“Futbolçu göbələk deyil ki...” – Elvin Məmmədov

“Futbolçu göbələk deyil ki...” –  Elvin Məmmədov
MÜSAHİBƏ 29 Noyabr 2016 / 16:45 4974
-  A +

“Zirə”nin kapitanı Elvin Məmmədovun Qol.az saytına müsahibəsi

- Elvin, deyəsən, mətbuatdan qaçırsan.

- Bəli, özüm danışmaq istəmirəm. Nədən danışım axı? Mətbuatdan bir az uzaq dururam. Son vaxtlar oynamırdım. Milliyə də çağırılmayanda eyni suallar verilir. Ona görə də boş-boş danışmaq istəmirəm.

- “Zirə”də işlərin necə gedir? “Qarabağ”dan meydana az çıxdığın üçün ayrılmışdın, “Zirə”də istədiyin qədər oynaya bilirsən?

- Mənim elə bir yaş dövrümdür ki, daim meydanda olmalıyam. Milli komandanı da düşünürəm. Gücüm də var. Olmasa, danışmaram.  Əlbəttə, “Zirə”yə ona görə gəldim ki, milli komandaya da dəvət alım. Əslində “Qarabağ”la heç bir problemim yox idi. Qalsaydım, titullar qazan bilərdim, amma oynamağı daha çox istəyirəm. Demək olar ki, çempionat başlayanada bütün oyunlarda iştirak edirdim. Oyunum da qənaətbəxş idi. Qollarım, məhsuldar ötürmələrim oldu. Komandanın oyunu istənilən kimi olmayanda təbii ki, Elvin də arxa planda qalmalıdır. Zədədən sonra 3-4 oyun meydana çıxmadım. Dünən “İnter”lə görüşdə 90 dəqiqə oynadım.

- Yəqin “Zirə”nin 5-ci pillədə olmağı kapitan kimi səni da qane etmir.  

 - Ötən illə müqayisə edəndə əlbəttə, bizi qane etmir. Ötən mövsüm komandada yaxşı ab-hava var idi. Sona qədər ikinci pillədə olduq. Bu il hələ ki, sabit oynaya bilmirik. Tempi tuta bilmirik.

- Ancaq mövsümün yarısı arxada qalıb. Bu vaxta qədər komanda oyununu tapmalı idi.

- Bəli, artıq qış fasiləsinə az qalıb. Artıq oyunumuz düzəlməli idi. Daha stabil çıxış etməli idik. Fasilədən sonra yəqin ki, nəticələrimiz düzələr.

- Getikcə liderlərlə xal fərqiniz çoxalır.

- Düzdür, artıq “Qarabağ” və “Qəbələ” ilə aramızda 10 xallıq fərq var. Təbii ki, fərq çoxdur. Xal itirdikcə liderlərdən uzaqlaşırıq. “Qarabağ” və “Qəbələ”yə çatmaqdan danışmaq düz olmaz. Reallığı demək lazımdır. Ancaq “İnter”ə çata bilərik. Üçüncü yerə yüksəlməyə çalışırıq.

- Razısan ki, əsas problemlər hücum xətti ilə bağlıdır? Çünki 13 oyuna cəmi 11 qol vurmusunuz.

- Əgər komanda nəticə qazanmırsa, bəllidir ki, ön xəttə də problem var, arxa xəttə də. Komanda uduzursa, deməli, səhvlər var. Bizi qınayırlar ki, ötən mövsüm daha çox qol vururdunuz. Ancaq indi qolu da çox buraxırıq. Demək olar ki, rəqibin hər bir kəsərli hücumu qapımıza qolla nəticələnir. Futbol kollektiv oyundur. Kimisə günahlandırmaq düzgün olmaz. Ötən mövsüm Bonilla kimi hücumçumuz var idi. Bir çox nüanslar demək olar. Ancaq indi keçən illə müqayisədə daha yaxşı oynayırıq. Daha çox top saxlayırıq, ötürmələri artırmışıq. Amma ötən mövsüm nəticəmiz yaxşı idi. Onu da qeyd edim ki, ötən mövsümdəki heyətdən 9 futbolçu indi yoxdur. Futbolçu göbələk deyil ki, tez bişirib yeyəsən. Yeni gələnlərə vaxt lazımdır, adaptasiya olunmalıdırlar. Düzdür, yeni futbolçular artıq 4 aydır komandamızda oynayırlar, amma yaxşı komanda olmaq üçün illər lazımdır. Təbii ki, komandaya yeni qoşulanların hamısı super oyunçular deyil.

- Bəlkə, Premyer Liqada komandaların sayının azalması işinizi çətinləşdirib?

- Razıyam. Keçən il iki komanda var idi ki, biz onlara bütün oyunlarda qalib gəldik. Ancaq bu dəfə “Qarabağ” və “Qəbələ”ni çıxsaq, qalan 6 komandanın hamısı eyni gücdədir. Bu sarıdan çətinlik var. Ötən mövsüm “Xəzər Lənkəran” və “Rəvan”dana asanlıqla xallar almışdıq.

- Ötən mövsüm çempionluğa oynayan “Zirə”nin indi hədəfləri nədir?

- Bizim avrokuboklarda iştirak etmək üçün şansımız az deyil. Yəqin ki, qış fasiləsindən sonra heyətimiz bir qədər də güclənəcək. Niyə də Avroliqada çıxış etməyək?  Düzdür, rəhbərlik bizə tapşırmayıb ki, mütləq Avroliqaya vəsiqə qazanmalıyıq, amma təbii ki, onlar bunu istəyir. Özümüz də düşünürük ki, ötən mövsümü gümüş medallarla başa vurmuşuqsa, bu dəfə də Avroliqada iştirak etmək yaxşı olar. Avroliqada çıxış etmək “Zirə” üçün yeni səhifə olar.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər