“Qarabağ”ın qara bəxti yenəmi belə qalacaq, dünya?!

“Qarabağ”ın qara bəxti yenəmi belə qalacaq, dünya?!
YAZARLAR 9 Dekabr 2016 / 12:42 7545
-  A +

“Qarabağ” klubu mövsümün həlledici oyununda İtaliyanın “Fiorentina” klubuna uduzdu və Avroliqada başa çatmaqda olan 2016-cı ili erkən “bitirdi”. “Qarabağ”ın bu mövsüm Avroliqadakı uğurlu-uğursuz oyunları, ən əsası da son matçına daha çox toxunmaq istəyirəm.

Qurbanovdan gözlənilməz, amma düzgün start heyəti

“Qarabağ” klubunun baş məqşçisi Qurban Qurbanov “Fiorentina” ilə oyunun start heyətini formalaşdırmaqda obyektiv səbəbdən çətinliklə qarşılaşmışdı. Miçelin və Maksim Medvedyevin cəzalı olması qrup mərhələsinin son oyununda müdafiənin qurulmasına mənfi təsir etmişdi. Sözün bütün mənasında əsl kapitan olan Rəşad Sadıqov zədəli olmasına baxmayaraq, bu çətin məqamda məsuliyyəti öz üzərinə götürməklə müdafiənin mərkəzində yer aldı. İlqar Qurbanov müdafiənin sağ cinahında yer almışdı. Arif Daşdəmirovdan bir baş üstün oynayan müdafiəçi oyunboyu uzun ötürmələri ilə daha çox yadda qaldı. Məhz İlqarın belə ötürmələrinin birində qapıcı ilə üzbəüz qalan Dinonun zərbəsi qapı dirəyinə tuş gəldi. Hücümda Dinoya şans vermək də Qurbanovun alqışlanası, düzgün seçimi idi. Sol cinahda yer alan Aqolli də matçın ən yaxşılarından biri kimi yadda qaldı.

PAOK-la son oyunda quzuya, “Qarabağ”la matçda şirə dönən rəqib

“Fiorentina”nın son ev oyununda PAOK-a uduzması müəyyən şübhələr yaratsa da, güman edilirdi ki, “Tofiq Bəhramov”da da rəqib İtaliya çempionatındakı matçları düşünərək əsas heyət oyunçularına əziyyət verməyəcək. Amma oyunun gedişi göstərdi ki, “Fiorentina” onu qrup birincisi edəcək heç-heçəylə belə razılaşmaq istəmir. Hücümda Babakardan “bir səs” çıxmadığını görən baş məqşçi ikinci yarıda Kaliniçi döyüşə ataraq hücumu daha da gücləndirdi. Hələ “Dnepr”də oynadığı dövrdən “Qarabağ”ın qara kabusuna çevrilən hüçümcü 2 məhsuldar ötürməsi ilə komandamız üçün arzuedilməz şəxs olduğunu bir daha sübut elədi.

“Qarabağ”in dişsiz ehtiyat qüvvəsi

Oyunun gedişində baş məşqçi Qurban Qurbanov 3 əvəzetmədən istifadə etsə də, yalnız Reynaldo ona bəslənən ümidləri doğruldaraq komandamızın yeganə qolunun müəllifi oldu.  Muarremin yerinə meydana daxil olan Əfran İsmayılov oyunda olduğu müddətdə çox ötürməni səhv Verdi, bu az deyilmiş kimi, ilk hissədə aktiv olan sağ cınahın, sözün bütün mənalarında “sönməsinə” vəsilə oldu. Mahir Mədətov isə Avroliqadakı oyunları ilə hələlik “Sumqayıt” və ya AZAL kimi komandalarımızda oynamağa layiq olduğunu nümayiş etdirdi.

Təşəkkürlər,  “Qarabağ”  və azarkeşlər

Soyuq bir dekabr günündə stadionu dolduran azarkeşlərə və son 3 mövsüm Avroliqa oyunlarında  play off şansını son oyuna qədər saxlayan “Qarabağ”a təşəkkür etməmək ədalətsizlik olardı. Nəzərə alsaq ki, klubumuz bu cür uğurlu nəticəni  kiçik büdcə və Avropa səviyyəsindən uzaq, məhdud heyəti ilə göstərir, o zaman nə qədər haqlı olduğumuz bilinər.
Ölkəmizdə milyonlarla azarkeşə malik, həmişə adı ilə dərdimizi təzələyən, eyni zamanda qələbələri ilə yaralarımıza məlhəm olan “Qarabağ”ın 1/16 final mərhələsində oynamamasının səbəbkarı kimdir?  Bu sualın düzgün cavabını tapmağı oxucularımızın ixtiyarına buraxıram:

A) Öz meydanda PAOK-a uduzan “Fiorentina”;

B) Hər il Avroliqada qrupdan çıxmaq həyəcanını son oyuna qədər daşıyan “Qarabağ”ın oyunçuları və baş məşqçisi Qurban Qurbanov;

C) Hər mövsümdə əsasən köhnə heyətə güvənən klub rəhbərliyi.

Fikrimcə, “Qarabağ” klubu gələcəkdə azarkeşlərə Avroliqada 1/16 mərhələyə çıxmaq və ya Çempionlar liqasının qrup mərhələsində oynamaq həyəcanını yaşatmaq istəyirsə, klub artıq qış fasiləsindən güclü transferlər üçün maliyyə ayırmalıdır. Əks halda, əgər çempionatın sonunda Avropaya getmək hüququ qazanarsa, o zaman bu heyətlə hətta Avroliqanın qrup mərhələsində oynamaq belə qismət olmaya bilər.

Anar BAYRAMOV


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı