“Oyun çox bərbad idarə olundu” – Rəşad Sadiqov

“Oyun çox bərbad idarə olundu” –  Rəşad Sadiqov
MÜSAHİBƏ 4 Noyabr 2016 / 01:36 3864
-  A +

“Qəbələ”nin kapitanı Rəşad Sadiqov Avropa Liqasının qrup mərhələsinin IV turunda   "Sent-Etyen"lə keçirilən oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb.


- Matçda önə keçdiyiniz halda, hesabı sona qədər qorumağı bacarmadınız...

- Düşünürəm ki, bəxtimiz gətirmədi. İki dəfə səhv etdik, hər iki epizodda qapımızda qol gördük. Qələbə qazanmaq üçün yaxşı imkanımız var idi. Qrupda ilk xallarımızı götürməyə yaxın idik. Sadəcə, bizdə təcrübə çatmadı.

- Dördüncü qrup oyununda da məğlubiyyətdən qaça bilmədiniz.

- Qrupdan çıxmaq şansımızı itirsək də, oyunları xalsız bitirməməyə çalışacağıq. Qrupdakı rəqiblərimizin çox güclü olduğuna baxmayaraq, meydanı xalsız tərk etmək bizə də ağır gəlir.

- Hakimin qərarları sizi qane etdi?

- Hakimlər haqqında danışmağı sevməsəm də, bu oyun çox bərbad idarə olundu. İlk hissədən etibarən demək olar ki, hər epizodda əlehimizə cərimə zərbəsi təyin olundu. Ən adi hallarda oyunu saxlayırdı. Belə vəziyyətlərin birində də qapımızda qol gördük və bu da futbolçularımızın psixologiyasını pozurdu.

- Oyunu ispan hakim idarə edirdi...

- Matçdan sonra komanda yoldaşlarıma dedim ki, ispan hakim oyunu belə idarə edirsə, daha Azərbaycan çempionatında hakimlərimizə heç kim söz deməsin.

- Qapıçı Bezotosnının ilk qolda etdiyi səhvdən sonra komanda sanki ruhdan düşmüşdü...

- Futbolda belə hallar baş verə bilər. Daha öncəki epizodlarda da komandanı qoldan xilas etmişdi. İlk hissənin sonunda ona dəstək olduq. Mənim də bir epizodda səhvim olmuşdu. Avroliqada 66 matçda meydana çıxmışam. İlk dəfə idi ki, mənim səhvim nəticəsində qol buraxdıq.

- Oyundan sonra baş məşqçiniz Qriqorçuk sizə nələr dedi?

- Məğlub olsaq belə, yaxşı mübarizə apardığımızı bildirdi.

Məftun MAHİROĞLU

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord