Rəşad, səndən soruşacaqlar ki...

Rəşad, səndən soruşacaqlar ki...
YAZARLAR 9 Dekabr 2016 / 14:15 18848
-  A +

Ötən illərin birində “Qarabağ”ın sadiq azarkeşlərinin -“İmarət” Fan-klubunun təşkil etdiyi ilin yekunlarına həsr olunan toplantısında kapitan Rəşad Sadıqov tədbirə qatılan müharibənin acısını yaşamış insanlara üzünü tutub müraciət etdi: “Mən xahiş edirəm müharibədə rastlaşdığınız hadisələrdən danışın. Biz bilmək istəyirik ki, nələr baş verib? Necə baş verib?” Sözsüz ki, onun bu xahişi yerdə qalmadı. Kimlərsə yaddaşını silkələyib nələrisə danışdı.

***
"Günlərin bir günü Aranzəmin istiqamətində gedən döyüşlərdə kənddəki BMP Azərbaycan ordusunun irəli getməsinə heç cür imkan vermir. Bunu görən komandir Asif Məhərrəmov (Fred Asif) əmr verir ki, hücum dayansın. Komandir özü, sürücüsü Cəbi və Kəngərli Adil birlikdə kəndə girir. BMP-ni zərərsizləşdir və batalyona əmr verir ki, kəndə girsin. Yaxınlıqdakı yüksəklikdən Aranzəmində baş verənləri izləyən və kəndi almaq üçün taktiki plan qurmaq barədə fikirləşən Şirin Mirzəyev baş verənləri görən kimi dərhal özünü hadisə yerinə çatdırır. Və bildirir ki, bu cür hərəkəti ancaq fanatik edə bilər”.

Həm Asif Məhərrəmov, həm də Şirin Mirzəyev Azərbaycanın milli qəhrəmanlarıdır.

***
Yuxarıda haqqında danışdığım tədbirdə mən də iştirak edirdim və bu hadisəni danışdım.

***
Jurnalist fəaliyyətimin son illərini ancaq Qarabağ münaqişəsinin araşdırılması ilə məşğulam. Baş verənlərin təhlilindən sonra birmənalı deyə bilərəm ki, bu gün Qarabağ cəbhəsində Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan diplomatiyası ilə yanaşı, “Qarabağ” Futbol Klubu da mühüm bir reallıqdır. Və bu reallıq düşmənin haqqında ancaq susduğu reallıqdır. Ermənilərlə müxtəlif beynəlxalq tədbirlərdə və layihələrdə iştirak edən biri kimi tam ciddiyyəti ilə deyirəm ki, onlar “Qarabağ” haqqında danışmağa heç vaxt həvəsli olmur. Bilirsiniz niyə? Çünki ermənilərin “Qarabağ” reallığı qarşısında nəsə deməyə sözləri yoxdur.

***
“Qarabağ”ın son oyununda mən də 2-ci sektorda idim. Oyun başa çatdı. Tribunalar boşaldı. “İmarət” isə “Ən böyük kapitan, bizim kapitan” deyə Rəşada səsləndi. Rəşad öz fanatlarının qarşısına gəldi... Rəşadın gəlişini və gedişini təsvir etmək çox çətindi... Bu gəlişi və gedişi ancaq Vətən üçün heç nəyi əsirgəməyən, məsuliyyəti kiminsə boynuna atmaq barədə düşünməyən komandirin gəlişi və gedişi ilə müqayisə etmək olardı. Onun bu hərəkətinə isə fanatlar “başını dik tut, kapitan, hər zaman arxandayıq” deyə reaksiya verdi.

***
Bəli. Başını dik tut, Rəşad. Sənin nələr etdiyini bilənlər bilir. Bu gün sən ermənilərin haqqında danışmaq belə istəmədiyi bir reallığın əsas yükünü çəkənlərdən birisən. Sabah isə səndən soruşacaqlar. Necə ki, sən bu gün soruşursan. Soruşacaqlar ki, bu yükün altına necə girmişdin? Bu ağır yükü necə daşıyırdın? Başını dik tut. Hələ görüləsi işlərimiz var.

Asəf QULİYEV

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı