“Neftçi”yə sadiq Zabrat uşağı

“Neftçi”yə sadiq Zabrat uşağı
ÖLKƏ FUTBOLU 5 Dekabr 2016 / 13:05 4128
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur!

SSRİ dövründə “Neftçi”nin tarixində zaman-zaman qeyri-azərbaycanlı futbolçular oynayıb və hətta onların sayı azərbaycanlılarla müqayisədə üstünlük təşkil edib. Bəzən heyətin hətta 80-90 faizi qeyri-azərbaycanlılar olub. Təbii, bu, ürəkaçan mənzərə deyildi. Azərbaycan klubunda azərbaycanlıların sayının kəskin az olması azarkeşləri də narahat edirdi. Hətta bir ara məsələ dövlət səviyyəsinə qədər qalxmışdı. Amma bu, o anlama gəlməməlidir ki, qeyri millətdən olanlar bu ölkəni və bu komandanı sevməyiblər. Düzdür, sevməyəni, ona dönük çıxanları olub. Məsələn, Markarov, Mirzoyan kimiləri. Amma elə qeyri-azərbaycanlılar da olub ki, onlar “Neftçi”ni bəzi azərbaycanlılardan da çox seviblər. Məsələn, Anatoli Banişevski. Onun “Neftçi”, Bakı sevgisini sözlə ifadə etmək olmaz. Adam Moskvanın ən güclü klublarından gələn başgicəlləndirici təkliflərə “yox” deyərək “Neftçi”də qalmağı üstün tutub. Amma “ağ-qaralar”a sadiq qalan başqa biri də var - Yuri Kuznetsov.

***
O, əsl bakılıdı. 1930-cu ildə Zabrat qəsəbəsində doğulub. Uşaqlıq illəri müharibənin ən ağır dönəmlərinə düşüb. O dövr təbii ki, futbol yada düşmürdü. İnsanlar bir tikə quru çörək tapmaq üçün çalışırdı. Həm də SSRİ-nin hər yerində olduğu kimi, Bakıda da səfərbərlik idi. Hamı “Hər şey cəbhə üçün” şüarını həyata keçirirdi. Qalan hər şey arxa plana keçimişdi. O cümlədən də futbol. Bununla belə, bu, o anlama gəlməməlidir ki, müharibə dövrünün uşaqları futbolu tamam unutmuşdu, futbol oynamırdı. Xeyr, futbola olan sevgisi ən ağır şərtlər altında yaşayan uşaqlara bu idman növünü unutdurmurdu. O cümlədən də Zabrat uşaqlarına. Həmin vaxt qəsəbənin tozlu küçələrində, neft buruqlarının əhatəsində top qovan uşaqlar arasında Y.Kuznetsov da var idi. Məhəllədə uşaqlar onu “Yura” deyə çağırırdı. Kuznetsov uşaq yaşlarından futbola böyük maraq göstərib. Günün çox hissəsini də məhlədə futbol oynamaqla keçirərdi. Belə demək mümkünsə, Yuranın ilk müəllimi elə doğma məhəlləsi və məhəllə dostları olub.

***
Yuri Kuznetsov futbolda təsadüfi insan hesab oluna bilməz.  Çünki onun atası da futbolçu olub. Konstantin Kuznetsov Sovet hakimiyyətinin ilk illərində nəinki Azərbaycanın, ümumiyyətlə, Zaqafqaziyanın ən güclü futbolçularından hesab edilirdi. Ata Kuznetsov  həmin dövrün ən güclü komandalarından olan “Proqress”də forma geyinirdi. Məhz aparıcı futbolçu olduğundan onu Zaqafqaziya milli komandasına da çağırırdılar. Maraq üçün deyək ki, Yuranın atası futbolu qurtarandan sonra fəaliyyətini məşqçi kimi davam etdirir. Futbolçu kimi ad çıxardığı kimi, məşqçi kimi də adından söz etdirməyi bacarır. Təsadüfi deyil ki, Konstantin Kuznetsov müharibədən öncə “Neftyanik”in (indiki “Neftçi” – A.X.) baş məşqçisi vəzifəsində çalışıb. “Neftyanik” onun rəhbərliyi altında həm Bakı, həm də ölkə çempionatında yüksək yerlər tutub. Təəssüf ki, Böyük Vətən müharibəsinin başlaması onun məşqçi karyerasına da böyük zərbə vurur.

***

Y.Kuznetsovun peşəkar futbola gəlişi isə müharibədən sonrakı dövrə təsadüf edib.  Yura  1946-cı ildə texniki peşə məkltəbinə daxil olur.  Paralel olaraq futbolla da məşğul olmaqda davam edir. Onu Ehtiyat Əmək Qüvvələrinin gənclər komandasına cəlb edirlər. Müharibə də başa çatdığından ölkə üzrə bütün sahələrdə yeni inkişaf layihələri hazırlanmağa və icra edilməyə başladı. 1948-ci il Yuranın həyatında yeni dönəm idi. Bakıda texniki peşə məktəbini başa vuran Kuznetsov  Kirovabada (indiki Gəncə) yola düşür və ortadakı bədən tərbiyəsi texnikumuna qəbul olur. Bununla həm də Yurinin o dövr ölkənin güclü klublarından olan Kirovabad “Dinamo”su karyerası başlayır. Qəhrəmanımız 1948-51-ci illərdə, yəni texnikomu qurtarana qədər “Dinamo”nun şərəfini qoruyur. Texnokomu bitirdikdən sonra Yura hərbi xidmətə yollanmalı olur. Çünki əsgərlik  vaxtı çatmışdı. Kuznetsov futboldan ayrı qalmaq istəmirdi. Ona görə elə variant lazım idi ki, sevimli peşəsindən uzaq düşməsin. İlk olaraq hərbi komissarlıq onu hərbi xidmət üçün Türkmənistana göndərməyə qərar verir.  Vəziyyət qəlizləşir.  Çünki qərib ölkədə baş çıxarmaq özü çətin məsələ idi, nəinki futbol oynamaq. Özü də Türkmənistan Rusiya deyildi, Ukrayna deyildi. Lakin son anda hər şey yaxşılığa doğru dəyişir. Kuznetsovu yenidən hərbi komissarlığa çağırırlar və deyirlər ki, Türkmənistana gedəsi olmadı. Onu Bakı Dairə Zabitlər Evi komandasına götürürlər. Beləliklə o, sevimli peşəsi olan futboldan uzaq düşmür. Üstəlik, onun oyunu yavaş-yavaş futbol mütəxəssislərinin də diqqətini çəkməyə başlayır.


***
1952-ci ildə Kuznetsovun futbol həyatında əsl dönüş anı oldu. Belə ki, həmin il yeni mövsüm öncəsi “Neftyanik”lə Bakı yığması arasında yoldaşlıq görüşü keçirildi. Məhz həmin oyunda göstərdiyi oyunla Yuranı “Neftyanik”ə dəvət edirlər.  Bununla da onun peşəkar karyerası başlanır. Çoxları düşünür ki, ilk günlər onun komandaya uyğunlaşması bir qədər zaman alacaq. Lakin hər şey əksinə oldu və Kuznetsov qısa zamanda “Neftyanik”ə tam uyğunlaşdı.  Debüt ilindəcə o, hücum xəttində Ələkbər Məmmədovla layiqli duet təşkil etməyi bacarır. Yura daha çox məhsuldar ötürmələri ilə diqqət çəkirdi. O, ötürürdü, Ələkbər Məmmədov isə vururdu. Elə həmin qolların nəticəsi idi ki, Məmmədov tezliklə Moskva “Dinamo”sundan təklif aldı və İttifaqın paytaxtına yollandı. Onun gedişindən sonra Kuznetsov “Neftyanik”in əsl liderinə çevrildi. Yuranın liderliyi sayəsində bakılılar 1954-cü ildə ilk mərhələni lider kimi başa vuraraq final mərhələyə vəsiqə qazanır. Bu isə yüksək liqaya vəsiqə şansı verirdi. Bunun üçün Donetskdə keçirilən final mərhələsini lider kimi başa vurmaq lazım idi. Lakin “Neftyanik” bu mərhələdə 3-cü yeri tutmaqla Güclülər dəstəsinin bir addımlığından dönür. Buna baxmayaraq, Yura öz oyunu ilə hər kəsin diqqətini çəkir. Donetskdəki oyunlardan sonra SSRİ yığmasının ikinci məşqçisi Beskov ona yaxınlaşıb əsas komandaya dəvət edir. Bu isə o dövr Sovet futbolunda görünməmiş hadisə idi: birinci dəstədən hansısa futbolçu SSRİ yığmasına dəvət alırdı. Bu mənada Kuznetsov tarixə düşür. Yalnız 70-ci illərdə “Rubin”də oynayan Kolotov Kuznetsovun uğurunu təkrarlaya bilir. 80-ci illərdə isə Rostov OİK-dən Andreyev də I dəstədə oynaya-oynayan SSRİ yığmasına dəvət alır. Ancaq dediyimiz kimi, bu uğura ilk imza atan zabratlı balası Yura olub.

***
Y.Kuznetsov 1955-ci ildə SSRİ yığmasının heyətində Hindistana qarşı oyunda meydana çıxır. “Neftyanik”dəki kimi, millidə də debütü uğurlu alınır. O, iki oyuna üç qol vurmaqla yığmada da özünü sübut edir. Hindistandan qayıdan kimi isə Moskva “Torpedo”su onu heyətinə dəvət edir. Baş məşqçi Morozov şəxsən ona dəvət göndərir. Hətta transferin baş tutması üçün Moskva həmkarlar ittifaqının kuratoru Yeliseyev də işə qarışır. Lakin Yura bu təklifi rədd edərək doğma Bakıya qayıdır və 1955-ci il mövsümünə “Neftyanik”də başlayır. Bununla belə, Moskva klubları ondan əl çəkmək istəmir. Yekunda futboldan kənar yollara əl atılır. 1955-ci ilin avqustunda Bakıya SSRİ İdman Komitəsinin sədri Romanovun şəxsi imzası ilə dövlət teleqramı daxil olur. Həmin teleqramda qeyd olunurdu ki, “Dinamo” “Milan”la yoldaşlıq görüşü keçirəcək və həmin oyunda “Dinamo”nu gücləndirmək üçün Kuznetsov təcili Moskvaya getməlidi. Bu, qəti tələb kimi “Neftyanik”in qarşısında qoyulmuşdu. Beləliklə, Yura Moskvaya “Milan”la oyuna yollanmalı olur. Çünki Moskvanın tələbinə qarşı çıxmaq mümkün deyildi. Bu isə o demək idi ki, Kuznetsov artıq “Dinamo”nun futbolçusudur. Elə də olur və “Milan”la oyundan sonra onu Moskva klubu ilə müqavilə bağlamağa məcbur edirlər. Baxmayaraq ki, Y.Kuznetsov bunun baş tutmaması üçün çox inadkarlıq göstərir. Lakin onu inandırırlar ki, “Dinamo”da hər şey yaxşı olacaq və Yura SSRİ yığmasına da daim dəvət alacaq.  Beləliklə, 1955-ci ilin avqustundan etibarən o, “Dinamo”da oynamağa başlayır. Təbii ki, uyğunlaşma baxımından burda da heç bir problem olmur. Yura qısa zamanda öz bacarığını ortaya qoyur.




1960-cı ildə isə Yura “Dinamo”da oynayan digər həmyerlisi Ələkbər Məmmədovla birgə yenidən Bakıya qayıdır və “Neftyanik”də oynamağa başlayır.  Onun təcrübəsi paytaxt klubuna çox böyük kömək edir. Həmin dövr heyətdə olan gənc və təcrübəsiz Markarov, Hacıyev, Bruxti və Banişevski onun təcrübəsindən çox faydalanır. Yaşı çox olsa da o, gənc futbolçulardan təşkil olunmuş komandanı arxasınca apara bilir. Bu isə Kuznetsvovun əsl lider olduğunun sübutu idi.

Kuznetsov tək futbolçu kimi yox, insan kimi də ən xoş sözlərə layiq idi. 1962-ci ildə ona layiq olduğu “Əməkdar idman ustası” adı verilir. O, futbolçu karyerasını 1965-ci ildə, 35 yaşında başa vurur. Bundan sonra isə məşqçiliyə başlayır. Maraqlıdır ki, futbolçu kimi Bakıya hədsiz bağlı olan, bu klubdan ayrılmaq istəməyən Kuznetsov futbolçu karyerasını başa vurandan az sonra Moskvaya köçür. Məşqçiliyə də məhz orada başlayır. Doğma şəhərə dönüşü isə 23 il uzanır. Nəhayət, 1988-ci ildə Kuznetsov məşqçi kimi doğma komandasına qayıdır. Artıq komanda “Neftyanik” yox, “Neftçi” adlanırdı. Lakin həyatın qəribəlikləri hər yerdə olduğu kimi, futboldan da yan keçmir. Təəssüf ki, Kuznetsovun doğma komandasındakı məşqçilik karyerası çox uğursuz alınır. O, bir vaxtlar futbolçu kimi, I Dəstədən güclülər dəstəsinə çıxardığı komandanı məşqçi kimi I dəstəyə düşürür. Bəlkə də məşqçi kimi o, “Neftçi”nin tarixinə düşməyi bacarmadı. Amma futbolçu kimi etdikləri uzun müddət onun yaddaşlarda qalması üçün bəs edir.

Y.Kuznetsov bundan sonra peşəkar klublarda baş məşqçi kimi çalışmır.

O, 2016-cı ilin martın 4-də, 84 yaşında vəfat edir.

Anar XANLAROV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord