Vaqif Sadıqov: «Mən elə məşqçiyəm ki, heç vaxt iddiası olmayan komandada işləmərəm»

Vaqif Sadıqov: «Mən elə məşqçiyəm ki, heç vaxt iddiası olmayan komandada işləmərəm»
MÜSAHİBƏ 9 Yanvar 2009 / 14:45 4984
-  A +

Azərbaycan milli komandasını sabiq baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi

- Ölkənin üzdə olan təcrübəli mütəxəsislərindən olan Vaqif Sadıqov nəyə görə hələ də işsizdir?
- Biz bu mərhələni də yaşamalıyıq. Bu mənada, hər şeyi təbii qəbul edirəm. Bir də bu vəziyyətdə olan təkcə mən deyiləm. Bizim başqa titullu məşqçilərimiz də var ki, hazırda işsizdirlər. Bir də mən elə məşqçiyəm ki, heç vaxt iddiası olmayan komandada işləmərəm.
- Özünüz də qeyd etdiniz ki, bir sira tanınmiş yerli mütəxəssislərimiz hazırda işsizdirlər. Maraqlıdır, doğurdanmı, Ağasəlim Mircavadov, Vaqif Sadıqov kimi məşqçilərə Azərbaycanda artıq ehtiyac yoxdur?
- Bu, dünyada gedən bir prosesdir və bizdən də yan keçə bilməz. Əgər bu gün əksər iddialı klublarımız əcnəbi məşqçiyə üstünlük verirlərsə və qarşılarına qoyduqları məqsədlərinə çatırlarsa, o zaman həmin klubları da günahlandirmaq doğru olmazdı. Amma bir məsələ var ki, əcnəbi məşqçi gərək ona yaradılan münasibətin qarşılığında nəticə versin. Yox, əgər onun rəhbərlik etdiyi komanda 8-12-ci yerlərdə qərarlaşacaqsa, onda həmin komandalar elə öz məşqçilərimiz ışləsə, daha yaxşı olar. Hazırda Azərbaycan futboluna güclü maliyyə axını var. Eyni zamanda dövlətin də futbola böyük diqqət və qayğısının şahidi oluruq. Təbii ki, bunun qarşılığı mütləq olmalıdır.
- Sizcə, Azərbaycanda çalışan əcnəbi mütəxəssislər bunun qarşılığını ödəyə bilirlər?
- Əgər, medallar uğrunda mübarizə aparan klublarımıza əcnəbilər rəhbərlik edirlərsə, deməli, onlar yerli mütəxəsisləri üstələyirlər. "Bakı”nın baş məşqçisi Qyoko Hacıyevski mənim yaxın dostumdur və onu yüksək səviyyəli mütəxəssis hesab edirəm. Ümumiyyətlə, mən onun tərəfdarıyam ki, Azərbaycana gələn əcnəbi məşqçilər PRO lisenziyasına sahib olsunlar. Bu, həm də futbolumuzun inkişafı üçün xeyirli olardı. O zaman yerli məşqçilərimiz də ondan nəsə öyrənə bilərlər. Yoxsa, A kateqoriyalı məşqçilərin sayı Azərbaycanın özündə 50-ə yaxındır.
- Amma burda iki məqam ortaya çıxır. Əcnəbilərin çoxluğu zamanı kimlərsə onlara baxıb öyrənə bilərlər. Amma əks effekt də ola bilər. Yəni gəlmələr yerli məşqçilərdə ruh düşkünlüyü yarada bilərlər.
- Yox, mən hesab edirəm ki, bu olmamalıdır. Çünki rəqabət yalnız inkişafa xidmət edir. Əks halda gənc nəsil yetişməyəcək. O zaman bizdən sonra kim işləyəcək? Bir də mən istəyirəm ki, klub rəhbərləri fərq qoymasınlar. Yəni əcnəbi məşqçiyə də eyni gözlə baxmaq lazımdır, yerliyə də.
- Gənc nəslin yetişməsi məsələsinə toxundunuz, amma başqa bir problem də var. Məsələn, elita klublarının böyük əksəriyyətinə əcnəbilərin rəbhbərlik etdiyini dediniz. Birinci dəstə yox səviyyəsindədir. İkinci dəstə, ümumiyyətlə, yoxdur. Belə olan halda gəlmə mütəxəsislər yerli gənclərin inkişafına mane omurlar?
- Əlbəttə olurlar. Bilirsiniz, mütləq sistemli fəaliyyət olmalıdır. Əgər bu gün elita klublarının sayını azaldırıqsa, birinci dəstədə komandaların sayı və səviyyəsi artırılmalıdır. Bundan başqa, ikinci dəstə də təşkil olunmalıdır ki, yerli gənc məşqçilərimiz özlərini göstərə bilsinlər. Futbol klublarımızın sayı çox olmalıdır. Ən yaxın tarixə nəzər salsanız görərsiniz ki İsveçrə, Portuqaliya, Slovakiya, Finlandiya yığmaları üzərində qazanılan uğurlar zamanı istər elitada, istərsə də, birinci dəstədə indikindən çox komanda mübarizə aparırdı. Bir sözlə, qeyd etdiyim nüanslar olmasa, heç nəyə nail ola bilməyəcəyik.
- Azərbaycan futbolu ilə bağli fikirlər də birmənali deyil. Böyük əksəriyyət səviyyənin qalxmadığini, əksinə, aşaği düşdüyünü fikirləşir. Siz hansı fikirdəsiniz?
- Yox, desək ki, inkişaf yoxdur düz olmaz. Bundan başqa, bayaq qeyd etdiyim kimi, futbola dövlət tərəfindən də ciddi diqqət var. Əvvəllər 1-2 klubumuz xaricdə təlim-məşq toplanışı keçə bilirdisə, hazırda Antalyaya getmək heç kim üçün problem deyil. Klublar artıq şəxsi stadionlar tikməyə başlayıblar. Bir sözlə, işə peşəkar münasibət var. Çempionatda intiriqa yaranıb. Əvvəlki kimi çempionluq uğrunda 1-2 deyil, 6-7 komanda mübarizə aparır. Bu isə çox yaxşi haldır. Məsələn, mən heç vaxt istəməzdim ki, bizdə Türkiyədəki kimi yalniz üç böyük klub arasında çempionluq mübarizəsi getsin. Diqqət yetirsəniz görərsiniz ki, “Bakı”-“Xəzər-Lənkəran”, “İnter”-“Xəzər-Lənkəran”, İnter”-“Bakı”, “Xəzər-Lənkəran”-“Neftçi” kimi oyunlar böyük intiriqa ilə keçir. Amma elə oyunlar da olur ki, orada bu intiriqa olmur.
- Gəlin etiraf edək ki, tarixdə həmişə nəticə qalır, amma biz hələlik bunu qazana bimirik. Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının açıqladıği siyahıda Azərbaycan Premyer Liqası heç ilk “100-lüy”ə də düşməyib. Halbuki Ermənistan çempionatı bu mənada bizi qabaqlayır.
- Məsələ burasındadır ki, gərək biz də elə istiqamət götürək ki, nəticə qazana bilək. Demək hardasa peşəkarlıq çatışmır. Qarşiya mütləq məqsəd qoyulmalıdır və bu məqsədə çatmaq üçün zəhmət çəkib çalışmaq lazımdır. Belə məsəl də var ki, Allah göylərdə nəticəni yox, çəkilən zəhməti qəbul edir.
- Belarus BATE-si bu gün Çempionlar Liqasınin qrup mərhələsində oynayır, öz stadionu Avropa standardlarına cavab vermədiyi üçün ev oyunlarını Minskdə qəbul edir. Üç milyon dollar büdcəsi olan “Ardimediya” da bu sevinci yaşayıb. Sizin də dediyiniz kimi, bizim klubların maddı durumu daha yaxşıdır. Elə isə nəyə görə klub səviyyəsində yüksək nəticələr qazana bilmirik?
- Bilirsiniz, pul heç də hər şeyi həll eləmir. Biz bu günlə yaşamamalıyıq. Gələcəyə hesablanmış planlarımız olmalıdır. O gün televiziyada baxıram ki, Ertoğrul Sağlam “Bursaspor”la 3 illik müqavilə imzalayır. Biz də bu yolla getməliyik. Məşqçilərə öz ideyalarını həyata keçirmək üçün vaxt verilməlidir, yoxsa, onları bu gün təyin edilib, sabah istefaya göndərilməməlidir. Baxın, “Fənərbaxça” son zamanlar uğur qazana bilmir. Halbuki Araqones Avropa çempionu titulunu daşıyır. Amma rəhbərlik ona etimad göstərməkdə davam edir.
- Azərbaycan Premyer Liqasında daha çox hansı komandanın oyunu sizə xoş gəlir?
- Çox yaxşi haldır ki, hər klubun digərindən fərqlənən öz dəsti-xətti var. Bu mənada sualınıza cavab vermək çətindir. “Bakı” güclü nizam-intizamı ilə seçilir. “İnter” düzgün sistem qurub, baş məşqçiyə inanaraq ona vaxt verdilər. Məhz bunun nəticəsidir ki, üç ildən sonra klub nəhayət, uğur qazana bildi və hazırda yenə ilk pillədə qərarlaşıb. “Xəzər-Lənkəran”nın özünəmüxsus dəsti-xətti var. “Simurq” çempionata əlavə rəng qatmağa nail oldu. “Olimpik”lə “Karvan”ı da qeyd edərdim.”Qarabağ” öz oyun üslubu ilə seçilir. Ən sevindiricisi odur ki, yerli gənclərə diqqət yetirirlər. Bu isə çox vacibdir. Bayaq BATE-nin adını çəkdiniz və elə mən də yeri gəlmişkən, bir məqamı qeyd edim. Bu komandanın “Yuventus” oyununu izləyərkən diktor belə bir söz dedi: «Bütün stadion BATE-ni həm də ona görə alqışladı ki, bu klubun heyətində 11 nəfər belaruslu meydançaya çıxmışdı». Bilirsiniz, mən həmişə bu sözü demişəm ki, biz nəhayət, vahid bir sistemə keçməliyik. Eksperimentlərlə qurtarmaq lazımdır. Nəsə dəyişikliklər edilə bilər. Amma ümumilikdə sistem, bünövrə saxlanılmalıdır. Necə ola bilər ki, bir neçə il əvvəl “Baki”nın məğlubiyyətə uğratdığı “Jilina” UEFA kubokunun qrup mərhələsinə vəsiqə qazana bilir, amma biz yox? Yaxud “Xəzər-Lənkəran”ı mübarizədən kənarlaşdıran “Lex” artıq qrup səddini də adlayıb. Bax, bu suallar ətrafında baş sındırmaq lazımdır. Uşaq futboluna xüsusi diqqət olmalıdır. Çalışmaq lazımdır ki, bütün klublara güclü sponsorlar cəlb olunsun ki, onlar da bərabər səviyyədə mübarizə apara bilsinlər. Birinci divizionun səviyyəsini mütləq qaldırmaq lazımdır. Yoxsa, elə olmamalıdır ki, bu gün elitaya gələn sabah yenidən geri yollansın.
- Çempionatımızda oynayan legionerlər içərisində öz səviyyəsinə görə kimisə fərqləndirə bilərsiniz?
- Seçilənlər var. Amma açiğını desəm, Avropa standardları ilə götürsək, o səviyyədə olanı mənə görə hələ yoxdur. Çox istərdim ki, Azərbaycan çempionatında legionerlərə limit qoyulsun. Elə Finlandiyanı 3-2 sistemi mövcud olan vaxt məğlub etmədik? Legioner gəlsin, amma səviyyələri yuxarı olsun. Əgər əcnəbi futbolçu FİFA reytinqində ilk “30-luq” da qərarlaşan ölkələrdən gəlirsə, onu legioner hesai etməyək. Məsələn, Qazaxıstanda belədir. Orada limit 3-3-dür. Amma əgər meydançaya çıxan legioner yuxarıda dediyim kateqoriyadandırsa, o zaman o əcnəbi hesab olunmur. Bir sözlə, klub eyni anda altı əcnəbinin xidmətindən istifadə edə bilər. Yeni orada limit ilk “30”luğa düşə bilməyən ölkə futbolçuları üçün nəzərdə tutulub.
- Hakimlik də Azərbaycan futbolunun ən yaralı yerlərdindəndir. Düzdür, hakim olmasanız da, futbol adamı kimi məsələyə münasibətiniz pis olmazdı.
- Açığinı desəm, derbi oyunlarda hakimlərin nəticəyə təsir edəcək ciddi səhvlərə yol verdiyinin şahidi olmadım. Problemlər təbii ki, var, bəlkə kobud səhvləri də olub. Amma mən inanıram ki, həmin səhvlər də bilərəkdən buraxılmayıb. Hakim də insandır və səhv edə bilər. Elə 2000-ci ilin Avropa çempionatını yadınıza salın. Məhşur Kollina Hollandiya ilə oyunda Çexiyanin qapısına heç nədən on bir metrlik cərimə zərbəsi təyin etdi. Həmin  penaltini bizim hakimlər təyin etsəydi, onu çoxdan asardılar. Bir də əsas olan odur ki oyuna hansı gözlə baxirsan. Əgər mənfi gözlə baxırsansa, hakim nə qədər yaxşı oyun idarə etsə də, onun idarəçiliyində mütləq səhv tapacaqsan. Bəlkə də mən yaxşı gözlə matçları izlədiyimdən səhvlərdən daha çox müsbət şeylər diqqətimi cəlb edir.

- Bir az da yığma komanda haqqında danışaq…
- Elə bayaqdan sadaladığımız problemlər birbaşa yığma komandaya da təsir edir. AFFA rəhbərliyi yığma komanda və onun baş məşqçisi üçün hər cür şərait yaradıb. Foqtsa etimad da var. Mən də bunun tərəfdarıyam. Diqqət yetirsək görərik ki, müstəqillik qazandığımız dönəmdən bu günə yalnız bir dəfə seçmə mərhələni bir məşqçi ilə başlayıb başa vurmuşuq ki, bu da İqor Ponomaryovun vaxtında olub. Həmin vaxt isə millimiz ən çox xal ehtiyatını əldə edib.
- Demək istənilən halda Foqtsun fəaliyyətini seçmə mərhələnin sonuna kimi davam etdirməsinin tərəfdarısıniz?
- Mütləq. Foqtsa vaxt verilməlidir. Düzdür, elə futbolçular var ki, yığmada oynamağa layiq olsalar da, kənarda qalıblar. Amma hər məşqçinin öz oyun tərzi var. Qarşıda bizi ağır Rusiya və Almaniya ilə ağır oyunlar gözləyir. Əlbəttə, Azərbaycan futbolunun hazırkı reallığında bu komandaları məğlub etməyimiz çətin məsələdir. Amma layiqincə müqavimət göstərmək olar. Uels, Lixtenşteyn və Finlandiyaya qarşı oynanılan futbol buna ümid verir. Yenə də əsas olan odur ki, biz də yığma üçün üzərimizə düşəni etməliyik. İlk növbədə uşaq futboluna ciddi fikir verməliyik. Azərbaycanda futbolun kütləviliyi mütləq təmin olunmalıdır. Məsələn, bu gün Sumqayıt kimi şəhər futbolsuz qalmamalıdır.Yığma komandamızın uğur qazanması birbaşa bu problemlərin həllindən də asılıdır.
- Sonda bir sualımız da olacaq. Bilirik ki, futbol adamının yeganə gəlir mənbəyi futboldandır. İşsiz qalmağınız maddi durumunuza nə dərəcədə təsir edir?
- İstər-istəməz təsir edir. Əgər desəm ki etmir, səmimi olmaram. Özü də hazırkı maliyyə böhranı zamanında. Amma neyləmək olar. Lakin nikbin optimist insanam və hər şeyin yaxşı olacağına inanıram.
Anar XANLAROV

Daha çox


Son xəbərlər