Elmar Baxşıyev: “Neftçi” - “Xəzər Lənkəran” matçı çempionatımızın şah oyunudur”

Elmar Baxşıyev: “Neftçi” - “Xəzər Lənkəran” matçı çempionatımızın şah oyunudur”
MÜSAHİBƏ 15 Fevral 2010 / 19:02 3116
-  A +

“TƏBİİ Kİ, ÜÇ XAL QAZANMAQ İSTƏYİRİK. BUNUNLA BELƏ HƏR ŞEYƏ MEYDANDA AYDINLIQ GƏLƏCƏK”

“Neftçi” klubunun yarımmüdafiəçisi Elmar Baxşıyevin Qol.Az saytına müsahibəsi

- Elmar, başlayaq Premyer Liqanın son turu çərçivəsində qarşılaşdığınız “Karvan”la səfər matçından. Yevlax klubu üzərində qələbə qazanmaq çətin olmadı ki?
- Ağır səfər oyunu oldu. Bərabər səviyyəli oyun getdi. Biraz çətin olsa da, sonunda qələbə qazanan tərəf biz olduq. Qısası, oyun bizim üçün asan keçmədi. Qış fasiləsinə qədərki “Karvan”la indiki “Karvan” arasında çox böyük fərq hiss olunur.
- Birisigün öz meydanınızda “Xəzər Lənkəran”ı qəbul edəcəksiniz. Bu mühüm matçın hazırlıqları necə keçir?
- Bilirsiniz ki, dünən “Neftçi” camiəsi üçün ağır bir gün oldu. İki əməkdaşımızı yol qəzasında itirdik.  Sizin sayt vasitəsilə bütün “Neftçi” klubunun adından vəfat edənlərin ailəsinə səbr diləyirəm. Allah rəhmət eləsin. “Xəzər Lənkəran”la matç haqqında əlavə nəsə danışmaq yersizdir. Bu matç Azərbaycan çempionatının şah oyunudur.
- Konkret oyuna proqnozun necədir?
- Mən proqnoz verməyi xoşlamıram. Amma onu bilirəm ki, maraqlı oyun olacaq. Bu komandalar arasında keçən qarşılaşmalar həmişə çempionatın özəl oyunları hesab edilib. İnşallah, bu dəfə də belə olacaq. 
- “Neftçi” üçün “Xəzər Lənkəran” qarşısında hansı nəticə uğurlu hesab olunacaq?
- Təbii ki, 3 xal qazanmaq istəyirik. Bununla belə hər şeyə meydanda aydınlıq gələcək. Rəqibimiz də çox iddialı klubdur. “Xəzər Lənkəran”a hörmətlə yanaşırıq.
- Qış fasiləsindən sonra komandaya bir neçə yeni futbolçu cəlb olunub. Necə fikirləşirsən, həmin oyunçular komandaya tam uyğunlaşa bilibmi?
- Mən “Neftçi”nin heyətinin gün keçdikcə daha da oturuşacağına inanıram. Yeni gələn uşaqlara komandaya uyğunlaşması üçün bir az zaman lazımdır. “Neftçi” gün keçdikcə daha gözəgəlimli futbol nümayiş etdirəcək.
- Komandanın yeni ildən sonrakı hər üç oyununu əvəzolunmadan keçirdin. Belə demək olarmı ki, artıq “Neftçi”nin əsas heyətində yerini tam təmin etmisən?
- Xeyr. Nəinki mən, “Neftçi”nin heç bir üzvü bunu söyləyə bilməz. Komandamızın 24 futbolçusu var. Hamısı da eyni səviyyəli oyunçulardır. Sadəcə, baş məşqçimiz Vaqif Sadıqov kimə hansı oyunda şans verirsə, biz də o şansdan maksimum istifadə etməyə çalışırıq.
- Premyer Liqanın ilk “altılığ”ı  uğrunda  7 komanda mübarizə aparır. Təbii ki, bir komanda avtomatik olaraq "altılıq"dan  kənarda qalacaq. Kimləri “altılıq”da görmək istəyirsən?
- Vallah, mənim üçün hansı klubun “altılıq”da olmasının önəmi yoxdur. Əsas olan odur ki, həmin ”altılıq”da “Neftçi” olsun. Əsas bizim komandanın uğurudur. “Simurq” və “Qəbələ” klublarının hər ikisi də güclü heyətə malikdir. Qoy, kim layiqdirsə o da “altılığ”a vəsiqə qazansın. “Altılıq”da yer alacaq hər bir komandanın çempion olmaq şansı var. Turnir cədvəlinə nəzər yetirəndə görürük ki, klublar arasındakı xal fərqi elə də böyük deyil.
- Azarkeşlərə “Xəzər Lənkəran”la oyunöncəsi nə deyə bilərsən?
- Bütün “Neftçi”sevərləri çərşəmbə günü stadiona dəvət edirəm. Komandamızı tək buraxmasınlar. Onların dəstəklərinə ehtiyacımız var.

Daha çox


Son xəbərlər