Zaur Ramazanov: “Vallah, AFFA-nın bu qərarı çox gülməlidir”

Zaur Ramazanov: “Vallah, AFFA-nın bu qərarı çox gülməlidir”
MÜSAHİBƏ 12 Fevral 2010 / 13:51 3348
-  A +

“Karvan”ın hücumçusu Zaur Ramazanov Qol.Az saytına müsahibə verib.

- Zaur, AFFA-nın sənin haqqında çıxardığı qərardan yəqin ki, xəbərin var?
- Hə. 2 oyunluq cəzalandırıblar.
- Qərarı nə dərəcədə düzgün sayırsan?
- Gülməli qərardı. Yalnız bunu deyə bilərəm.
- Nəyə görə qərarı gülməli hesab edirsən?
- Ona görə ki, mən heç kimi söyüb eləməmişəm, yalandan deyirlər ki, Zaur söyüş söyüb. Oyunun kaseti var. Götürüb baxa bilərsiz. Oyun qurtaran kimi hamıdan tez elə demək olar ki, mən komandamızın paltardəyişmə otağına yollandım. Mən öz otağımıza, hakimlər də öz otaqlarına getdilər. Harda söydüm onları?
- Belə başa düşdüm ki, özünü günahkar hesab etmirsən?
- Nəyə görə günahkar hesab etməliyəm ki? Söyməmişəm axı. Sonra məşqçimiz Nadir müəllim gəldi dedi ki, hakimlər sənin haqqında oyunun protokolunda nəsə yazırlar. Getdim yanlarına. İlhama (yan xətt hakimi İlham Əliyevi nəzərdə tutur – red.) deyirəm ki, mən səni söymüşəm? Cavab verdi ki, yox. Soruşdum ki, bəs, onda nə yazırsan? Heç nə demədi, susdu.
- Əgər günahsızsansa, yəqin ki, qərardan şikayət edəcəksən?
- Artıq “Karvan” qərardan şikayət edib.
- Səncə, qərarı dəyişəcəklər?
- Nə bilim? Vallah, gülməlidi. Mən heç vaxt görməmişəm ki, Avropada oyundan sonra hansısa futbolçunu cəzalandırsınlar. Belə şeylər ancaq bizdə olur. Özü də heç nədən cəzalandırmaqları adama lap pis təsir edir. Onu bağışlamaq olarmı? Gülməlidi, vallah.
- İndi nə etmək fikrindəsən?
- Heç nə, başımı aşağı salıb, məşqimi edirəm. Görək necə olur.
- Əgər qərar dəyişilməsə, “Neftçi” və “Bakı” ilə oyunlarda “Karvan”a kömək edə bilməyəcəksən.
- Hə, elədir. Bu oyunlarda meydana çıxmağı və komandama kömək etməyi çox istərdim. Amma imkan vermirlər. Görək də axırı necə olur.
- Zaur, deyirsən ki, mənim heç günahım yoxdu. Əgər günahın yoxdusa, niyə səni cəzalandırırlar?
- Hakim başqa oyunlarda mənə “qırmızı vərəqə” göstərəndə soruşurlar, niyə belə elədin, deyir ki, Zaur məni söydü. Elə hamı deyir ki, Zaur məni söydü. Amma bir soruşan yoxdu ki, harda söydü, niyə söydü?! Bəzən mətbuat da məsələni şişirdir.
- Mətbuatın məsələyə nə dəxli var?
- Hərdən görürsən ki, qızışdırırlar da. Birinin üstünə beşini qoyurlar. AFFA-dakıların əlinə fürsət düşür.
- Yaxşı, deyək ki, bu dəfə hakimi söyməmisən. Amma keçəndəfəki oyunda yan xətt hakimini vurmuşdun və sənə 10 oyunluq cəza vermişdilər. Buna sözün nədir?
- Guya mən onda yan xətt hakimi vurmuşdum? Vurmamışdım. Yalandan özünü o hala saldı, qaçdı meydanın mərkəzinə. Özünü gülünc vəziyyətə qoydu. Mənim heç onda da bir günahım yox idi.
- Yenə deyirsən ki, günahım yoxdu. Niyə məhz onda hər dəfə səni cəzalandırırlar? Niyə demirlər ki, məsəlçün Əli, Vəli və ya bir başqası söyüş söydü? Elə hər dəfə səni günahkar bilirlər.
- Vallah, bilmirəm.
- Bəlkə kiminsə “quyruğunu” tapdalamısan?
- Mənim heç kimlə işim yoxdu, başımı aşağı salıb, futbolumu oynayıram. Allah, özü hər şeyi görür.
- Lətifəsi səndən uzaq, deyirlər, adın çıxınca, canın çıxsın. Bəlkə bir dəfə söymüsən deyə, elə indi də həmişə səni cəzalandırırlar.
- Mən heç kimi söyməmişəm. Bizimkilər belədilər də. İmkan vermirlər, futbolumuzu oynayaq.
- Yaxşı, bir qədər də futboldan danışaq. Altı ay futboldan kənarda qaldın. Qayıdandan sonra artıq iki dəfə meydana çıxmısan. Özünü necə hiss edirsən? Yəqin ki, futbol üçün çox darıxmışdın?
- Əlbəttə, darıxmışdım. Amma qoyurlar ki, futbolun dadını çıxaraq. Görmürsən, qayıdan kimi yenə iki oyunluq cəzalandırdılar.
- “Qarabağ”la oyun necə keçdi?
- Yaxşı oynadıq, üstünlük bizim tərəfimizdə idi. Heyif ki, hesabı saxlaya bilmədik. Fasilədən sonra da qol vura bilərdik. Amma mən əlimə düşən imkanlardan yararlana bilmədim.
- Yəqin ki, “Qarabağ”a qol vurmağı çox istəyirdin?
- Mən hər oyunda qol vurmaq istəyirəm.
- Amma keçmiş klubun olduğuna görə yəqin bu dəfə daha istəkli olmusan?
- Yox, mənim üçün fərqi yoxdu. Bu gün “Karvan”dayam, “Qarabağ”a qol vurmalıyam. Sabah “Qarabağ”da oynasam, “Karvan”a qol vurmalıyam.
- Amma hələ ki, iki oyunda istəyinə çatmamısan.
- “Qarabağ”la oyunda mən insayd mövqeyində oynayırdım. Yəni bir qədər arxadan.
- Altı ay kənarda qalandan sonra oyununda hansı dəyişiklik hiss edirsən?
- Mən həmişə oynamağa hazıram. Yeganə dəyişiklik odur ki, qol vurmuram.
- Bəs, nə vaxt qol vuracaqsan?
- İmkan verirlər ki... İmkan versələr, tezliklə vuracağam.
- Komanda yoldaşın Xaqani Məmmədov deyir ki, “hələ qolları mən vururam, qoy, Zaur gözləsin”.
- Mənə imkan versələr, tezliklə vuracağam.
- Sabah turun mərkəzi oyununda “Xəzər Lənkəran”la “Qarabağ” qarşılaşır. Keçmiş klublarının oyununa proqnozun nədir?
- Yəqin ki, “Xəzər Lənkəran” öz meydanında “Qarabağ”a qalib gələcək.
- Nəyə görə belə düşünürsən?
- Belə fikirləşirəm ki, “Xəzər Lənkəran”ın qələbə qazanmaq şansı daha çoxdur. Belə də ki, mən indi “Karvan”da oynayıram. Mənim üçün əsas bu komandanın uğurudur.  

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı