“Xəzər Lənkəran”la səfərdə heç-heçə etmək pis nəticə deyil”

“Xəzər Lənkəran”la səfərdə heç-heçə etmək pis nəticə deyil”
MÜSAHİBƏ 11 Fevral 2010 / 15:22 2948
-  A +

Premyer Liqanın XX turu çərçivəsində şənbə günü səfərdə “Xəzər Lənkəran”ın qonağı olacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çətin oyunöncəsi Qol.Az-a müsahibə verib.

- Birisigün “Qarabağ”ı səfərdə “Xəzər Lənkəran”la çətin oyun gözləyir. Qarşıdakı matçın hazırlığı necə gedir?
- Hazırlığımız normal keçir. Elə bu gün səhər növbəti məşqimizi keçdik. Bir qədər sonra isə Lənkərana yola düşəcəyik. Qarşıdakı oyunun mahiyyətini komanda çox gözəl başa düşür. Buna görə də matça ciddi hazırlaşırıq.
- Oyunöncəsi komandada hansı problemlər var?
- Yeganə problem heyətdəki bəzi itkilərlə bağlıdır. Georgi Adamiya zədəlidir, Ayxan Abbasov isə ötən oyunda qırmızı vərəqə aldığından cəzalı duruma düşüb.
- Adamiyanın “Qarabağ”ın heyətindəki rəsmi debütü qarşıdakı matçda da baş tutmayacaq?
- Yox. Adamiyanın zədəsi davam edir. Bu səbəbdən  gürcü futbolçu qarşıdakı 1-2 oyunu da kənardan izləyəcək.
- “Karvan”a qarşı keçirilən son matçda Rəşad Sadıqova şans vermədiniz. Bu nə ilə bağlıdır?
- Rəşad xüsusi proqramla hazırlaşır. Bildiyiniz kimi, bir müddət əvvəl zədəli idi. Həmin vaxt 3 ay meydana çıxmadı. Rəşada “Karvan”la matçda istirahət verdiyimi də demək olmaz. Çünki Sadıqov həmin günü məşq keçmişdi.
- Sadıqovu “Xəzər Lənkəran”la matçda meydanda görə biləcəyik?
- Çox güman ki, Rəşad bu dəfə meydanda olacaq.
- “Xəzər Lənkəran”la matçda qazanılacaq 1 xal “Qarabağ”ı qane edəcək?
- Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. “Xəzər Lənkəran”la matç da istisna olmayacaq. Amma hər şey oyunun gedişindən asılı olacaq. Ümumi götürdükdə, “Xəzər Lənkəran” kimi güclü rəqiblə səfərdə bərabərə qalmaq heç də pis nəticə deyil.
- İlk “altılıq”da yerini təmin edən “İnter”, “Qarabağ” və “Xəzər Lənkəran”ın hər biri  8 oyundan 13 “qızıl xal”toplayıb. Bu səbəbdən “Qarabağ” səfərdə “Xəzər Lənkəran”a qalib gələcəyi halda, “qızıl xallar”a görə vahid liderə çevrilə bilər.
- Biz də “qızıl xalları”ımızı hesablayırıq. Bilirik ki, “Xəzər Lənkəran”ı udsaq, vahid lider ola bilərik. Amma bütün fikrimizi də yalnız buna yönəldə bilmərik. Çünki bu halda özümüzü “yandırarıq”. Hər oyunda qazanılan xalın dəyərini çox yaxşı anlayırıq.
- İlk “altılıq”da boş qalan digər 3 yer uğrunda 4 komanda mübarizə aparır. Sizcə digər 3 “xoşbəxt” kimlər olacaq? Hansı komandalar həlledici mərhələyə daha layiqdirlər?
- Mən hesab edirəm ki, 4 komandanın hər biri “altılığ”a layiqdir. Çünki hər biri mövsüm ərzində istəyinə çatmaq üçün amansız mübarizə aparır. Mənim üçün kimin kənarda qalacağını söyləmək çox çətindir.
- “Qarabağ”ın mənafeyi baxımından hansı komandaların “altılığ”a düşməsini istərdiniz? Mən belə hesab edirəm ki, sizin üçün “Simurq”un kənarda qalması daha yaxşı olardı. Çünki bu komanda ilə oyunlardan cəmi 1 xal götürən “Qarabağ” “Neftçi” və “Bakı”dan 4, “Qəbələ”dən iki xal alıb.
- Sözün açığı, kənarda qalacaq komandanın kimliyi bizim üçün elə də önəm daşımır. Çünki elə də ciddi fərq yoxdur. Söhbət yalnız aradakı 1-2 xallıq fərqdən gedir.
- “Qarabağ”ın baş məşqçisi və milli komandamızın sabiq hücumçusu kimi bir neçə gün öncə millidən imtina etdiyini açıqlayan, sonradan isə fikrindən daşınan Mahir Şükürovun hərəkətinə münasibətinizi bilmək maraqlı olardı.
- Mən Mahirdən belə şey gözləməzdim. Onu daim milliyə can atan futbolçu kimi tanımışam. Əgər Mahir həqiqətən də bu sözü deyibsə, böyük səhv edib. Onun niyə belə qərar qəbul etməsi mənim üçun anlaşılmazdır. Heç bir futboluçunun millidən imtina etməyə haqqı yoxdur. Milliyə dəvət alan istənilən futbolçu komandanın uğurlu çıxışı üçün əlindən gələni etməlidir. Hətta hər hansı bir oyunçunu seçmə mərhələ ərzində yalnız bir oyuna çağırsalar belə, bu heç nəyi dəyişmir. Elə bir oyunda da bütün bacarığını ortaya qoymalıdır ki,milliyə kömək olsun. 

Daha çox


Son xəbərlər