Kamran Ağayev: “Bizim üçün “altılıq”dakı mübarizə “Qarabağ”la oyundan başlayır”

Kamran Ağayev: “Bizim üçün “altılıq”dakı mübarizə “Qarabağ”la oyundan başlayır”
MÜSAHİBƏ 12 Fevral 2010 / 17:49 3175
-  A +

Sabah Premyer Liqanın XX turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev Qol.Az saytına müsahibə verib.

- Sabah “Xəzər Lənkəran”ı “Qarabağ”la çətin oyun gözləyir. Bu qarşılaşmadan nə gözləyirsən?
- Hər oyundan olduğu kimi bu matçdan da qələbə gözləyirəm. Həm də təkcə “Qarabağ”la yox, hər bir komandayla oyun çətin keçir. Buna görə də mən matçları çətin və ya asan olmasıyla bağlı bölgü aparmaq istəməzdim.
- Orası elədir, hər oyun çətin keçir. Amma bir var ki, 12-ci yerdə gedən komandaya qarşı oynayasan, bir də var  ikinci yerdə olan və səninlə eyni xala malik komanda ilə...
- Hər kəsin öz subyektiv fikri var. Mən öz fikrimi dedim də. Mənim üçün hər oyun çətindir.
- Ümumiyyətlə, son turda “Simurq” üzərində komandanız mühüm qələbə qazandı. Hazırda komandada vəziyyət necədir?
- Vəziyyət yaxşıdır. Biz futbolçuyuq, işimiz də meydana çıxıb, qələbə qazanmaqdır. Öz işimizlə məşğuluq.
- “Xəzər Lənkəran” artıq ilk “altılıq”dakı yerini təmin edib. Bu amil komandaya qarşıdakı üç turda necə təsir göstərəcək?
- Düzdür, “altılığ”a düşmüşük. Amma mübarizə hələ qabaqdadır. Sabahkı oyundan etibarən də bizim üçün demək olar ki, “altılıq”dakı mübarizə başlayır.
- “Altılıq”da yerini təmin edən “İnter”, “Qarabağ” və “Xəzər Lənkəran” hazırkı durumda “qızıl xallar”a görə 8 oyundan hərəyə 13 xal toplayıblar. Bu səbəbdən “Qarabağ”la oyunu 6 xallıq görüş kimi dəyərləndirmək olar?
- Biz indi belə şeylər barədə düşünmürük. Bütün fikrimizi qarşıdakı oyunlara yönəltmişik. Meydana çıxıb, öz oyunumuzu oynayıb, qələbəmizi qazanmalıyıq, vəssəlam.
- Rəqib kimi “Qarabağ”ı necə xarakterizə edə bilərsən?
- Məni vallah başqa komandalar maraqlandırmır. Rəqiblər haqda heç düşünmürəm də. Mənə lazımdır ki, meydana çıxıb, istədiyim oyunu oynayım və qələbə qazanım. Əsas budur.
- Rəqibin heyətində çəkindiyin deməzdim, əsas təhlükə gözlədiyin hansısa oyunçu var?
- Mən yenə deyirəm, məni kimə qarşı oynamağım qətiyyən maraqlandırmır. Əsas odur ki, mən istədiyim oyunu oynayım. Mən güclü olandan sonra qələbəmi də qazanacağam.
- Rəşad Sadıqov isə “Xəzər Lənkəran”ın heyətində səni xüsusi qeyd edir.
- Sağ olsun. Mən də Rəşad, Aslan və digərlərinin adını çəkə bilərəm.
- Bayaq da dediyim kimi, artıq üç komanda “altılıq”dakı yerini təmin edib. Digər 3 yer uğrunda isə 4 komanda mübarizə aparır. Sən bu komandalardan hansıları “altılıq”da görmək istərdin?
- Mənim üçün bunun heç bir fərqi yoxdur. Məni ancaq “Xəzər Lənkəran”ın oyunu maraqlandırır. 
- Sənin üçün bəlkə də fərqi olmaya bilər. Amma elə komanda var ki, “Xəzər Lənkəran” ondan az xal alıb, digərindən isə çox. Bu halda şübhəsiz, komandaya daha çox xal aldığı rəqibin “altılığ”a düşəməsi sərfəlidir.
- Əgər biz “altılıq”da bütün oyunları uduzsaq, ilk mərhələdə kimdən neçə xal almağımızın hansısa mənası olacaq?
- Təbii ki, yox.
- Buna görə də nə vaxtsa hardasa kimisə udmuşuq deyə, rahatlaşa bilmərik. Əsas mübarizə “altılıq”da olacaq və məhz həmin oyunlarda uğurlu çıxış etmək lazımdır. Mənə ancaq lazımdır ki, ilin sonunda bilim “Xəzər Lənkəran” çempion oldu, ya yox.
- “Xəzər Lənkəran” çempionluqla yanaşı, kubokda da mübarizəni davam etdirir. Komandanın gücü hər iki cəbhədə uğur qazanmağa imkan verəcək?
- Əlbəttə. Kubokda mübarizəni davam etdirən 8 komandanın hamısı, eləcə də “altılığ”a düşəcək klubların hər biri ancaq ən yüksək pillə uğrunda mübarizə aparacaq.
- Sənin dediklərində də həqiqət var. Amma başqa cür düşünək. Dəfələrlə şahid olmuşuq ki, mövsümün sonuna yaxın çempionluq şansının qalmadığını görən komanda əsas gücü kuboka qoyur, ya da əksinə.
- Mən belə şeyi heç ağlıma da gətirə bilmirəm. Hər komandanın öz səviyyəsi var. Amma öz adımdan deyə bilərəm ki, “Xəzər Lənkəran” həm çempionatda, həm də kubokda sonadək mübarizə aparacaq.
- Milli komandanın üzvü kimi bir neçə gün öncə millidən imtina edən, sonradan fikrini dəyişən Mahir Şükürovun hərəkətinə münasibətini bilmək maraqlı olardı.
- Mən Mahiri yaxşı tanıyıram. O millidə çıxış etməmişdən öncə hərbi xidmətdə olub, vətənin keşiyində durub. Vətənin keşiyində can-başla qulluq edən oğlanın isə futbola görə ölkəsindən imtina edəcəyinə inanmıram. Bəlkə ola bilər, Mahirə qarşı nəsə olub. O da buna görə hirslənib, belə bir açıqlama verib. Adam hərdən futbolda elə şeylər görür ki...
- Nəyi nəzərdə tutursan?
- İndi bu haqda uzun-uzadı danışmaq istəmirəm. Amma mən belə hesab edirəm ki, millidən imtina etməyə kimsənin haqqı yoxdur. 1-2 nəfərə görə sən ölkənin şərəfini qorumaqdan imtina edə bilməzsən. 

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq