin görüşdə qeyd etdiyin məsələlərə aydınlıq gələcək.

- Etiraf edirəm ki, bizə çox çətin olacaq. Dörd futbolçumuz cəza və zədə səbəbindən bu oyunu buraxacaq. Çalışarıq ki, onların yoxluğu bilinməsin, amma aparıcı oyunçular olmayanda çətin olur. Dərindən dərk edirəm ki, bizi çox çətin oyun gözləyir.

- Adrian Skarlatake, İlkin Qırtımov yoxdursa, Rauf Əliyevlə Nizami Hicayev meydanda olacaq...

- Əlbəttə, komanda belə olmalıdır. Düzdür, işin bir az çətin tərəfi odur ki, rəqib “Qarabağ”dır. Ədalətli oyun getsin. Kim güclüdürsə, o da qalib gəlsin.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi