Azərbaycan millisində oynamaqdan kimlər imtina edib?

Azərbaycan millisində oynamaqdan kimlər imtina edib?
ÖLKƏ FUTBOLU 11 Fevral 2010 / 13:13 3337
-  A +

Mahir Şükürovun iki gün əvvəl milli komandada oynamaqdan imtina etməsi ilə bağlı verdiyi açıqlama hələ də müzakirə mövzusu olaraq qalmaqdadır. Şükürov sonradan sözündən dönsə də, artıq futbol mütəxəssisləri arasında futbolçunu belə bir fikrə düşməsinə görə tənqid edənlər də var. Reallıq isə budur ki, Şükürov Azərbaycan milli komandasından imtina etmək eşqinə düşən nə ilk, çox güman ki, nə də sonuncu futbolçudur.
Qol.Az saytı olaraq bu günə qədər milli komandamızdan imtina edən futbolçuların kimliyinə aydınlıq gətirməyə çalışacağıq.
İlk növbədə onu qeyd edək ki, millidən imtina etmək dəbinin əsası Azərbaycanda hələ ötən əsrin 90-cı illərinin ortasında qoyulub. Həmin vaxt Azərbaycan futbolunda maliyyə durumunun ürəkaçan səviyyədə olmaması əsasən də xaricdə legioner həyatı yaşayan futbolçularımızın millidən imtina etməsinə və ya düşərgəyə könülsüz halda gəlmələrinə səbəb olurdu. Karyeralarını ölkədən kənarda davam etdirən futbolçularımız vətənə gəlmək üçün AFFA-nın ovaxtkı rəhbərliyindən hətta yol pulu ala bilmədiklərini və bu səbəbdən də millinin düşərgəsinə gəlməkdə problemlə qarşılaşdıqlarını bildirirdilər.
Millidən imtina edən oyunçular arasında hazırda futbolçu karyerasının davam etdirən Dmitri Kramarenkonun adını çəkmək olar. Düzdür, Dima uzun illər millidə çıxış etsə də, ölkənin “1 nömrəli” komandasından imtina etdiyi vaxtlar da olub. Bu isə daha çox Dmitrinin atası, mərhum futbolçu Sergey Kramarenkonun AFFA-nın ovaxtkı prezidenti Fuad Musayevlə soyuq münasibətlərindən irəli gəlirdi. Məhz ata Kramarenko oğlunun milliyə gedən yolunun qarşısını kəsirdi.
Vəli Qasımovun da adını bu siyahıya aid etmək olar. Əvvəlcə İspaniyada, daha sonra isə Portuqaliyada legioner həyatı yaşayan Qasımov hər dəfə vətənə gəlib-getmək üçün külli miqdarda xərcə düşdüyünü və həmin pulu da sonradan AFFA-dan geri ala bilmədiyini əsas gətirərək millidən bəzən imtina edirdi. Millinin heyətinə gələndə də demək olar ki, can dərdi çıxış edirdi. Elə bu səbəbdəndir ki, istər futbol mütəxəssisləri, istərsə də azarkeşlər Qasımovun klubda sərgilədiyi oyuna heç vaxt millidə şahidlik etmədiklərini deyiblər. 
Milli komandanın daha uğurlu çıxış etməsi üçün indiki kimi əvvəllər də milliləşdirilmiş oyunçulara ehtiyac duyulurdu. Həmin millişən futboçular isə bir-iki oyunda meydana çıxıb, bir qədər nəzərə çarpdıqdan sonra daha Azərbaycan millisinin düşərgəsinə gəlməkdən boyun qaçırırdılar. Bu baxımdan Narvik Sırxayev, Deni Qaysumov və digərlərinin adını çəkmək olar.
Amma Vəli Qasımov kimi klub karyerası yüksək səviyyədə alınan digər həmyerlimiz - Nazim Süleymanov harada çıxış etməsindən asılı olmayaraq, daim canla-başla millinin uğuru üçün çalışıb. Məhz bu cəhətinə görə Süleymanov azərbaycanlı futbolsevərlərin könlünü əbədi olaraq fəth edib.
Milli komandamızdan imtina edən oyunçular arasında əslən azərbaycanlı olan, lakin ölkədən kənarda yaşayan və futbola məhz həmin ölkədə başlayan oyunçularımızın da sayı kifayət qədərdir. Gənc yaşlarında Rusiyada parlaq çıxışıyla böyük gələcək vəd edən Aleksandr Səmədovun adını çəkmək olar. Bir dəfə millinin təlim-məşq toplanışına qoşulan Səmədov elə o gedən, getdi. Rusiyanın gənclərdən ibarət millisində çıxış etməsinə baxmayaraq, əsas milliyə həsrət qalan Səmədov bəlkə də Azərbaycan millisinin şərəfini qorusaydı, karyerası daha parlaq alınardı. Aleksandr Səmədovun yolunu indi də Emin Mahmudov davam etdirir. “Saturn”un əvəzedici heyətində çıxış edən həmyerlimiz də Aleksandr kimi cəmi bir dəfə aşağı yaş qrupu üzrə millimizin düşərgəsində olub. Burada gözlədiyi diqqət və qayğını görmədiyini iddia edən Mahmudov artıq Rusiya millisinə üstünlük verib. Elə bu səbəbdəndir ki, Mahmudov hazırda Rusiyanın 19 yaşadək futbolçulardan ibarət millisinin heyətinə dəvət alır. Gənc oyunçu çox güman ki, Azərbaycan millisinə üstünlük verəcəyi halda “Saturn”dakı yerini itirəcəyindən qorxur. Amma bu da bəhanədən başqa bir şey deyil. Əgər belə olsaydı, o zaman Vəli Qasımov, Nazim Süleymanov, Dmitri Kramarenko kimi futbolçularımız uzun illər Rusiya çempionatında çıxış etməzdilər.
Hazırda "Olimpik-Şüvəlan"ın formasını geyən İlqar Qurbanov da "Fənərbaxça"nın əvəzedici heyətində çıxış edərkən gənclərdən ibarət millimizin heyətinə gəlməkdən imtina edirdi. AFFA-nın keçmiş prezidenti Fuad Musayev bugünlərdə saytımıza verdiyi müsahibədə bildirib ki, həmin vaxt İlqarda özündənrazılıq əmələ gəlmişdi və o milliyə qarşı saymamazlıq edirdi. 
Azərbaycan millisindən öz adına görə, komandamızın daha yaxşı çıxış etməsinə görə də imtina edənlər olub. Lakin həmin futbolçulara artıq nəsə demək qeyri-mümkündür. Çünki yaxşı formada olmadığını görən, milliyə lazımı səviyyədə kömək edə bilməyəcəyini anlayan hər hansı bir futbolçunun komandadan imtina etməsi mənfi deyil, əksinə müsbət haldır. Necə ki, Zaur Tağızadə, Branimir Subaşiç kimi futbolçular yaxşı formada olmadıqlarını, milliyə kömək edə bilməyəcəklərini bildirərək, kənarda qalmağa üstünlük veriblər. Bu da peşəkarlığın bir göstəricisidir.
Mahir Şükürov haqda isə uzun-uzadı yazmağa dəyməz. Bir neçə saatın içində fikrini dəyişən insana nə deyəsən? Görünür, “Anji”yə transfer olunmaqla futboldakı missiyasının başa çatdığını düşünən Şükürovun gözü ayağının altını görmür. Belə olmasaydı, “Anji”nin əsas heyətinə düşməmiş, ciddi bir uğur qazanmamış artıq “ulduz” xəstəliyinə tutulmazdı. Futbolçu indi özünü nə qədər təmizə çıxarmağa çalışsa da, fakt faktlığında qalır. Nəyə görə o sözü Vaqif Cavadov haqda yox, məhz Mahir Şükürov haqda deyirlər? Yeri gələndə Cavadov Mahirdən də böyük kluba gedib.
Təkcə Mahir yox, hər bir futbolçumuz başa düşməlidir ki, milli komandanın şərəfini qoruyarkən o təkcə özünü, klubunu deyil, 9 milyonluq xalqını təmsil edir. Millinin şərəfini qorumaq isə heç də hər insana qismət olmur. Əlinizə düşən imkanı boşa verməyin ki, sonradan peşmançılıq keçirməyəsiniz. Çünki Azərbaycanın bayrağını yüksəyə qaldırmaq heç nə ilə ölçülə bilməz!
İbrahim CƏFƏROV
[email protected]

Daha çox


Son xəbərlər